23.06.2013

QƏRBƏ ƏSAYİŞİ BƏRPA ETMƏ, ŞƏRQƏ DEMOKRATİYA DƏRSİ

Şirinxanım Kərimbəyli Şadiman

Hələ sovet vaxtında qardaşım oğlu Əqanıstana sovet qoşunları soxulan zaman, o da, o vəhşətli müharibənin iştirakçısına çevrilmişdi. Orada sovet qoşunlarının törətdikləri vəhşiliklər barədə sonralar pıçıltıyla bizə nəql edirdi. Deyirdi ki, qoşunlar günahsız, silahsız əfqan kəndlərinə gecələr tanklarla girirdi, palçıqdan hörülmüş kasıb daxmaları yerlə-yeksan edirdilər, müqavimətsiz dinc əhalinin naləsi, sərxoş rusların törətdikləri vəhşiliklər heç zaman yaddaşımdan çıxmayacaq. Onlar sonra utanmaz-utanmaz sovet bayrağını xaraba qoyduqları kəndlərin uçuq divarları üzərinə sancırdılar. Öldürdükləri insanların fəryadlarına həqarətlə gülürdülər.
Onların nə geymi, nə həyat tərzi bu dırnaq arası sülh carçılarına xoş gəlmirdi. Hələ də körpə qışqırtıları, ana-bala fəryadları, çığırtıları qulaqlarımdan getmir…
Əfqanıstan faciəsi sovet qurluşunun dayaqlarını sarsıtdı. Adamdan sorarlar ki, sosializm adı altında idbar imperiyanın özgə torpağında nə iti azmışdı? O gündən bü günə hələ də Əfqanıstan dediyimiz ölkə özünə gələ bilmir. Ora terrorçuların məkanına, narkotik tarlaların çiçəklənməsi diyarına çevrildi. Bu gün işğal olunmuş Qarabağ ərazisində də həmin ssenari həyata keçirilir. Narko tarlalar əkilir, işğal uzanır, hegemon dövlətlər susur…Çünki o zaman ABŞ ilə SSRİ  o bədbəxt diyarda kəllə-kəlləyə gəldi. Ağrını yeyən isə əfqan xalqı oldu. Dünyanın min bir yerinə dağılmış bədbəxt əfqan xalqı…Habelə, Veytnam  vəhşətləri, Corc Buşun İraqa demokratiya dərsi, İraq o gündən bu günə özünə gələ bilmir, etnik qurupların bir-biriylə terror döyüşü, sonra «Ərəb baharı» müsəlman ölkələrini bir-bir xaraba qoyulması, Misir, livya, Suriya…Deyilənlərə görə Suriyada artıq 90 mindən yuxarı insan qətlə yetirilib, bir milyondan artıq insan öz yerindən-yurdundan didərgin düşüb. Kəndlər, şəhərlər xarabazara çevrilib. Ölkədə vətəndaş müharibəsi gedir, qardaş-qardaşın, müsəlman-müsəlmanın qanını tökür. Hər tərəfdə «Allahu-əkbər» sədaları göylərin bağrını parçalayır. İran, Rusiya hökümət quvvələrini, Qərbsə müxalifəti dəstəkləyir. Tökülən qan isə suriyalı vətəndaşların qanıdır. Xaçpərəst dünyaya müsəlman qanının tökülməsi sərfəlidir. Nə qədər müsəlman qanı tökülsə, o qədər xaçpərst dünya hökmranlarının ürəklərinə su səpilər. Niyə görə, ona görə ki, nə qədər Qərbdə istehsalın inkişafı üçün elm, bilik artıbsa, o qədər də dəyərlər iflasa uğrayıb. Yəni ailə dediyimiz qurum orada  yavaş-yavaş uçub dağılmağa başlayır, onun yerini insanların bir-birinə yadlaşması, eyni cinsdən olanların demokratiya adı altında biabırçı evlilikləri, artıq bir çox ailələrdə uşaqların yerini ev heyvanları əvəz edir, hətta əhali kilsələrdən də soyumağa başlayıb. Bir çox qərb ölkələrində kilsələr əzəlki nüfuzunu itirib. Xüsusiylə xaçpərəst Avropa qocalmağa başlayıb. Müsəlman ölkələrdə isə əhali durmadan artır, bu da qərbliləri nəinki narahat edir, hətta onların yuxusuna haram qatıb. Ona görə də Şərqdə rejimləri tarımar etmək adı altında müsəlman ölkələri, gücdən salmaq, çökdürmək bügünki Qərbin gündəmdə olan həyat devizidir.
Suriyadan sonra növbədə son illər inkişafda olan Türkiyədir. Baş nazir Rəcəb Tarip Ərdoğanın odlu-alovlu çıxışları, Fələstinlə bağlı Dovosda İsrayıla sərt mesaj verməsi, ümumiyyətlə, müsəlman aləmində lap çoxdan demokratik yolu, inkişaf yolu seçmiş Türkiyə bugün Qərbi bərk narahat edir. Bu günlər «Gəzi parkı» məsələsi də Türkiyəni gücdən salma planına köklənib. Dünən İngiltərənin mərkəzi Londonda etirazçılara qarşı polisin törətiyi vəhşilikləri, Yunanıstanda baş verən olayları Avropa «Əsayişi bərpa etmə» kimi qələmə verir, ABŞ isə səssizcə susur.
Artıq 17 gündür İstanbulda «Gəzi park»ında  baş verənlər Qərbin həyat nəbzinə çevrilib. Min bir yolla Türkiyədə aranı qarışdırmaq və orada qan tökmək, bu ölkəni də dizi üstə çökdürmək, budur Qərbin bizə, yəni müsəlman ölkələrə demokratiya dərsi…
Türkiyə keçən əsrin 70-ci illərindən üzü bəri SSRİ-nin onlara bəxş etdiyi PKK ilə çarpışmadadır. Minlərlə həm türk xalqından, həm kürd xalqından insanlar həlak olub. Necə deyərlər bir-birlərini qanlarına qəltan ediblər. Çünki xristian dünya nə kürdün, nə də türkün dostudur. Çünki bu xalqlar hər ikisi müsəlmandır. Dünyada 1400 ildi xaçpərəst müsəlman davası gedir. Onlar Məhəmməd (s.ə.s.) peyğəmbəri hec cür peyğəmbər kimi qəbul etmək istəmirlər. Ona görə də müsəlmanı terrorçu kimi qələmə verirlər, halbuki bütün terror yuvalarının dayaq nöqtəsi Qərbdir, başıbəlalı Şərq isə onun əlində əsirdir. Bütün dinlərin arasında İslamı nufuzdan salmaq üçün Qərb «Əl-Qaeda» kimi  «Müsəlman təşkilatları» yaradıb, onları özü bəsləyib və maliyyələşdirib, ola bilsin ki, indiyə kimi maliyyələşdirir.
20 ildən yuxarı torpaqlarımız işğal altındadır. Bu haqsızlığı çözmək üçün hegemon xristian ölkə nümayəndələri birlik yaradıb, gedirlər gəlirlər, gəlirlər gedirlər, məsələ çözülmür ki, çözülmür.
Artıq içimizdən də yavaş-yavaş Qərbin dəstəyi ilə ədəbiyyat adamları, yazarlar, siyasətçilər erməni-hay təəssübü çəkməyə başlayıb. Torpaqlar əldən çıxıb, işğalçıya yerini göstərmək əvəzinə, Qərib bizə demokratiya dərsi keçir. Biz nə içməliyik, nə yeməliyik, necə yaşamalıyıq? Yavaş-yavaş öz həyat tərzlərini beynimizə yeritməyə cəhd edirlər. Bunun üçün ölkə içərisində olan etnik qövmlərdən, dini min bir yerə parçalayan məzhəb təəssübkeşlərindən, bir də beşgünlük ömrünü keflə başa vurmaq istəyən, heç bir işin qulpundan yapışmayan, özünü heç bir işdə tapmayan bəzi gənclərdən istifadə etməkdədirlər.
Bugün Türkiyədə baş verən olaylar bizə də sabahkı günümüzün xoş olmayacağından xəbər verir. Türkiyə demokratik özgürliyi olan qardaş ölkədir, inkişafı da göz qabağında, Qərbin isə bunu heç cür gözü götürmür.
Bizdə isə tərəzinin gözü kəskin şəkildə əyilməkdə davam edir. Bazarlarda od tutub yanan bahalıq, aztəminatlı ailələrin yaxşı yaşamaq istəyi və bunu bulmadıqda təmtəraqla yaşayanlara nifrət hissinin artması sonda Qərbin əlinə yaxşı bir fürsət kimi düşə bilər.
Mən bu fikirlərimi qısaca, bir yazar olaraq, dəyərli oxucular, sizinlə bölüşdüm, ümid edirəm ki aranızdan bu yazıya haqq qazandıranlar tapılar. Tanrı hər birimizi şərin bəlasından qorusun, biz öz xoşumuzla müsəlman olmadıq, sadəcə tale belə gətirib ki, müsəlman ailələrdə doğulduq. Müsəlman olmağın cəfası 1400 il öncədən olub. Gəlin bir-birimizə sayğı ilə, qayğı ilə yanaşaq. Dostumuzu düşmənimizdən ayırd edək. Bir-birimizə dəyər verək, bir-birimizə demokratik prizmadan yanaşaq. Bir-birinin dərdinə qulaq verək. Dərd şişəndə bəlaya çevrilir, sonu isə Qərbin «demokratiya dərsi» adlı acısı ilə bitir…
Türkiyəni Allah bu bəladan qorusun. Türkiyəyə atılan daş, bizim başımızda partlayacaq…  Bunu milyonlar üstündə oturub öz rəgbərəng maşınları, bahalı villaları ilə imkansız əhaliyə acıq verənlərimiz yaxşı-yaxşı fikirləşməlidirlər ki, Qərbin demokratiya dərsi bizdən yan ötsün… Hələlik isə sağlıqla qalın Türkiyəli, Azərbaycanlı Vətən əhli…

Комментариев нет:

Отправить комментарий