21.06.2013

Apaçi rəqsi

Rüfət Əhmədzadə

Biz səninlə dağların azad övladlarıydıq. Bizim hürr həyatımız qanunsuz da keçirdi. Biz səninlə özümüz-özümüzə ağa və əsgər idik.... “Nökər” sözü yad idi, gəlmələr gətirdilər.

Biz səninlə sevginin həzzində idik onda... Biz səninlə düşmənlik, oğruluq tanımırdıq. Çöllər bizim, dərə bizim, təpə bizim, dağ bizim... “Hasar” sözü yad idi, gəlmələr gətirdilər.

Biz səninlə o qədər xoşbəxt idik, amma ki... O zaman xoşbəxtliyin adını da bilmirdik. Çünki bədbəxtlik nədir, hələ hiss etməmişdik. “Ağrı” sözü yad idi, gəlmələr gətirdilər.

Amma yox, əslində oğruluq da var idi. Düşmənlik də, ağrı da... Hamının bədbəxtliyi biryolda kəsişirdi, sadəcə xoşbəxtlərin kinayəsi yox idi.


Yuxarı da biz idik, aşağı da biz idik. “Yuxarıdan aşağı baxmaq” – bizə yad idi.
Bütün bizə yad olan nə varsa gətirdilər. Bizi kölə etdilər. Ağalarmı? Heç də yox...
Elə qulbeçələrdi, özləritək olmayan azadlıq aşiqlərin sındırıb qul etdilər. Ağlar gəldi, qızıllar getməyə yer tapmadılar.

Bax, bir kahin demişdi: “Apaçilər hamısı ölümdən sonra azad olacaqlar!”.
Biz savaşdıq. Biz öldük. Biz azadlığa qovuşduq. Bəs apaçilərdən sonra nə qaldı?
Əllərini yanına salıb yelləndiyin bir rəqs!

Dayan, dayan... Axı biz... Əslində heç apaçi də deyildik. Bizi əzən yadlar yox, elə öz aramızdan çıxan xainlər idi...

Bəs necə məğlub olduq? Biz necə əsir olduq?

Savaşmadıq. Ölmədik. Xainlərin cəzasını vermədik...

Görən, bizdən nə qalar?

Əllərini havada oynadıb fırlandığın rəqs!

Комментариев нет:

Отправить комментарий