18.06.2013

AKİF ABBASOV - HEKAYƏLƏR

Dərman

Tofiq maaşını təzəcə almışdı. Arvad uzun bir siyahı vermişdi. Alınacaq şeylər orada qeyd olunmuşdu. Elə fikirləşirdi ki, bazarlığa haradan – mağazadan, yoxsa bazarın özündən başlasın, bu zaman bir nəfər ona yaxınlaşdı. Üzrxahlıq edərək:
-Ay yolşad, buralarda ev satan var?
Tofiq özünü çoxbilmiş göstərərək:
-Ev satan da olur, hələ üstəlik kirayə verən də.
-Elə isə sizdən bəzi məsləhətlər almaq istəyirəm…
Həmin şəxsin döş cibindən ondənəlik tabletkanın kağızı görünürdü.
Bu zaman başqa bir nəfər onlara yaxınlaşıb, birinci şəxsin döş cibindəki dərmana işarə ilə:
-Qardaş, o, «Noqrippin»dir?
-Bəli, «Noqrippin»dir? Nə olub ki?!

-Anam bərk xəstədir. Dəymədiyim aptek qalmayıb. «Noqrippin» axtarıram. Heç yerdə yoxdur. Bəlkə onu mənə satasan.
-Sata bilmərəm. Özüm güclə tapmışam. Mənə də lazımdır. Sənə versəm, gərək özüm axtarım. Bir-iki dənə verərdim. Ancaq bundan bir şey çıxmaz. Bağışla, brat…
Tofiqin dərmandan başı çıxmırdı. «Noqrippin»in adını da birinci dəfə idi ki, eşidirdi. Bu dərmanın nəyə lazım olduğunu da bilmirdi. Sadəcə, dayanıb bu iki gəncin söhbətinin nə ilə qurtaracağını gözləyirdi.
İkinci şəxs az qala yalvarırdı:
-Ayə, müsəlman deyilsən, ağzımda deyirəm, anama lazımdır. Evdə tirrənib. Neçəyə deyən alacağam.
Birinci oğlan bunu eşidib şirnikdi. Ani fikirləşib:
-Bir tanış aptek var, desəm get, oradan al, sənə verməyəcək. Mənim də vacib işim var… Amma, düz deyirsən, müsəlmançılıqdır. Hamımızın anası, bacısı var. Ananı naümid qoymaq heç insafdan deyil.  Yaxşı, dərmanı satmalı oldum. Sabah gedib özümçün alaram. 20 manat ver, dərman olsun sənin.
Cavan oğlan ciblərini töküşdürdü, pərt halda:
-Bir işə bax, sən Allah. Yanımda o qədər pul yoxdur. Xahiş edirəm, gözlə. Bax o beşmərtəbə bina bizimkidir…
O, xeyli uzaqda görünən binanı göstərərək əlavə etdi:
-Gedim, pul gətirim.
-Yox, qardaş, daha bu olmadı. Mən tələsirəm, sən isə deyirsən gözlə…
Cavan oğlan Tofiqə müraciətlə:
-Ay qardaş, varınsa 20 manat əl borcu mənə ver, uzağı 5 dəqiqəyə pulunu çatdırım sənə. Mənə inanmırsansa, dərmanı da özündə saxlayarsan. Pulu gətirərəm, dərmanımı verərsən.
Ev soruşan oğlan, 20 manatı alıb dərmanı Tofiqə verdi. Anası xəstə olan oğlan da pul dalınca getdi.
 İndi Tofiq bayaqdan yolun ortasında qalmışdı. Dayanıb cavan oğlanı gözləyirdi. Az gözlədi, çox gözlədi, oğlandan səs-soraq çıxmadı. Tofiq yalnız bundan sonra başa düşdü ki, həmin oğlanlar əlbir imişlər, onu aldadıblar.
Beş addımlıqda aptek vardı. Tofiq tez aptekə girib ««Noqrippin»  soruşdu. Aptekçi qız dedi ki, bizdə var, özü də nə qədər istəsən. Tofiq dərmanın qiymətini soruşdu. Qız:
-Manat yarımdır, - dedi və sonra soruşdu.  Neçə dənə istəyirsiniz?
Tofiq sualı cavabsız qoyub çıxdı. Aptekçi qız onun ardınca baxıb başını buladı.

Bahasına pul vermişəm

Atakişinin dişləri yaman gündə idi. Gedib çəkdiriləsini çəkdirdi, müalicə olunasını müalicə etdirdi. Həkim dedi ki, hər üç aydan bir gəl, görüm dişlərin necədir, hansı vəziyyətdədir?!
Üç ay keçmiş Atakişi stamatologiya mərkəzinə -  Veysin yanına gəldi. Doktor onu görən kimi tez:
-Ay Atakişi, sən nə dəqiq adamsan. Düz üç ayım tamamında gəlmisən. Adam var deyirsən, sabah gəl, müayinə edim, gedir, beş ay sonra yaman gündə, ağrıya dözə bilməyəndə gəlir.
Atakişi cavabında dedi:
-Ay doktor, o dişlər ki, vardı qurban olduğum Allah-taala havayı və təmənnasız vermişdi, qədrini bilmədim. Sən düzəldən dişlərə isə bir ətək pul vermişəm, ona görə vaxtında gəlmişəm ki, sonra deməyəsən iş-işdən keçib. Onda mayam batar. Maya da  batanda, adamın canı çıxsa ondan yaxşıdır.

Papaq məsələsi

Simran həmişə başıaçıq gəzirdi. Nə billah eləyirdilər qışın qış günündə, yağışlı-qarlı günlərdə ona papaq qoydura bilmirdilər. «Mən öyrəncəliyəm, heç nə olmaz» deyirdi.
Bir gün necə olursa papaq alıb başına qoyur. Gəzə-gəzə gəlib bacanağının işlədiyi çayxanaya çıxır. Çay gətirirlər. Stəkana limon salıb qaşığı götürmək istəyəndə bacanağı gəlib qarşısında dayanır və deyir:
-Papağın mübarək, qağa!
Söz Simranı tutur. Əlindəki stəkanı nəlbəkiyə çırpıb ayağa qalxır:
-Axmağın biri axmaq! Yekə kişisən, məni dolayırsan?!
Bacanaq üzrxahlıq etmək istəyir, Simran əlini yelləyib çıxır.
Ertəsi gün bazarlıq eləyəndə tanış kartofsatan onun başına baxır:
-Simran, papağın mübarək! – deyə gözaydınlıq vermək istəyir.
Simran kartofları piştaxtaya çırpıb bağırır:
-Avaranın biri avara!
Sonra acıqlı halda bazarı tərk edir. Kartofsatan təəccüb içərisində onun ardınca baxa-baxa qalır.
Növbəti gün evlər idarəsinin müdiri arayışı imzalayıb möhürü vuranda birdən gözü Simranın papağına sataşır:
-Papağın mübarək, Simran qədəş! – deyir.
Simran cin atına minir:
-Bu da bizim ziyalımız! Zırramanın biri zırrama!
Simran arayışı dörd yerə bölüb onun sifətinə çırpır və otaqdan çıxır. Yolda öz-özünə: «Köpək oğlu, qudurub, məni ələ salır. Gör başına nə oyun açacağam!»- deyə onun qarasıycan danışır. Addımlarını yeyinlədib özünü polis idarəsinə salır. Evlər idarəsinin müdirindən şikayət etmək istəyəndə polis rəisi polkovnik Həsənov ayağa qalxıb irəli yeriyir:
-Xoş gördük, Simran! Səndən nə əcəb?!
Papaq əhvalatı artıq şəhərə yayılmışdı və polis rəisinin də bundan xəbəri vardı. O,  Simranın buraya nə üçün gəldiyini əlüstü başa düşdü. Simran ağzını açmaq istəyəndə polis rəisi tez dilləndi:
-A kişi, papağın mübarək!
Simran ağzını necə açmışdısa, eləcə də açıla qaldı. Sanki başına qaynar su tökdülər:
-Bu da bizim qanun keşikçimiz! Mən şikayətə gəlmişdim. Demə, sən onlardan da zay imişsən. Gedib səndən prokurora şikayət edəcəyəm. Sizi bura iş görməyə, şikayətə baxmağa  qoyublar, adam dolamağa yox.
Simran otağı tərk edən kimi polis rəisi telefonun dəstəyini götürüb prokurora zəng etdi. Vəziyyəti ona başa saldı. Prokuror dəstəyi təzəcə yerinə qoymuşdu ki, qanı möhkəm qaralmış Simran içəri girdi. Prokuror ona danışmağa imkan vermədi, tez:
-Papağın mübarək, Simrancan!
Simranın nitqi qurudu. Bir söz deyə bilməyib çölə çıxdı. Boyun-boğazının tərini silə-silə fikrə getdi. Başa düşdü ki, işin bu yerə gəlib çıxmasında özü günahkardır. Bunu anlayıb əlini başına apardı. Papağı götürüb yerə çırpdı.

Комментариев нет:

Отправить комментарий