Tural Sahab
-A molla, tez ol.
-A molla, başına dönüm tez ol, yağış gəlir.
-A molla, qadan alım, gör nə edirsən yağış çatdı, yağsa mərhumu məzarlığa apara bilməyəcəyik.
Molla cənazə namazını yarıda kəsməyə də, kəsməməyə də qorxurdu. Kəssə onsuz da vərəqdən oxuyub əcirni azaltdığı namazın o biri dünyada yaxasından yapışmasından, kəsməsə də yağışın yağıb ölünü dəfn etməyə mane olmasından və kənd camaatının qəzəbindən qorxurdu. Ancaq nağdı qorxu nisyə qorxuya üstün gəldi və molla namazı yarıda kəsib salam verdi. Mollanın arxasında dayananların onsuz da heç biri namaz qılmağı bilmirdi, heç abdəst almağı da bilən yoxdu.
Bunlar bir yana, içlərindən bir-iki nəfərdən başqa hamı axşam övrəti ilə xəlvət olduqdan sonra yuyunmamışdı, yəni yas mərasiminə qüsulsuz gəlmişdilər. Bir sözlə, molla əgər namazı kağızdan oxumayıb da əcrini azaltmasaydı belə, bu camaatla namaz qəbul olunmayacaqdı. Yəni, bu camaata da belə bir molla yaraşırdı. Bircə qalırdı ölən ki, kirli –kirli gedirdi o biri tərəfə. Onu da heç bir namaz, heç bir dua xilas edə bilməzdi. Çünki ölənə kimi Allaha, dinə inanmayan, inanmamaqla yanaşı söyən bir adamdı.
İndi sizə bir sirr verim, ancaq heç kimə deməyin. Mollanın bayaqları namazda oxudaqları vardı ey,bax siz elə bildiz onlar quranda yazılanlardı,lakin yanıldınız.O,oxuduqları ərəbcə bir şeirdi, ancaq siz heç nə anlayıb-başa düşmədiz…
Elə bilirsiz ki, elə ərəbcə oxunan hər şey Qurandı və din ancaq öləndə lazım olur.Onun üçün də yaşarkən heç dininizlə maraqlanmırsız ki, görək nə yazılıb Quranda və Allah bizə nə deyir. Ona görə də düzənbaz mollalar sizi aldadır. Halbuki, siz dininizi bilsəniz kimsə sizi aldada bilməz. Bilərsiniz ki, məzarlıqda pulla Quran oxuyan mollaların oxuduğu Qurandan sizin ölülərə heç bir xeyir gəlmir. Özünüz heç olmasa bir fatihanı əzbərləyib sevdiklərinizin ruhuna hədiyyə edərsiz.
***
İndi bir neçə məsələyə aydınlıq gətirək, görək niyə millət yağışın yağmasından qorxub mollanı tələsdirirdi? Deməli, məzarlıq kəndin qırağında bir yerdə idi, kəndi dünya ilə birləşdirən yeganə körpü isə sel nəticəsində xeyli vaxt idi ki,dağılmışdı. Yerli əhali kəndin qırağına çıxmaq üçün dərədən keçməliydi. Bu da çox məşəqqətli bir iş idi. Normal zamanlarda bu dərəni keçmək bir əzabdı, indi ölünü keçirmək lap çətin olacaqdı. Yağış da yağıb, palçıq olsa yazıq ölünün yox da, onu o dərədən keçirəcək olanların vay halına. Bax,camaat mollanı buna görə tələsdirirdi, belə baxanda haqsız da deyildilər.
Bir digər məsələ isə molla idi ki,dindar deyildi. Nə namazı vardı, nə orucu. Günahı danışanların öz boynuna, ancaq bu molladan çoxlu lətifələr danışırdılar. Onun ehsandan apardığı yeməkləri yolda lotu-potu ilə araqla yeməsindən tutmuş daha nələr-nələr. Bu mollanın bir sarı çantası vardı ki, hər yasa gələndə özü ilə gətirib verərdi ev sahibinə. Onlarda bu çantanı ağzına qədər doldurardılar. Bundan əlavə molla əmək haqqı da alırdı ev sahibindən. İndi azca bu mollanın sarı çantasından danşım sizə, siz də qulaq asın. Bu molla 70 yaşını çoxdan keçirib, mən uşaq olandan bu molla elə qocadı ki, qoca. Ancaq indi mənim 30 yaşım var, lakin molla elə mənim uşaqlığımdakı molladı, heç dəyişməyib. Uşaq vaxtı inandırmışdılar ki, bizi əgər mollanın çantasını daşla doldursaq o bir də biz tərəflərə gəlməyəcək. Biz də uşaq ağlımızla mollanın çantasına xırda daşlar qoyardıq. Lakin molla iki nənəmin, iki də babamın yasında gəldi bizə, hələ qohum-qonşunu da demirəm. Öləcək nənə-babamız qalmayanda biz də anladıq ki, mollanın çantasına daş qoymağın bir mənası yoxdu və bu əməlimizdən əl çəkdik. Sonralar azdan-çoxdan oxuyub dinimizi öyrəndik, bu dəfə də mollanı sözlə sındırmaq istədik. Lakin bir zaman sonra ondan da əl çəkdik. Bir qohumumuz ölmüşdü ,onu dəfn etməyə gələn mollaya nə qədər elədik ki, abdəst aldıraq, bacara bilmədik və o gün anladıq cahillərə bir söz çatdıra bilməyəcəyimizi. Bu da bizim molla babamızın qısa xülasəsi idi.
***
Buludlar,qara buludlar. Axı niyə bu camaatın gününü qara edirsiz? Yağış yağdırmağa başqa bir gün tapa bilmədizmi? Başqa bir günü bir kənara qoyaq, heç olmasa iki saat bu yazıqlara möhlət verəydiniz də ölüsünü dəfn edəydi?
Buludlar söz dinləmədi, göy üzü qaraldı, guruldadı, ildırımlar çaxdı və ölünü ağlayan arvadların yanaqlarında göz yaşları qarışdı yağışın damcılarına. Bir yağış yağdı ki, kəndin ətrafında olan dağların sinəsindən su sel olub axdı kəndə doğru. Balaca uşaqlar qorxusundan qaçıb gizləndi yatağın altına. Bir az da yağsaydı ölünün ruhunu aparmağa gələn mələklərin qanadları da islanacaq və camaata görsənəcəkdi. Amma yağış kəsdi, buludlar yavaş- yavaş dağılmağa başladı.
Yağış kəsmişdi kəsməsinə ancaq edəcəyini etmiş, hər yan palçığa qərq olmuşdu. İndi qoçaqsan gəl bu mərhumu apar dəfn et. Ölənin qohumlarından savayı hamı söyürdü ki, ay səni gorbagor olasan, ölməyə vaxtmı tapdın. O günlü günlərin birində ölə bilmirdinmi? Ürəklərində bunu desələr də, başa düşürdülər ki, ölüm onların əlində deyil. Onlarlıq olsaydı heç ölməzdilər, elə dünyanı tutub qurdla qiyamətəcən yaşayardılar. Ancaq gəl, gör ki, onlarlıq deyildi.
***
Kəndin salacasını hazırladılar. Bu kənddə yaşayan hər kəsin son yolculuğuna şahid olan salacanın dörd qulpuna da möhkəm iplər bağlayıb düşdülər yola. İlk öncə mərhumun qohumları, daha sonra kənd camaatı növbə ilə salacanı daşıyırdılar. Nəhayət, gəlib çatdılar dərənin kənarına. İndi onları çox ağır bir iş gözləyirdi. Bu ölünü dərənin o biri tərəfinə keçirmək. İlk öncə qolu güclü olanlardan iki nəfər dərəyə endi, digərləri isə salacanı astaca aşağıya doğru endirməyə başladılar. Camaat salacanı möhkəm tutub, əllərindəki ipi yavaş- yavaş aşağıya endirməyə başladılar. Əgər xırda bir səhv etsəydilər ölü əllərindən dərəyə yuvarlanar və bu kənd camaatı üçün böyük biabırçılıq, mərhumun yaxınları üçün isə ölənə qədər bir dərd olardı. Kimsə indi o salacada olmaq istəməzdi, çünki ölümün, dəfn olmağın belə, bir şərəfli yönü vardı. Bu rəhmətlik isə min bir əzabla son məkanına aparılırdı. Onsuz da, öldüyü zaman evdə tək imiş, kim bilir nə əzabla köçüb bu dünyadan. İnsan ölərkən bir sevdiyinin əlini tutaraq ölmək istər, son arzusunu, son diləyini deyib, bu dünyadan daha sonra getmək istər. Lakin bu mərhum bunlardan heç birini edə bilməmişdi. İllərdi qapısını açmayan övladları, qohum- əqrabası öldüyünü eşidib, el qınağından qorxduqları üçün özlərini tezcə çatdırmışdılar. İndi də onu dəfn etməyə aparırdılar.
Bir təhər salacanı dərəyə endirə bildilər. İnsanların üst-başı palçığa qərq olmuşdu. İndi qalırdı iplərlə yuxarı çəkmək. Di gəl ki, ayaqlar palçıqda sürüşür, böyük əngəl törədirdi. Bir neçə adam dərənin qaşına çıxıb ölünü yuxarı çəkməyə başladılar, tam yuxarı çataçatda birdən kəndir qırıldı. Salaca geri yanındakıları da əzib düşdü dərənin dibinə, mərhum da kəfənli-zaddı qarışdı palçığa. Qohumları şoka düşmüş, kənd camaatı utandıqlarından bir-birinin üzünə baxa bilmirilər. Lakin indi şoka düşməyin, utanmağın zamanı deyildi. Ölünü birtəhər bu dərədən çıxarıb dəfn etmək lazımdı. Yenidən ölünü salacaya yerləşdirib, möhkəmcə iplə bağladılar və bu dəfə daha çox insan yuxarıda dayandı. Var gücləri ilə salacanı yuxarıya doğru çəkməyə başladılar və bu dəfə başarılı oldular. Əslində, bu dəfn mərasimi kənd camaatının necə ağır şəraitdə yaşamasından xəbər verirdi. Günləri bu palçığın içində mal-qara qovalamaqla keçən bu insanlar elə dünyada cəhənnəm əzabını yaşayırdılar. Bir zamanlar əhalisi çox olan bu kənd indi insan sarıdan yaman kasıblamışdı. Bu əzabdan bezən kənd sakinləri üzlərini Rusiyanın şəhərlərinə tutub qaçmışdılar. Orada şansı gətirənlər də vardı, gətirməyib tabutla bu kəndə geri qaydanlar da. Ancaq içi dolu gələn tabutlar belə insaların köçünə əngəl ola bilmirdi. Çünki insanlar yaşamaq istəyirdilər, insan kimi yaşamaq.O isə bu kənddə yox idi.
***
Nəhayət ki, məzarlığa çatdılar. Yenə molla ölüyə yaxınlaşıb əlindəki köhnə dəftərçədən bir şeylər oxumağa başladı. Daha sonra ölünü məzara endirdilər, yaxınlarından biri qorxa-qorxa məzara endi. Əlini mərhumun çiyninə qoydu, molla da ölünün adını çəkərək təlqin verdi. Bundan sonra o məzardan çıxdı, camaat isə məzarın üstünü örtməyə başladı. Bir az torpaqla örtüldükdən sonra xırda daşlarla doldurmağa başladılar və məzar dolana yaxın isə beton tökdülər. Artıq qəbir hazırdı, ölü cavab vermək üçün sonsuza qədər o dünyada qalacaqdı, camaat isə yemək üçün yas olan evə qayıtdı. Ehsan bu kəndin vazkeçilməziydi. Ölüsünə ehsan verməyənə çox pis baxırdılar. Deməli, ölünü dəfn etdikləri gün insanlara yağ, pendir və halva verilirdi. Çay da ki,öz yerində. Daha sonra üç, yeddi və qırx gəlirdi. Hələ yeddi ilə qırx arasında dörd dənə də Adna var idi. Bu Adnalarda çox gələn olmurdu, ev sahibi bir quzu ilə qonaqları yola verə bilirdi. Lakin üç, yeddi və qırxda qonaqlar çox gəldiyindən bir dana kəsilməli, süfrəyə hər cür naz-nemət qoyulmalıydı. Yoxsa ölü sahibini kənd sakinləri topa tutardılar. İndi siz düşünün kasıbın ölüsü öləndə evi necə yıxılırdı.
***
Camaatın ayaq səslərini eşidirdi məzarından. Bayaqları cəsədinin başına gələnləri yuxarıdan izlədiyi üçün bu əzabı o yox kənd sakinləri çəkirdi. İndi isə cəsədini torpağa qoyanda, ruhu da məzara girdi. Bunu yalnız camaatın gedərkən ayaq səslərini eşitdiyi zaman anladı. Çığırıb-bağırmaq istədi, olmadı. Qaranlıq məzarda çox qorxurdu, bir an yaşarkən necə inanmadığını xatırlayıb qorxusu daha da artmışdı. İndi qorxudan ruhu titrəyirdi, bədənindən çıxan pis qoxunu da duya bilirdi. Elə bu zaman bir ilan ona yaxınlaşıb dünyada baxmağa doya bilmədiyi üzünü gəmirməyə başladı. Onu qovmaq istədi, lakin yerindən tərpənə bilmədi. Dünyada eşidib bildiklərindən başa düşürdü ki, hələ həngaməsi qabaqdadı.
Həyəcan və qorxu ilə gözləməyə başladı, dilini hərəkət etdirə bilmədiyindən ürəyində dualar edir, yalvarırdı. Gözlərindən yaş axmağa başladı birdən, barmaqlarını da hərəkət etdirə bilirdi. İndi o daha məzarında deyildi, kitablarda deyildiyi kimi, qiyamətəcən nəfslərin gözləycəyi bərzah aləmində idi. Onu qiyamətəcən qorxu dolu bir yol gözləyirdi. Elə ki, qiyamət qopacaq böyük məhkəmə qurlacaq. O zaman o da ya cənnətə, ya da ki, cəhənnəmə gedəcəkdi. Dünyadakı həyatını xatırladıqca canına qorxu düşür. Titrəməyə başlayırdı, axı o dünyada Allahın buyurduğu heç bir əməli etməmişdi. Bəlkə də burada tək-tənha olmağı cəhənnəmə gedəcəyinin əlaməti idi. Çünki Allah sevdiyi qullarını bu cür bir əzaba düçar etməzdi, yenə də ümidini kəsmirdi.
Комментариев нет:
Отправить комментарий