26.06.2013

Cavanlara yol verin!

Mahir Şəkərov

QEYD: Bu  məqaləni  bütün  aktiv  gənclərə, xüsusən  dostum-qardaşım  gənc jurnalist  və tədqiqatçı  Rəzzaq  Xansuvar  Talışxanova həsr edirəm. 

Bugünkü  cəmiyyətimizin  əsas  problemlərindən biri  də  cavanlara olan  laqeyid münasibətdir. Bəli  cəmiyyət – cəmiyyətdə olan  bəzi dırnaqarası  ziyalı  və  özünü saçının  və  saqqalının  ağardığına   görə  ağsaqqal  zənn   edən  bir  qrup…
Onlar  öz  təcrübələrini  gənc  nəsillə  paylaşıb, onlara  yol  göstərən  bir  bələdçi  olmaq əvəzinə, onların  yolunu  kəsən  maniəyə  çevrilirlər. Elə  bir  maniə  ki, yolun üzərində uzanaraq  özünü  günə  verən ilanları  xatırladır. Zahirən  onlar sakit  və  təhlükəsiz  görünsələr  də,  əslində  heç   də  belə  deyildir.
Eləki, yaxınlaşıb  manieni keçmək  istəyirsən,  birdə ayılırsan ki, daha iş-işdən keçib. Artıq ilan  ilanlığını edərək  batinində  gizli olanı,  əməli şəkildə  biruzə  verib…
Bəzən  bu  maniələr  sapı  özümüzdən  olan  baltalardan  olanda, bu  mübarizə  biraz  daha  çətinləşir…   Nə isə…
Bütün  insanlara  nümunə  olan Hz  Muhəmməd (s) buyurur: “ Xeyir  işə  açar, şər  işə  qıfıl  olun.”
Görəsən  bu  tip  şəxslər  bütün insanlara nümunə  olan Hz  Muhəmmədin (s) bu  sözünü  eşitməyiblər?  Nə  üçün onlar hədisin əksinə  olaraq  şər  işə  açar, xeyir işə  qıfıl  olurlar?  Bunun  əsasən  bir  səbəbi var. Çünki  onlar  özlərinin  çata  bilmədikləri   nailiyyətlərə, başqalarının çatdığını  gördükdə  bunu həzm edə  bilmirlər.Çünki, bunu  həzm etmək  üçün  iman lazımdır, əxlaq  lazımdır, ədəb lazımdır…   Ən  əsası isə insan olmaq lazımdır. Bu  tip  şəxslər isə  bütün  bunlardan   məhrumdurlar. Onlar  özünü  günə  verən və  fürsət  tapan kimi   ovuna  yaxınlaşan  zəhərli ilan  kimidirlər. Cavanlara  qarşı  bu  cür  mövqe  nümayiş  etdirən  dırnaqarası  şəxslər,  deyəsən  hələ  də  həsəd  və qibtə  arasındakı fərqi  bilmirlər…
Cavanlara  qarşı  mülayim olub, onlara  dəstək  olmaq həm Alahın  həm  də  Onun  Rəsulunun (s)  bizə  tövsiyəsidir.
Hz  peyğəmbər (s) buyurur: “Sizə cavanlara  yaxşılıq (hömət) etməyi  tövsiyə edirəm.Çünki, həqiqətən  cavanların qəlbi yumşaq olur.Onlarla  mehriban  dolanın.Həqiqətən Allah məni peyğəmbər  seçəndə qocalar  mənimlə  müxalifət etdi.Amma cavanlar  mənə  qarşı  çıxmadılar  və  dini   qorudular.”
Hz  peyğəmbər  bu  mübarək  sözləri  bizə  çatdırmaqla yanaşı  özü  də bu  məsələdə  çox  həssaslıq  göstərmiş, cavanlara   xususi  diqqət  və qayğı göstərmişdir.
Hər  zaman, hər  məsələdə  onlarla  məşvərət  edir, onların  fikirlərinə hörmətlə yanaşardı. Allah  Rəsulunun  (s) yüzdən çox  səfiri olmuşdur. Bir neçəsi  xaric, əksəriyyətini  yenə  də cavanlar  təşkil  edirdi. Cavanlar  Allah  Rəsuluna (s) o  qədər  məhəbbət  göstərirdilər  ki, hətta  Səudiyyə  Ərəbistanın qərbində yerləşən Hicazdan  bir  qrup  cavanlar öz  vətənlərindən hicrət  edərək  peyğəmbərimizin (s) yanında  qalmağa  qərar  verdilər. Hz  peyğəmbər (s) də  öz  növbəsində  onlara  çox  etibar  edir, onları  ən  məsul  vəzifələrə  təyin  edərdi.  Necə  ki, Məsəb ibni Əmir  peyğəmbərimiz (s)  tərəfindən  İslamı  təbliğ  etmək üçün  Mədinəyə  göndərilir. Bu  gənc  öz  təbliğatı  ilə  bir  çox  insanları İslamla tanış etməyə  müvəffəq  olur.Hətta  bir  yəhudi  aliminin  də  müsəlman olmasına  vəsilə olur.
Başqa  bir  nümunə  isə İtab  ibni  Əsiddir. İyirmi yaşı olmasına baxmayaraq Məkkəyə vali  təyin olunaraq  bütün  siyasi işlər ona  tapşırılır. Baxmayaraq  ki, səhabələrin arasında  ondan daha yaşlı olanları var  idi.Bəziləri cavan  olduğu üçün bu  işə etraz  etdikdə peyğəmbər (s) qətiyyətlə bildirir ki, vəzifəyə təyinatda meyar yaş  yox, ləyaqət  və fəzilətdir.Hər yaşlı  insan  ləyaqətli olmur.Yaş böyüklük səbəbi deyil.Böyüklük  fəzilət və ləyaqətdir.
Allah Rəsulunun (s) bu  tarixi  sözlərini  Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz  ibni Cəbəl də daha sonralar ifadə etmişdir. (Siyəri Hələbi 3-cü  cild)
Hz  peyğəmbər (s) vida həccindən qayıdarkən bu ayə nazil oldu; “(Vəd  olunan yerlər Allah tərəfindən Hz İbrahimin saleh  övladlarına verildi.) Ya Muhəmməd! Biz Tövratdan sonra  Zəburu yazıb Davuda bildirdik ki, bu müqəddəs  yerə (Şama) bundan sonra mənim saleh bəndələrim varis  olacaqlar.” (Ənbiya 105)
Bu ayə nazil olduqdan sonra  peyğəmbər (s) əmr verdi  ki, böyük  bir ordu hazırlansın.Orduya da sərkərdəliyi 20 yaşlı Usamə  bin  Zeyd  etsin. Nəhayət  Zeydin gözəl sərkərdəliyi nəticəsində müsəlmanlar qələbə qazandı.Hicrətin 15-ci ili  Qüds rəsmi şəkildə müsəlmanların oldu.Bu şəhərin adı  “İlya”dan  Beytul-müqəddəsə çevrildi.
Diqqət  olunası  məsələlərdən biri  də  budur ki,  bəziləri Usamə bin  Zeydin  orduya başçılıq  etməsini  istəmirdi.Onlar  elə  düşünürdülər ki, Zeyd  bu iş üçün çox  cavandı.  Lakin, peyğəmbər (s) müsəlmanlara öyrətmək istəyirdi ki, əksər  cavanlar  yaşlılardan  daha  yaxşı  səy  göstərir, öhdələrinə düşən  vəzifələri daha  yaxşı  məsuliyyətlə yerinə yetirirlər, cəbhədə  şücaət və rəşadətlə vuruşur, qələbə qazanırlar.
Nec ki, Bəni İsrail Fələstini tutmaq üçün  Calut  və  onun  ordusu  ilə  vuruşanda düşmən qarşısında dayana bilmədilər. (Bəqərə 249)
Amma  sapanddan başqa heç bir silahı  olmayan  bir  gənc  onların içindən  çıxıb Calutun  meydanına getdi.Calut qılınc  və  zirehlə silalanmış yekəpər adam idi.Hamı düşünürdü ki, Calut  bu  gənci öldürəcək.O cavan  sapanda bir daş qoyub ona tərəf atdı.Daş düz  Calutun alnından dəyərək onu öldürdü.Bu  cavan Hz  Davud  idi  ki, Quran onun haqqında buyurur: “…Davud Calutu öldürdü.Allah ona rəhbərlik  mənsəbi və hikmət verdi…” (Bəqərə 251)
Bura  qədər  qeyd  olunan ayə  və  hədislərdən belə  məlum olur ki, cavanlara qarşı diqqətli olmaq  və onların bacarıq və istedadından cəmiyyətin  faydalanması  üçün  istifadə  etmək  lazımıdır.Bu birbaşa Allah və  Onun Rəsulunun (s) istəyidir.Bu istəyə  qarşı  çıxanlar, yaşadıqları  cəmiyyətdə  böyük  fitnə-fəsad yaradırlar. Belə ki, bugünkü cavanlar sabahın ağsaqqallarıdır. Odur ki, gələcəyimizi öz  əllərimizlə baltalamayaq.Gənclərə, cavanlara dəstək olaq, onları əzməyək.Onların nailiyyətlərinə sevinib qibtə edək, həsəd aparmayaq.Çünki həsəd və paxıllıq şeytanın sifətləridir. Gəlin ilahi rəngə bürünərək, ilahi ayələrin işığında cavanlara hörmət edək. Çünki, cavanlar gələcəyimizdir.

Комментариев нет:

Отправить комментарий