16.06.2012

"Necə gəldi?" çox suallarına cavabdır...

Laçın Məmişov


Neçə il idi sənə aşiqəm, amma sənin bundan xəbərin yox idi. Ümumi dostlarımız, tanışlarımız olmasına baxmayaraq, uyğun bir məqam, bir vaxt düşmürdü ki, sənə sirrimi aşkar edim. Sənə heyranlığım elə məxməri oldu ki, hərdən nəsə bir çatışmamazlıq hiss edirdim. Darıxırdım, sıxılırdım, sonradan dərk etdim ki, bu çatışmamazlıq sənsən. Səni sənin xəbərin olmadan izləmişəm. Səni görməkdən ötrü saatlarla gözlədiyim günlərim çox olub.
Amma sən bunların heç birini bilməmisən. Dostlarımızla sənin haqqında söz açılsın deyə hər dəfə istiqaməti hiss etdirmədən sənə tərəf yönəldməyə çalışanda ya bir zəng, ya da bizim məclisə yeni gələn başqa bir dostumuz həmişə bu imkandan məni məhrum edib. Amma birbaşa səndən də söz salmaq istəməmişəm. Çünki istəməmişəm ki onlarda sual doğursun...nə yaxşı səninlə maraqlanıram.
Bir ilin tamamında sənə bağlandığımı hiss etdim, ikinci il isə səni çox istədiyimin fərqindəydim. Amma bütün hər şeyi zamanın axarına buraxım...əgər qismətdirsə olacaq deyib özümü sakitləşdirirdim. Bu hisslərimi heç də səngidmirdi. Əksinə bir az da çox sevirdim...zaman zaman bu hisslər fanatizmə çevirilməyə başladı...Günlər, aylar keçdi, bir gün səni bir tədbirdən çıxanda gördüm yaxınlaşım deyə özümü cəmləyirdim. Amma baxdım ki, tək deyilsən, yanında rəfiqələrin var. Eybi yox minə dözən min birə də dözər deyib. Ordan dostlarla məclisə getdim. Hamı deyir, gülür, amma fikrim xəyalım sənin yanında idi. Badələrə doldurulub sağlıqlar deyilirdi. Növbəti sağlıqı mənim deməyimi istəyirdilər. Amma mənim fikrim sənin yanında idi. Qədəhi götürüb qısa bir şey dedim...Allah məni ona qovuşdursun, meydən uzaq etsin, ibadətə onunla başlayım...Hamı bunu fəlsəfi bir söz kimi qəbul etdi, çünki həmişşə fəlsəfi fikirlər söyləmişəm. Amma bu dəfə dediyim sözün fəlsəfəsi sən idin. Bunu tək özüm bilirdim...Qatı dindarlar adətən şairlərin, şer və qəzəlin bəzən əleyhinə danışırlar. Amma mən bunun tam əksini düşünürəm. Sənə olan hisslərim zamanla şerə, sonra isə qəzələ çevirilməyə başladı. Və bu hisslərin ən zirvəsi ilahi bir eşqlə tamamlanırdı. Çünki sənin cəmalına vurulanda səni belə gözəl xəlq edənə aşiq oldum. Sənin səsini eşidəndə səsindən hiss etdiyim nisgildən yaradana olan həsrəti duydum...Bu minvalla hər gecə, sənin xəyalın, ilham pərim, həsrətim, ahu zarım nəzmə çevirilirdi. Elə yazılarım var ki, onları tək özüm oxudum, tək sənin üçün yazdım. Amma sənə oxuya bilmədim. Çünki sənin bütün bu baş verənlərdən xəbərin yox idi...Eşq səninlə başlayan və ilahi zirvəyə doğru sənin nəfəsindən ucalan bir eşq. O eşq ki, istəklərimi arzularımı ağlıma gəlməyən bir zaman və məkanda qarşıma çıxartdı. Səninlə rastlaşdım, gizlin olan sirrimi sənə aşkar etdim. Sən mənə elə bir syurprizlər etdin ki, hər dəqiqə sənə sual verdim...bu yuxudur ya həqiqət ? Əgər yuxudursa sillə vur üzümə oyanım, çünki bu yuxu bir az da davam etsə oyanandan sonra ölə bilərəm. Amma sən yox bu yuxu deyil, reallıqdır dedin. Səninlə saatlarla keçirdiyimiz vaxtda səndən izin alıb kənara çıxıb saatın təqviminə baxırdım. Öz nömrəmdən özümə zəng edirdim ki, sonra telefonda zəngin vaxtına baxıb bilim bu yuxu idi ya doğurdan da həqiqət idi. Sən mənə gəl deyəndə görüşünə uçdum, yol boyunca düşünürdüm. İlahi şükr kərəminə, sənə ümid idim, sən məni əgər qismətdirsə ona qovuşduracaqsan. Sən də qovuşdurdun, demək onun simasında onu belə mələk simalı yaradana olan sevgimə qovuşmaq zamanıma bir şey qalmayıb. Görüşdük, qovuşduq, səninlə əhdi peyman kəsdik. Sən, sən, sən yenə də sən...bütün sullarım da sən, sözümün əvvəli də sonu da sən oldun...Səninlə növbəti dəfə görüşüb bir yerdə şam edib fikirlərimi, əhdimi sənə açıqlamaq istəyirdim. Əhdim sənin gözəlliyin ilə, sənin simanla mənə gələn ilham və o ilhamdan doğan ilahi bir eşqə qovuşmaq istəyirdim. Səninlə məscidə getmək, səninlə dəstəmaz almaq, səninlə birlikdə ibadətə başlamaq. Bütün dünyanın dərdi qəmindən uzaq olub səninlə ilahi eşqin gözəlliklərini birlikdə yaşamaq. Səninlə bütün vacib şərtləri yerinə yetirmək....
Bir kəlmə ol sözündən bizi yoxdan var edən tanrım səni illərcə izləyib sevməyimə, onun mərhəmətinə güvənərək ancaq ondan səni istəyib heç bir bəndədən sənə qovuşmaq üçün köməy, imdad istəmədiyimə görə səni mənə qovuşdurdu...
Şeytanın vəsvəsəsi səni azdırdı, sən məni incidib, əzab verib, min bir sitəm edib yuxusuz gecələr yaşatdın. Bu gün bir əlimdə siqaret, o birində badə, sənin şeytana aldanıb, mənə verdiyin əzabı şeytanın məkri ilə şərabla unutmağa çalışıram.Amma səni və məni məkrə aparan şeytan bununla da rahatlaşmır əzabı bir az da şiddətlənrir. İçdikcə başım dumanlanır, beynimdən min cür dəli fikirlər keçir. Amma hələ ki, şeytan lənətləyib sənin də şeytandan uzaq olmanı yaradandan diləyirəm. Çünki bizim nicat yolumuz ilahi eşqin yolunu bir addımlamaqdadır. O olmadan sən də mən də məhvə doğru gedəsiyik. Bizim qarşımızda iki yol var bir yolu birlikdə gedib Kəbəyə çıxmalıyıq, o biri yol isə bizi uçruma yuvarlayıb şeytanın qulu edib əhli cəhənnəm etməsidir. Şeytan bunun üçün gecə və gündüz çalışır. Amma sənə bizi yoxdan var edən və ilahi eşqi bizə bəxş edənə and verirəm, şeytanı lənətlə. Rəbbimdən kömək dilə qoy o bizi imanlılardan, təqvalılardan etsin. Ərəfat dağının ətəyində səninlə görüşmək ümidi ilə...
P.S Şaha boyun əymədim, saraydan imtina etdim, təkcə Allahın dərgahında baş eydim səcdəyə getdim. İlahi eşqə yolum sənin cəmalından başladı... "Necə gəldi ?" çox suallarına cavabdır...


Dünya mədəniyyətinin incisi Şamaxı şəhəri 07.01.2012


Necə gəldi ? 


Gəl canlar alan, canımı al, can dilə gəldi
Sənsiz keçən hər anım inan ki, ilə gəldi


Sənsizliyin ilə məni çox imtahan etdin
Sənlə vüsala yetməyimə an belə gəldi


Hər gün dilədim lütfi xudadan ki, qovuşdur.
Meydən uzaq oldum, mənə iman necə gəldi ?


Oldunsa Züleyxa elə əyyama sualın
Yusif bizə mehmandı, dərindən necə gəldi ?


Əl çatmaza döndünsə olub həzrəti Məryəm
Gəl söylə bilim Həzrəti İsa necə gəldi ?


Leylasan əgər bax mənə fikr eylə dərindən
Qeysin qəmi səhryaya sərindən necə gəldi ?


Nəql et necə əhdin məni qurban eləməkdi
Minaya səmadan qurtaran can necə gəldi ?


Cavıdan ölürkən nə dedi son nəfəsində,
Millət önünə Babəki Xürrəm necə gəldi ?


Həsrətdən axan qanla Laçın nəzmini yazdı
Həsr etdi gecə yarısına, təb necə gəldi

Комментариев нет:

Отправить комментарий