12.11.2012

Dərd Əliyevlərdən, dərman İrandan

Natiq Güləhmədoğlu

Bazar günü bərəkətli Muğan torpaqlarındaydım. Dostları, tanışları dinlədim. Xeyli müşahidə apardım. Bərəkətli Muğan torpaqları hakimiyyətin lənətinə düçar olan ərazilərdir.
Qara dairədir. Məmurlar üçün bu yerlər ancaq qoyun sürüləri saxlamaq üçün yarayır; daha burdakı camaat öldü qaldı, onların vecinə olmaz.
Təhsili, sosial təminatı, səhiyyəsi bərbad olan bu yerlərdə son zamanlar nicat üçün bir cığır açılıb. Bu İran İslam Respublikasının səhiyyə sistemidir.
İran həmişə bu yerlərə yaxın olsa da ordan şəfa tapmaq ənənəsi Muğana yad olub. İndi bu ənənənin möhkəm əsasları atılır.

Öyrəndim: Az qala hər həftə kəndlərdən azarlı-bezarlı Azərbaycan Respublikasının vətəndaşları Ərdəbilin, Təbrizin, İsfahan, Tehran xəstəxanalarına üz tutur. Söhbətləşdiyim, sorağını aldığım insanlar İran səhiyyəsindən sevərək, onları müalicə, müayinə edən həkimlərə dua edərək danışırlar.
Deyirlər: İran səhiyyəsi son dərəcə ucuz, effektiv, səmərəlidir, həkimləri xəstələrlə xoş rəftar edir, onlara ət parçası kimi yox, 5 duyğu orqanı olan insan övladı kimi yanaşır.
İran səhiyyəsindən mənə çox əziz olan və Azərbaycan tibb sektorunun diz üstə qoyduğu insanlar da nəsibini alıb. Bu üzdən boyunumda bir  vəfa borcu var. Ödəməliyəm.  Köşənin bundan sonrakı hissəsi o borcumun kiçik bir əvəzi sayıla bilər.

İranın səhiyyə naziri xanım Mərziyə Vahid Deskardiyə...

Hörmətli xanım Mərziyə Vahid Deskardi, Allahın salamı olsun sizə!
Mən analoqsuz iqtisadi inkişaf yaşayan, uğurlarına bütün dünyanın paxıllıq etdiyi Odlar Yurdunun məzlum insanlarının da xoş salamını sizə yetirirəm. Xudavəndi aləm sizin üzərinizdən heç vaxt nəzərini çəkməsin.
Hörmətli Mərziyə xanım, rəhbərlik etdiyiniz sahənin atalıq qayğısı bizim ellərdə nə qədər insana həyat verib, ömürünü uzadıb. Bu bənzərsiz hadisədir. Peyğəmbər s.a. hədislərindən də bilirik ki, bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etməyə bərabrdir.
Mərziyə xanım, nə qədər soyquqanlı olsam da, sizin naliyyətlərə paxıllıq etməyə bilmirəm. Uzun illərdir mənim ana vətənimdə tibb, anti- tibb mahiyyəti alıb. Həkimlərin əksəri peşəsindən daha çox qəssab, quldur, cibgirliyə alüdədir. Həkimlərimiz sözün əsl mənasında bizi təcürbə meymununa döndərib; ağıllarına gələn, gəlməyən bütün sınaqları bizə tətbiq edirlər.
Azərbaycan səhiyyəsi özü ən böyük infeksiya, xəstəlik  mənbəyinə dönüb.
Bəli, hörmətli Mərziyə xanım, son illər bizə bir neçə xəstəxana tikiblər. Lakin, bu qan qusmaq üçün qızıl teştdən başqa bir şey deyil. Bir nümunə versəm, hər şeyi özünüz təsəvvür edəcəksiniz. Anadan olduğum kəndin 20 km-də müasir avadanlıqla təminatlı Müalicə Diaqnostika Mərkəzi tikilib. Onun qırımız lentini əlahəzrət İlham müəllim özü kəsib. Amma nə fayda, adamlarımız onun yanından keçib sizlərə pənah aparırlar. Ərdəbilin, Urmiyanın, Təbrizin, Tehranın kasıbyana xəstəxanalarında onlar şəfa tapırlar, insanlıq görürülər. Xəstələr İran xəstəxanalarına talan edilmirlər, bahalı və keyfiyyətsiz dərmanlarla növbəti xəstəliklərə yoluxdururmurlar.
Möhtərəm nazir, mən sizin yerinizə iftixar keçirirəm. Siz çox xoşbəxt adamsınız. Günlərə düşünsəniz ağlınıza gəlməyən evlərdə, ailələrdə insanlar sizinçün dua edir. Səmimiyyətlə, sədaqətlə Sizin həkimlərin reklamını aparırlar. Bizim xalq qədirbiləndir, nankor deyil, onlar heç zaman İran səhiyyəsinin bu yaxşılığını unutmayacaqlar.  Amanın günüdür, daim sükanı belə saxlayın!
Hörmətli Mərziyə xanım, icazənizlə İran səhiyyəsi ilə bağlı bir narahatçılığı da sizə çatdırım. Sirr deyil ki, azərbaycanlılara dərdi də Əliyevlər verir, dərmanı da onlar satır. Yəni səhiyyəmiz müsbət və mənfi tərəfi ilə birbaşa Əliyevlərin monopoliyasındadır. Sizin ölkənizdə dərmanların su qiymətinə olması bizim monopolistləri əndişəyə salıb. Namərdcəsinə təbliğata başlayıblar ki, İrandan gələn dərmanların tərkibində psixotrop maddələr, narkotik və ya narkomaniyaya meyl yaradan maddələr var. Bunlar ictimaiyyəti çaşdırır. Əminəm, deyilənlər
böhtandır, mərkdir. “Sən böhtanı at, yapşmasa da izi qalar” davranışıdır.
Mən İran səhiyyə nazirliyini belə “izlərə” qarşı təsirli izahat işi aparmğa səsləyirəm. Qoy, böyük Yaradan özü sizə humanist fəaliyyətinizdə yari-kar olsun.

azadliq.info

Комментариев нет:

Отправить комментарий