30.06.2013

Şairin arvadı

Tural Sahab

Gəncliyindən gözəl sözlərin vurğunu idi və təbii ki, gözəl söz deyənlərin. Onun bu “söz sevgisi” zaman keçdikcə böyüdü. Bir gün özü də bilmədən bir şairlə sevgili oldu... Yollarını evlilikdən saldılar...
İlk zamanlarda hər şey çox gözəldi, şair sevgilisi ona şeirlər yazır, gecələr qulaqlarına bu şeirləri fısıldayaraq onunla sevişirdi. Tək mübahisələri uşaqlarının adını nə qoyacaqları üstündə düşürdü. Şair ilk uşaqlarının qız olmasını istəyirdi, çünki bacısı yox idi, həm də qız uşaqları daha sevimli olurdu. Arvadı isə ailəsində o qədər əzilmişdi, o qədər oğlanın qızdan üstün olduğunu görmüşdü ki, oğlu olsun istəyirdi.

Şairin özü də, arvadı da ölkədəki böyük universitetlərdən birinin filologiya fakültəsini bitirmişdilər. Oxuduqları universitetdəki maraqlı, eyni zamanda, gülməli hadisəni xatırladıqca gülürdülər. Fakültənin girəcəyində “Filalogiya” yazılmasına baxmayaraq, bir az irəlidə”Filologoya” yazılmışdı. İndi yazıq tələbə qoçaqdısa da tapsın görək hansı düzgün yazılışdır.
Şair çox qısqanc bir kişi idi, arvadını işləməyə qoymurdu. Əslində haqsız da deyildi... Özlüyündə özəl səbəbləri var idi ki, zəmanənin budağından yarı sarılmış yarpaq kimi asılmışdı.
Beləcə, arvadı işləməyə qoymayıb özü nəşriyyatlardan birində işə düzəldi şair. Ayda 400 manat aylıq alır, onun da 200 manatını ev kirayəsinə verirdi. Qalan pulla güc-bəla ayın sonuna çıxırdılar. Şairin ən böyük arzusu kitabını nəşr etdirmək, arvadının isə ev almaqdı. Bu kasıblıqdan bezən arvadı işləmək üstündə elə hey danışırdı şairlə...Şairsə bildiyini bildiyindən arvadı işləməyə qoymaq istəmirdi.
..Həna o hənadan deyildi. Kasıblığın üzü qara olsun, adamın üzünü arvadın yanında da qara edirdi. Şairin ucundan tutub özünü ucuz saldığı səbəb isə başqaydı... Hələ tələbə vaxtı, elə birinci kursdaca müəllimlərindən birindən belə bir söz eşitmişdi:
-Burada işləyən müəlimələr ya kiminsə qızıdı, ya da ki, kiminsə”qızıdı”.
Bu ikinci qızının nə demək olduğunu o zaman anlamasa da, sonradan anlatmışdı həyat...Sən demə, burada işləmək üçün gərək kiminsə məşuqəsi olasan, yoxsa işlər alınmırdı. Hələ iki dənə müəllim tanımışdı ki, onları tanıdığı üçün özündən və həyatdan iyrənmişdi zamanında... Müəllimlərdən biri qız tələbələrə işarət barmağı ilə toxunurdu “mənim balam deyə-deyə”. O birisi isə daha betərini edirdi. Bunları görəndə böyüklərindən duyduğu vaxtı ilə yaşamış “qoç Ramiz” ləqəbli bir kafedra müdiri ağlına gəlirdi. Deməli, bu Ramiz müəllim qız tələbələrə qiymət yazmaq müqabilində onlarla yatırmış. Çox şükür, oxuduğu yerdə belə bir şeylər eşitməsə də, gördüyü bəzi şeylər onu narahat edirdi.
Zamandan asılan bir də qalstukları ilə kresloya ilişən müdirlər idi. Onlar öz işçiləri olan qadınlara heç yaxşı gözlə baxmırdılar. Bir çox qadınlar da karyera xatirinə öz müdirlərinin könüllərini xoş edirdilər. Bunları bilən şairin arvadına işləməyi qadağan etməsi artıq qınananılası deyildi.
Lakin, şair onu da yaxşı bilirdi ki, qadınlar da mələk deyil... Şairin böyüklərdən eşitdiyi bir əhvalat bunun təsdiqi idi...
Şairin əmisi gəncliyində çox yaraşıqlı idi. Öz biliyinə yaxşı bir yerə qəbul olunubmuş. Üç il alın təri ilə, öz zəhməti ilə oxuyub, əlaçı olub. sonuncu kursda isə özündən 20 yaş böyük müəllimələrdən biri onun qarşısını kəsib:
-Ya məni alacaqsan, ya da səni qovduracam institutdan!
Əmisi başını götürüb institutdan qaçıb və diplom almadan zavodda fəhlə işləməyə başlayıb...
Bir dəfə də şair özü qəribə oyuna düşüb. Bir müəllimənin tapşırdığı kurs işini yazıb onun öz otağına aparmalı idi. Sırsaı çatanda şair də içəri keçdi. Müəllimə açıq geyimdəydi... Dar, qısa ətək, qabarıq, ətli sinə, əyilərkən açılan bel...Hünər lazımdı ki, gənc oğlan kurs işini “ağıllı” təslim etsin... Yaxşı ki, özünü təslim etmədi, elə yazını birtəhər təslim edib qapıdan çölə atıldı... Dərindən bri nəfəs aldı...
Onun dostlarından birinə də nə vaxtsa müəlliməsi sevgi yaşamağı məsləhət görmüşdü. Özü də oğlanın bütün xərclərini öz üzərinə götürməyi vəd edirdi...
Lakin, həyatda, doğrudan da, hamı “şeytan” deyildi... “Mələk” olmasa da bu xislətdə yaradılan bəndələrdən xali deyildi cahan...Dünya var olandan həmişə şər əməllərin qarşısında xeyir işlər də dayanmışdır. Nizami də məhz bu mübarizədən ilham alaraq “Xeyir və Şər”i yazmışdır.
...Həyat davam edirdi... Şairin romantik sözləri daha arvadına xoş gəlmirdi. Əslində şairin özü də əvvəlki tək gözəl sözlər yaza bilmirdi. Arvadı qonşuluqda yaşayan Ayan xanıma baxır, onun geyindiklərindən geyinmək istəyirdi. Şair də məzarlığa baxır, tezliklə bu dünyaya tüpürüb getmək istəyirdi. Ancaq gəl ki, nə şair ölür , nə də arvadı Ayanın donları kimi don geyinə bilirdi. Bax, indi arvadının işləməyinə necə əngəl olacaqdı, qara-qara bunu düşünürdü. Bəlkə, hamı kimi Rusiyaya işləməyə gedəydi? Bəs arvadı kimə tapşıracaqdı? Rusiyaya işləməyə gedən qonşusunun arvadının nələr etdiyini yaxşı görürdü. Bəs nə etməliydi? Arvadı da əslində haqlıydı. O, nə istəyirdi ki, sadəcə insan kimi yaşamaqdan başqa? Şair bunları düşünərkən arvadı da qəti qərara gəlmişdi ki, işləyəcək. Daha başqa yolları yox idi. Şair səhərcən iki qutu siqaret çəkdi. Lakin ağlına bir fikir gəlmədi. Səhər kor-peşman razılıq verdi arvadının işləməyinə...
Arvadı tezliklə işə girdi...Hazırlıq kurslarından birində müəllimə işləyəcəkdi. Hadisələr heç də şairin düşündüyü kimi getmədi. Arvadının müdiri,iş yoldaşları millətini sevən, onların gələcəyi üçün çalışan insanlardı. Şair bu həyatda təkcə özünün yaxşı olmadığını gördü. Tezliklə onun özünü də işləmək üçün ora dəvət etdilər. İndi hər ikisi işləyirdi. Arvadı Ayanın donundan da gözəl donlar geyinir və torpaq alıb ev tikmək barədə planlar qururdu. Şair isə arzusunda olduğu kitabını artıq nəşr etdirmişdi.
Həyat təkcə “şeytanlar”dan ibarət deyildi...

Комментариев нет:

Отправить комментарий