22.06.2013

Günel Eyvazlı - Davamı yox

Kərpic, kərpic qurulmuş eşqi
Bir anda yıxmağa nə var ki...
Bünövrəsi dayaz, kərpici bahalı
İçində sən və mən
Mənasız...

Gərək ki,
Sən mənə heç sevirəm deməmişdin
Səhvən belə anladığımçün bağışla.
Qulaqların duysun deyə söylədim
Zatən, gözlərimiz söyləmişdi bir-birinə
Sevirəm...
İndi bir otaq sən varsan,
İndi bir otaq mən varam
İki kölgəli gələcək, iki yol

İki keçmiş, iki xəyal
Utopiya...

Məni milyon kitab,
Milyon məqalə, milyon şeir
Ovutmur.
Səni də ovutmayacaq
Unutma...

Hər səhər aynaya baxanda,
Üzünü təraş etdikdə belə
Düşünəcəksən məni.
Bilirsən, bir kişinin beynində
yaşamaq nə deməkdir?
Və ya bir qadının beynində
Məskən salmaq?
Üzünü yaralama...

Dünən özümü məcbur edib
Kafkanı oxumaq istədim,
Isti bir yandan, külək bir yandan
Sən də bir yandan
Ağlıma təzyiq edirdin.
Atdım kitabı pəncərədən
Oxumuram...

Lənətə gəlsin məhəbbət
Lənətə gəlsin hər şey.
Bax, bu kağız, bu qələm
Sən və mən...
Bir gün saatın zəngi oyadacaq səni,
O zaman bütün düşüncələrin 
Təzələnəcək
Yanında olmamı istəyəcəksən
Gec olacaq
Gedirəm...

Комментариев нет:

Отправить комментарий