Daha suallarıma cavab verə bilmədiyini
dilinə gətirmə, mənim balam,
mən də sənin suallarının qabağında lal oluram
batan günəşin çıxmasını gözləmək,
səni əzizləmək qədər doğma hiss deyil mənə.
Birdən incidiyimi düşünərsən,
düşünərsən ki incidirsən məni
amma nahaq,
onsuzda heç nə əbədi deyil,
nə sənin axıra qədər məni eşitmək istəyin qalıb...
Səni kəndimizə apardığım ilk gün yadıma düşür
payızın hələdə yadımdan çıxmayan ayazlı gecəsi idi
Qarazəncirdən kəndimizə - evimizə qədər
piyada getdiyimiz həmin gün
-sən bu kəndi, nənəmgilin kəndini çox istəyirsən?- deyə soruşmuşdun,
-hə, çox istəyirəm, o qədər çox ki burda yaşaya bilmədim,
köçüb getdim ki, bu sevgi azalmasın.
Indi böyümüsən, sualların da böyüyüb
Amma o suallar mənə ünvanlanmır,
sevdiyimiz, uğrunda ölə bilmədiyimiz
yurdumuza, kəndimizə ünvanlanıb:
-bizi niyə doğurtdun, yaşatdın və sair...
Mənim balam, mən çay kənarında doğuldum,
indi suyu qurumuş o çayın nə vaxtsa çay olması
ancaq yuxusuna gələ bilər,
demək çaylarda doğula, ölə bilər,
biz də eləcə...mən də eləcə...
nə vaxtsa yuxuma girəcək ki,
doğulmuşam, böyümüşəm..
Mənim atamın əlindən tutb yeriməyim heç yadıma düşmür,
mənə elə gəlir ki atam mənim əlimdən heç vaxt tutmayıb,
saçımı sığallamayıb,
amma o, məni çox istəyirdi,
eynən məndən böyük və məndən kiçik qardaşlarımı istədiyi kimi...
İndi gecənin bu vədəsində
“Xəzərin” yanındakı evimin eyvanında oturub
oxuduqlarını ağcaqanadlarla öcəşə-öcəşə yazıram,
sən yatmısan, hamı yatıb
mənim isə fikrim sənin dörd yaşın olanda
bir payız gecəsi Qarazəncirdən kəndimizə qədər
piyada getdiyimiz həmin günə qayıdıb...
-Sən bu kəndi, Nənəmgilin kəndini çox istəyirsən?
-hə, mənim balam, çox istəyirəm,
O qədər çox istəyirəm ki...
Amma səni atıb gedə bilmirəm...
Комментариев нет:
Отправить комментарий