Əvvəl-əvvəl
bir müəmmaydın,
bir tapmacaydın,
bir bulmacaydın məndən ötrü-
aça, tapa, bula bilmirdim səni.
durğu işarəsiylə ifadə etsəm,
sual işarəsiydin,
vəznin əruz idi,
janrın da qəzəl idi.
Sonra hökm oldun, əmr oldun,
ehkam oldun, qanun oldun,
naz oldun, işvə oldun, əda oldun,
durğu kimi nida oldun,
vəznin heca oldu,
janrın dodaqdəyməz təcnis oldu.
İndi başdan-başa sərt baxışsan, göz-nəzərsən,
dinəni toza döndərib əzərsən,
özün boyda diqtəsən,
durğuyla desəm, nöqtəsən,
vəznin sərbəst,
janrın ballada,
ya da... ya da... ya da...
NÖVBƏNİ GÖZLƏ
Bu gecə yuxuma gəlmə -
başqasıyla görüşüm var.
Başım qarışıq olacaq,
olduqca vacib işim var.
Sabah gecə də görüşmək
olsun ki, alınmayacaq.
Kreditin vaxtı çatır -
kassir borcumu sayacaq.
Yaxın üç-dörd gecəni,
vaxt ayırammaram sənə.
Üz vurma, yaman məşğulam,
bir həftə sonra gəlsənə.
Əvvəlki yarımçıq yuxular
nə vaxtdandır gəlib-gedir.
Onlarla qurtarmamış axı
necə deyim: “ yuxuma gir”?
Hər işin öz vədəsi var,
sən də öz növbəni gözlə.
Yuxumun sən olan seriyası
Olacaq - sadəcə izlə...
Комментариев нет:
Отправить комментарий