25.06.2013

Məhkum güllər

Faiq Balabəyli

Bayıl türməsinin həyətini
Azadlığın könül oxşaya havasından
qoruyan
soyuq və qalın divarların boyunca
 əkilən qızılgüllər
qızıl qana boyanmışdı sanki,
 ləçəkləri qıp-qırmızı
yarpaqları isə yam-yaşıl idi...
azadlıq havasına köklənmişdi bu güllər, 
düşünürdüm.
Arada görərdim bu gülləri-
 müstəntiqlər ifadə almağa, 

vəkillər vaxt öldürməyə gələndə...
bir də doğmaların gözüyaşlı, ürəyi qübarlı
halda görüş aldıqları günlərdə
 bu gülləri gözlərimlə oxşayar, dərər, iylərdim.
Bir dəfə anasının əllərindən tutub da 
oğlum və körpə qızım 
 görüşə gəlmişdilər.
bax onda gözlərimlə yox, əllərimlə
dərdiyim gülləri barmaqlıqların
 o tayında olan qızıma verdim:
-Al, qoxla, səninçün elə indicə dərdim-dedim.
- Bunların heç ətri gəlmir, həm  də solublar ki, dedi qızım.
Barmaqlığın o tayındakı
 azadlığın havasından boğulmuşdu
 solmuşdu, ətrilərini yox etmişdi o güllər...
o güllər qalın divarların, tikanlı məftillərin
 arasında doğulmuşdu...
o güllər məhkum güllər idi...

Комментариев нет:

Отправить комментарий