16.06.2012

“Xoş” xatirələrdən

Ramiz Talıbov


İnsanlar haqda ehtiyatla danışmağa üstünlük versəm də,onlarla bağlı əminliklə deyə biləcəyim bəzi sözlər də var.Məsələn,əminliklə deyə bilərəm ki,insanlar nəyi də unutsalar,mütləq yaddaşlarının bir küncündə məktəb xatirələri üçün yer ayırırlar.Yeri gəldikcə,beynin xatirə dəftərini vərəqləyib,məktəb illərinin unudulmaz hadisələrini həkk etdikləri o səhifələri tapmağa ehtiyac duyurlar.Xatırladıqca,bir az kövrəlir,bir az gülür,bir xeyli də o günlər üçün burunlarının ucu göynəyir.
Etiraf edim ki,o günlər yadıma düşəndə ha istəyirən başqaları kimi mənim də burnumun ucu göynəsin,ya bir az kövrəlim alınmır ki,alınmır.Həmin an o sifətin sahibi gəlib düz gözümün qabağında durur, gülmək istəsəm də onun xəyalı buna imkan vermir.
Məktəb xatirələrimdən nələri unutsam da,o müəlliməni çətin ki,unudam.Alış-verişi sevən bu insanın yarımillik qiymətlər yazılan zaman şagirdlərlə apardığı “qiymət alış-verişi” hələ də yaxşı yadımdadı. “5” satmaq üçün şagirdlərdən nə tələb etdiyi, “4”-ün qarşılığında nə qədər istədiyi,vəziyyəti gərgin olan 2-lik uşaqlara “3”-ü neçəyə satdığı indiyə kimi xatirimdədir.Bu mübadilə siyahısında olanları axıracan yazıb sizi yormaq istəmirəm.Halbuki,hamısı çox gözəl yadımdadır. “5”-in qarşılığında sinif yoldaşımdan istədiyi ətirin adı belə yaxşı yadımdadır.Amma kasıb uşaqlarına qarşı insaflıydı, 20 manatdan o tərəfə keçməzdi.
Bütün bunlara rəğmən,hər dəfə o insana baxanda gözlərim işıldayardı.Yəqin ki,buna görə məni qınamarsız,amma toydakı qadınlarda belə görmədiyim bu qədər qır-qızıl gözlərimi qamaşdırmaya bilməzdi.Digər sinif yoldaşlarımın da bu barədə danışdıqlarını eşidəndə əmin olurdum ki,ona baxıb bu prosesi yaşayan təkcə mən deyiləm.Zalım qızı evdə nə ləl-cəvahiratı varıydısa,taxardı.Toyluq paltarlarından da birini əyninə keçirib dərsə gələrdi.Dərsimiz də ki,tam olaraq Azərbaycan təhsil standartlarına uyğun şəkildə keçərdi.Dərsin bir hissəsi serialların,kinoların maraqlı epizodlarının nəqlinə və müzakirəsinə həsr olunardı.Qalan vaxtı da boş söhbətlərə,müəllimin(düzü,müəllim deməyə heç dilim gəlmir) başqa bir müəllimlə “faydalı dialoquna”(bu dialoq əksər vaxt qeybət olurdu) qulaq asmaqla keçərdi.Bəzən vaxt qalanda dərs də danışardıq.Təzə-təzə dərs danışanda güman edirdik ki,onun az da olsa, kitabdakılardan xəbəri var.Vaxt geçdikcə bu gümanımızda yanıldığımızı anladıq.Zatən nəsə bilməyinə və öyrətməyinə ehtiyac da yox idi.Bu,ona sərf eləyirdi.Çünki belə dərs keçmə metoduyla yarımil boyu küt kimi saxladığı şagirdlərə asanlıqla qiymət sata bilirdi.
Hərhalda,ürəyinizdə dövləti günahkar sayırsız və deyirsiz ki,əgər dövlət müəllimə düz-əməlli maaş versəydi,o da rüşvətə əl atmazdı.Xeyr,belə deyil.Birincisi,həmin müəllimin keçdiyi dərs əvəzində ona verilən 150 manat dəfələrlə artıq idi.Azərbaycan məktəblərində heç 10 manata belə layiq olmayan bu cür müəllimlərimiz kifayət qədər çoxdur.İkincisi də yuxarıda qeyd etdiyim kimi bu insanın bər-bəzəkli geyimi,taxdığı zinət əşyaları heç də onun maddi çatışmazlıqdan əziyyət çəkdiyini demirdi.Bunları indiki ağlımla təhlil edəndə gəldiyim qənaət belə olur: bu cür insanlarda maddiyyat yox,mənəviyyat çatışmazlığı var. Elə rüşvət almaq da maddiyyatla deyil,mənəviyyatla əlaqədar məsələdir.Bir ilahiyyatçının dediyi kimi “insanın bədbəxtliyinə səbəb olan amil onun düçar olduğu mənəviyyatsızlıqdır, bu mənəviyyatsızlığı şərtləndirən isə günahlar və rəzil işlərdir”. Bu günah və rəzil işlər içərisində təbii ki, rüşvətin özünəməxsus yeri var.Hətta keçən gün o xatirələrin bir az daha dərinliyinə baş vuranda bu bədbəxtin pullu papası olan sinif yoldaşımdan “4” yazmaq üçün neçə kilo meyvə istədiyi və almaq üçün hansı meyvələri tapşırdığı da yadıma düşmüşdü.Bu xatırlamadan sonra rüşvətin cismiyyətlə deyil,ruhiyyətlə bağlılığına daha da əmin oldum.
Təhsilimizin inkişafı yolunda atılan addımlarla yanaşı,artıq arvad bazarına çevrilmiş məktəblərdə (bəzi müəllimlər özləri də bunu etiraf edirdilər) belə bədbəxtləri barındırmamaq lazımdır.Arvad bazarından söz açmışkən,məktəblərdə müəllimlər arasında yaxşı al-ver getdiyini də qeyd etsək yerinə düşər.Əziz oxucu,arvad bazarı sözü əbəs yerə peyda olmadı. Statistikaya görə sayı 4.500-dən çox olan ümumtəhsil məktəblərində çalışan 150 min müəllimdən təqribən 90%-ini qadınlar təşkil edir.Orta məktəblərdə müəllim sayının həddindən artıq çox olması,hələ qadın müəllimlərin kişi müəllimləri bu qədər böyük fərqlə geridə qoyması onsuz da geridə qalmış təhsilimizdə keyfiyyətsizliyə gətirib çıxaran mühüm səbəblərdəndir . Yuxarıda haqqında danışdığım rüşvətxor ,tədris etdiyi fənndən xəbəri olmayan “müəllimcik”lərin varlığındansa, yoxluğu daha sərfəlidir.Qoy məktəblərdə 100 min müəllim işləsin.Ancaq şagirdlər əsl müəllimlərdən dərs alsın.
Nəhayət, bəzi məktəb xatirələrimi qələmə aldığım bu yazıma dünyada ən şərəfli peşə hesab edilən müəllimliyi tam haqqıyla icra edən və gənc nəsli əsl insan,həqiqi vətənpərvər kimi yetişdirən müəllimlərə təşəkkür edərək nöqtə qoymaq istəyirəm.

Комментариев нет:

Отправить комментарий