Tanrım, Liviyadan muğayat ol!
Əlvida
Quşlarına göy, göylərinə quş
olduğum ölkəm,
Əlvida!
Əlimdən gəlsəydi, quraqlıqdan
əzab çəkən
göylərinə qar yağardım.
Axtarıb tapardım yoxa çıxan
Allahını.
Bütün ömrümü çaylarının
sahilində ağlardım ki,
Suların bol, dəryaların dərin
olsun.
Nəhəng bir ağac kimi ucalardım
başın üstə
Səhraların sərin olsun.
Mən isə... mən isə vur-tut tənha
hökmdar oldum;
Vəhşi xalqın vəhşi hökmdarı.
Əlvida, Liviya!
Uşaqlığımı sən mənə bağışlamışdın,
qocalığımı mən sənə bağışlayıram!
Çürüməyi sümüklərindən.
Qadınlarından atıb getməyi,
Kişilərindən bir də geri dönməməyi
öyrəndim.
Atamdan vaxtsız ölməyi,
anamdan dözməyi,
Yəni ölməməyi öyrəndim.
Sənin olmadığın yerlər mənim üçün
vətən deyil, Liviya!
Budur, quzğunların gözlərimi
deşməyə hazır.
Ilanların sürünür bədənimdə
Qarışqaların yuvalarına sürüyür
məni,
Milçəklərin eşir yaralarımı!
Məni sən ələ verdin, Liviya!
Ax, zalım vətən!
Halına acımadan sevməmək
olmur səni!
Əlvida!
Adəmdə sevən, Həvvada günaha
batan Tanrım!
Peyğəmbərdə öyrədən, müdrikdə
düşünən,
Şairdə əzab çəkən Tanrım!
Məcnunda divanə olan, Leylada
darıxan Tanrım,
Qılıncda kəsən, boğazda qan
axan Tanrım!
Liviyanı sənə tapşırıram,
Yurdumdan muğayat ol!
Əlvida, Liviya!
MÜƏMMAR QƏDDAFİ. Əslən Qəddaf
tayfalarından olan Müəmmar əl-Qəddafi 1942-ci il iyunun 7-də Liviyanın
Sirt şəhərinin Kəsr Əbu Hadi rayonunda anadan olmuşdur. Atası Məhəmməd
əbu Mənyar, anası Ayşə bin Niran sayına görə Liviyada ikinci tayfa olan
Maqarx tayfasının himayəsində yaşayıblar.
1965-ci ildə hərbi məktəbi
bitirmişdir.1966-cı ildə Böyük Britaniyada hazırlıq keçmiş və hərbi
təlimlərdə iştirak etmişdir.
Benqazi Universitetinin
tarix fakültəsini bitirmişdir.
«Azad zabitlər» təşkilatının
təşəbbüsçülərindən biri olmuşdur.
1969-cu il sentyabrın 1-də
Liviyada xalq inqilabının lideri kimi hakimiyyətə gəlmiş, monarxiya
rejiminin rəsmən devrildiyini və Liviya Ərəb Respublikasının yaradıldığını
elan etmişdir. 1969-1977-ci illərdə İnqilabi Komandanlıq Şurasının
sədri olmuşdur.
1970-ci ildən (1970-1972)
həmçinin baş nazir, Milli Müdafiə Şurasının sədri, Liviya Ərəb Respublikasının
silahlı qüvvələrinin baş komandanı olmuşdur.
1972-ci ildən hakim partiyanın
- Ərəb Sosialist İttifaqının sədri,
1977-ci ildən isə Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyətinin ali hakimiyyət
orqanı olan Ümumxalq Konqresinin baş katibi olmuşdur.
2011-ci il 20 oktyabrda
NATO-nun koalisiya qüvvələrinin hərbi müdaxiləsi və vətəndaş müharibəsi
nəticəsində üsyançılar tərəfindən güllələnmişdir.
2 dəfə evli olmuşdur: Birinci
dəfə Fəthiyyə Nuri Xalidlə evlənmiş, ondan Məhəmməd adlı bir oğlu olmuşdur.
İkinci arvadı olan Səfiyyə
Farkaşdan 6 oğlu – Seyf əl-İslam, Səədi, Mötəsim Billah, Hannibal , Seyf əl-Ərəb və Aişə adlı bir
qızı dünyaya gəlmişdir.
1986-cı ildə uşaq evindən
Xana adlı bir qızı qızlığa götürmüşdür.
Ölümündən sonra vəsiyyətnaməsi
və içərisində bir neçə şeir olan dəftər tapılıb. Bu gün həmin şeirlər
dünyanın internet səhifələrində maraqla oxunan şeirlərdəndir.
Həmin şeirlərdən birini
oxucularımız üçün dərc etdik və ədalət naminə qeyd etmək lazımdır ki,
şeir çox təsirlidir. Şeirin ruhuna Vətənə sədaqət və məhəbbət hissi
hakim kəsilib. Müəllif son nəfəsində öz doğma Vətənini tanrıya tapşırmağı
da unutmur və «Yurdumdan muğayat ol, Tanrım» deyərək Liviya ilə vidalaşır!..
çok güzel. teşekkürler..
ОтветитьУдалить