16.06.2012

Mühəndisliyə mövcudluq vasitəsi kimi baxan yazıçı

Haqqında söhbət açacağım yazıçı- publisist Aliq Nağıoğlu uzun illərdir bədii yaradıcılıqla məşğul olur. Onu gənclik illərindən tanıyıram, həmişə sadəliyi, səmimiliyi, istedadı və həddən ziyadə çalışqanlığı ilə öz yaşıdlarından seçilirdi. Orta məktəb illərində ədəbiyyata marağı üstün olsa da, tale onu texniki sahəyə apardı. Burada da Aliq sayılıb- seçilən istehsalatçı oldu, uzun müddət ölkəmizin ən müxtəlif sənaye müəssisələrində aparıcı vəzifələrdə çalışdı. Amma hər zaman içində ədəbiyyat adlı müqəddəs yolun yolçusu olmaq yanğısı ilə yaşadı. Elə bu səbəbdən zaman- zaman rahat işini, vəzifəsini yaxşı yazmaq naminə qurban verdi. Son dövrlər isə daha məhsuldar işləmişdir, belə ki, bir- birindən maraqlı hekayələri ilə mətbuatda çıxış edən yazıçının qələmində insanların zəngin daxili aləmi çözələnir. 

Bu dəfə Aliq Nağıoğlu “ Mütərcim “ nəşriyyatı tərəfindən sentyabr 2010- cu ildə nəşr olunmuş  “ Görüş” kitabı ilə oxucuların görüşünə gəlib. Kitab müəllifin ön söz əvəzi yazdığı yazıyla açılır. İki bölümdən- “ hekayələr ” və “ şeirlər” - ibarət kitabda yazıçının yaradıcılığının ilkin dövrü və son dövrlərdə qələmə aldığı ədəbi nümunələr daxil edilmişdir. Burada toplanmış hekayələrin ədəbi- bədii məziyyətlərinə nəzər salanda, fikrimcə, çox uğurlu sənət nümunələri olduğu şübhə doğurmur. Bu, hekayələrin demək olar ki, hamısı müxtəlif illərdə ədəbi jurnal və qəzet səhifələrində işıq üzü görmüşdür. Əslində Aliq Nağıoğlu da hər bir istedadlı yazarın keçdiyi çətinliklərdən keçmişdir, onun ədəbiyyata gəlişi geçiksə də, bu illəri yazmaqdan, mütaliədən ayrılmamışdır. Doğrudan da, ancaq əsl istedad gec də olsa, maneələri dəf etmək, öz varlığını sübut etmək qabiliyyətindədir.       
Aliq Nağıoğlu hekayələrinin əsas materialı, mayası tənhalıqdır. Əslində elə bir adam tapmaq çətindir ki, özünü bu və ya digər dərəcədə tənha hiss etməsin, mənə elə gəlir ki, onun qələmə aldığı tənhalıq anlayışı da elə bu anlamdadır. Aliq nədən yazırsa yazsın, həmişə səmimiliyində qalmağa çalışır. Onun hekayələrində keçdiyi həyat tarixçəsi müəyyən qədər öz əksini tapıb desəm, yanılmaram. Bu, müəyyən mənada, “ yazıçı həmişə öz şəxsi təcrübəsinə əsaslanır” fikrini təsdiqləyir. Heç şübhəsiz, əsər üçün materialın bir hissəsini yazar öz təcrübəsindən alır, amma təxəyyüldən gələn hissə də var, mədəniyyətə, mütaliəyə söykənən elementlər də.
Kitabda toplanmış hekayələrdə insanın çətinliyə duruş gətirməsi, keçdiyi ömür yolunun məşəqqəti real həyat həqiqətləri fonunda qələmə alınmışdır. Müxtəlif illərdə yazılmış hekayələr sanki günümüzün gerçəkliyindən doğur, bu mənada Aliq nəsrinin zaman baxımından itirdiyi bir şey yoxdur. Onun yaratdığı əsərlərin özülündə ən sadə obrazlar durur. “ Görüş” hekayəsində əyalət şəhərinə zavoda təyinatla göndərilmiş bir mühəndisin kənddən onu yoluxmağa gələn atası ilə görüşündən bəhs olunur. İlk baxışdan sadə süjet xətti olan bu hekayədə Aliq Nağıoğlu ata- oğul münasibətlərini incə ştrixlərlə ifadə etməyə nail olmuşdur. “İki gündən sonra İqışın ad günüdür. Anası ona hər şey alıb. Kənddə olanda aldığın limonu, portağalları da saxlayıb. Orası pisdir ki, nə Xıdır olacaq, nə də sən”. Sadə kənd adamının gün- güzəranını, qayğılarını özünəxas boyalarla verməyə cəhd edən  yazıçı hələ ilk əsərlərindən xarakter yaratmaq bacarığını nümayiş etdirmişdir.
Digər bir hekayəsi “ Günah”da  kənddə boya- başa çataraq ali təhsil almış digər bir mühəndisin vəzifə, ad- san aldıqca öz yaxınlarından uzaqlaşması, bir növ biganələşməsi çox ustalıqla təsvir edilmişdir. Həcmcə xırda bir hekayədə obraz yaratmaq, onun daxili aləminə baş vurmaq əslində nəsrimizə istedadlı yazarın gəlməsindən xəbər verirdi. Burada da Aliq Nağıoğlu nəsrinin dili çox uğurludur, şübhəsiz, bu əsər onun ən uğurlu hekayələrindən hesab olunmalıdır.
Aliq Nağıoğlunun istehsalat həyatından bəhs edən çox sayda hekayələri vardır və onlardan “ Gecikən”, “ Cavabsız məktublar” , “ Heç...” bu qəbildəndir; bu da təbiidir, çünki otuz il istehsalat həyatı keçmiş, ən müxtəlif sahələrdə özünü göstərə bilmiş ixtisasca mühəndis olan yazarın özünə yaxın bildiyi, yaxşı tanıdığı mövzuya müraciəti adi qarşılanmalıdır. Mənim bildiyimə görə onun istehsalat həyatından bəhs edən iri həcmli əsərləri də artıq hazırdır və çox yaxın vaxtlarda bu yazıları da oxucuların ixtiyarına verəcəkdir.
Aliq Nağıoğlunun psixoloji nəsrin nümunələri olan hekayələri - “ Məni asma körpüdən ötürərsən ha...”, “ Qəbir əzabı”, “ Lalın ölümü”, “ Quduz səslər”, “ Dumu kişi”, “ Cöngə” sadə adamların yaşantıları, qazandıqları- itirdikləri fonunda gözəl təhkiyə dili ilə diqqəti çəkir. Didilmiş, tapdanmış, artıq arxada qalmış ömrün tünd qara boyalarla ustalıqla verilməsi Aliq nəsrinin geniş imkanlarından xəbər verir.   
“Üçüncü səbəb”, “ İy” hekayələrində də Aliq maraqlı mövzulara toxunmuşdur. Belə ki, “ İy” də adi bir kəndin yaralarından, onun insanlarının daha yaxşı yaşamaq, həm də xeyir- şərdən uzaq olmaq yükündən qaçaraq öz hazır ev- eşiklərini atıb tərk etmələrindən, bunun nəticəsi kimi boşalmış evləri siçovulların basmasından danışılır. “Üçüncü səbəb”də artıq bir növ həmin mövzu başqa rakursdan, yəni rusların ikinci müstəqilliyimizi qazanandan sonra, uzun illər ömür sürdükləri yerlərimizi tərk etmələrindən bəhs olunur, məlun ermənilərin murdar əməllərindən bədii lövhələr təsvir edilir. Hər iki hekayədə adi həyat həqiqətlərinə iki fərqli yanaşmanın uğurlu ifadəsi öz əksini tapmışdır; burada o, xatirələrdən, şəxsi təcrübədən hekayə yazmaq üçün ustalıqla bəhrələnə bilmişdir.
Aliq Nağıoğlu nəsrinin xarakterik məziyyəti kitabda verilmiş hekayələrin bir- biri ilə yaxın süjet bağlılığının olmasıdır ki, bu isə daha çox onun yaxşı tanıdığı, şahidi olduğu hadisələri qələmə almaq bacarığından irəli gəlir. Əslində yazıçı hekayəsinin qəhrəmanının taleyini sonrakı əsərlərində izləməkdə davam edir, onların başına gələnlərə birbaşa yaxud dolayısı ilə qayıtmaqda israrlıdır. Bu mövzu ədəbiyyatda geniş işlənmiş ideya olsa da, Aliq burada da özünəməxsusluğu ilə seçilə bilir.  
Diqqətçəkən cəhət odur ki, hər bir hekayəsində artıq dərəcədə realist yazıçı kimi çıxış edir: bu zaman ətrafında baş verən qeyri- adi hadisələrdən söz açmağa üstünlük verir ki, reallıq təhrif olunmasın. Düşünürəm ki, reallığı açıq şəkildə qəbul etmək lazımdır, ancaq belə olan halda ədəbiyyata yeni nəsə bəxş etmək olar.
Aliq Nağıoğlu şəxsi təcrübə və mütaliədən gələn təcrübəyə əsaslanıb yazır. Əlbəttə ən qəlizi bu materiallardan ədəbiyyat yaratmaq, onu obrazlaşdırılmış reallığa çevirməkdir. Bunu bacardığını yazar kitabında sübut edir. Eyni zamanda vacib cəhəti də qeyd edim ki, onun hər hekayəsi konkret bir gerçəkliyə əsaslanır. Əslində yazıçı cəmiyyət həyatındakı olaylarla, keşməkeşlərlə qidalanmaqda haqlıdır.
Kitabda toplanan şeirlər səmimiyyəti ilə seçilsə də, əsasən müxtəlif illərdə baş verən olayların ovqatından yaranmışdır. Ancaq o, şeirlərində də yenə öz qəhrəmanını həyatın gerçək çətinliklərinə sinə gərməyə, ən ağır anlarda nikbin olmağa çağırır:

Yayın istisinə dözməyə nə var
         Qəlbin boşluğuna döz yavaş- yavaş.
O sönən ocağa ümid yenə var-
     Olsun ki, alışar köz yavaş- yavaş.
         
Bir qədər də dil və ifadə vasitələrinin seçilməsi haqda danışaq.
Çətin də olsa Aliq hekayələrində lazımi ahəngi və oxucunu inandıra biləcək ifadə üsulunu tapa bilib. Zənnimcə, onun yazı texnikası, üslub və məzmun baxımından olduqca fərqli yaradıcılıq manerası var. Bişmiş təhkiyə, xarakter yaratmaq, obrazın daxili aləminə nüfuz etmək bacarığı Aliq Nağıoğlu nəsrinin əsas xüsusiyyətləridir.     
Kiçik bir məqalədə yazıçının yaradıcılığını tam əhatə etmək, ona hərtərəfli təhlil vermək çətindir. Əlbəttə, onun nəsr əsərləri müəyyən qüsurlardan, çatışmazlıqlardan da xali deyildir. Amma ümid verən, sevindirici cəhət odur ki, Aliq Nağıoğlu düzgün ədəbi yoldadır və inanıram ki, bu uğurlu yolun davamı hələ çox olacaqdır.
...O, mühəndisliyə ikinci dərəcəli məşğuliyyət, mövcudluq vasitəsi kimi baxırdı. Əslində o, yazıçı olmaq arzusundaydı, amma bunun üçün mütləq nəyinsə hesabına yaşamalı idi.
Bu gün də Aliq Nağıoğlu gün ərzində 8- 10 saat bədii yaradıcılıqla məşğul olur, itirilmiş vaxtı bərpa etmək üçün həsədaparıcı inadkarlıq və dözümlə, səbrlə yazı işini davam etdirir. Onda müşahidə etdiyim əsas xüsusiyyət ciddi iş vərdişi: dəmir intizam, yorulmaz əmək sevərlikdir ki, bu şərtlər, əlbəttə, istedadı olan yazıçı üçün çox vacib amillərdir.
Qələm dostumuza bu əzablı və çətin işində yeni- yeni yaradıcılıq uğurları arzulayıram.
       
Əlihüseyn Şükürov,                                                                                                     
“Qızıl qələm” media mükafatı laureatı,
Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının üzvü

Комментариев нет:

Отправить комментарий