06.05.2013

Türkiyədə tələbəlik adamı dəli edir

Əli Əkbər

Türkiyədə təhsil almaq bir növ qəhramanlıqdır. 8 ildən artıq İstanbul təcrübəm var (lise, univer). Universitet tələbələri üçün həyat cəhənnəm olmasa da, çox çətindir. 2-ci kursun sonundan diplomu alıb qayıdana qədər nəşriyyatda yaxşı vəzifədə və yaxşı maaşla işlədim, kitab tərcümələrindən də pul qazandım deyə, bu sıxıntılar qismən məndən yan keçdi. Amma bu bir təsadüf, nə bilim şans idi, olmaya da bilərdi. Olmayanları da görürdüm çünki.
Heç kəsi Türkiyədən soyutmaq istəmirəm, həm də bilirəm ki, Amerika kəşf etmirəm - Türkiyədə tələbəliyin Avropa tələbəliyi olmadığını bilməyən yoxdur. Yenə də öz təcrübəmdən və qayıdandan sonra illərdir müşahidə etdiklərimdən əminliklə deyə bilərəm - Türkiyədəki azərbayacanlı tələbələr GƏRGİN, əsəbi, dünya ilə, dağla-daşla dava eləyən; yetənə yetən, yetməyə yekə bir daş atan olurlar.
Pusluzluq, seksual partnyorsuzluq, ölkədəki ümumi ab-hava - dəngələrini pozur. Avropadakı tələbələrimizdə rast gəlinməyən ideoloji saplantıları lap faciədir - Türkiyənin gülməli solçu, dinçi, faşist tələbələrinə oxşamağa başlayırlar. Bekarçılığı və mənasızlığı belə işlərə sublimasiya edirlər. Aqressiya aşıb daşır. Mənasız, boş-boş söhbətlər, dartışmalar, ağzı köpüklü mübahisələr. Futbol fanatlığı da öz yerində.
Avropadakı tələbələrimiz isə ayrı hekayədir. Adam mat qalır. Rahat, hərəsi öz işində, kefində, gərginlikdən əsər-əlamət yox, həyatlarından məmnun. Facebook-dakılar göz qabağındadır, müqayisə edin bir zəhmət.
Türkiyədə tələbəlik adamı dəli edir. Tamam, Avropa ilə müqayisədə Türkiyəyə gedib düşmək dörd yüz yetmiş dəfə asandır, amma yenə də bu uçurum boyda fərqə anlam vermək olmur. Mənə elə gəlir məkan öz sözünü deyir.
Təbii ki, istisnalar Türkiyədə də, Avropada da var. Amma siz də, mən də bilirik ki, ümumi mənzərə mənim yazdığım kimidir.

Комментариев нет:

Отправить комментарий