23.06.2013

Həsrəti azdıran ünvan

Heydərbaba, Xoşginab həsrətiylə İrana gedən və 32 günlük övlad həsrətiylə geri dönən Xalidə Xalidlə müsahibə

Daha öncə də xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid artıq öz evində, doğmaları ilə birlikdədir. Ölkəmizin dəyərli ədibi İran İslam Respublikasına getdiyi gündən qayıtdığı günə qədər başına gələnləri İslamazeri.az İnternet Qəzetinə danışıb.Əməkdaşımızın hörmətli ziyalı ilə hazırladığı müsahibəni dəyərli oxucularımıza təqdim edirik:


Xalidə xanım, başlayaq səfəriniz məqsədindən. Niyə getmişdiniz İrana?
- Mənim İrana səfərimin məqsədi Şəhriyarın “Heydər babaya salam” mənzuməsinə son beş ildə yazılan nəzirələrin əldə olunması idi. Mənim elmi işimin mövzusu “Şəhriyarın Heydərbabaya salam poeması türk xalqları poeziyasında” adlanırdı. Və o məqsədlə də son dövr İran ədəbiyyatında Şəhriyarın əsəri ilə bağlı yazılan tədqiqat işlərini, nəzirələri əldə etmək idi. Elə bu niyyətlə də İrana getdik. Amma bu uzun müddətli bir ezamiyyət deyildi. Düşünürdüm ki, cümə axşamı gedib, bazar günü qayıdaram. Lakin olmadı, çox çəkdi.

Səfər marşrutunuz necə oldu?
- Öncə Meşkin şəhərində olduq. Meşkində Şəhriyarı tanıyanlarla, şəhriyarşünaslarla tanış olduq, həmsöhbət olduq.
Ordan getdik Nirə. Nirdə də Şəhriyarın poemasına nəzirə yazan insanla tanış olduq. O da öz əsərini bizə bağışladı. Həmçinin məşhur Ayrılıq mahnısının sözlərinin müəllifi Fərhad İbrahimi ilə görüşdük.
Sonra Səreyinə getdik. Səreyində yaşayan Şəhriyar haqqında xatirələri olan bir nəfərlə görüşdük.
Səreyindən də Təbrizə getdik. Ertəsi gün səhər Təbrizdəki şairlər məqbərəsini ziyarət etdik. Şəhriyarın əsərlərindən epizodların rəsm edildiyi məşhur Şəhriyar yeməkxanasında nahar etdikdən sonra Təbrizin gənc şairlərinin Araz dərnəyində görüşümüz oldu.
Səhəri gün 32 il Şəhriyarın yanında olub, ona həm oğul, həm qardaş, həm dost, demək olar ki şairin ən yaxın, doğma adamı hesab olunan Böyük Nikəndiş ilə görüşdük. O da Şəhriyarla bağlı çox gözəl xatirələri danışdı.
Və Xoşginab kəndinə getdik. Mənim çoxdanki arzum olan Heydər baba dağını ziyarət etdim. Haqqında çox eşitmişdim, oxumuşdum. Bəziləri deyirdilər balaca bir dağdı. Hətta təpəcik də deyənlər var. Amma mənim gözümdə o necə böyük görünürdü. Savalan kimi. Dağın zirvəsinə qalxdım və orada heç bir sözlə ifadə edə bilmədiyim hissləri yaşadım. Orada sanki Rəbbimə daha yaxın hiss edirdim özümü. Dağın zirvəsində Allahla münacatım oldu, Ona dəfələrlə şükürlər etdim, dualar etdim. Özümü həqiqətən xoşbəxt hesab edə bilərəm ki, ustadın ruhunun işığına qədəm götürüb o diyara getdim və elə gözəlliyi yaşamağı Allah mənə nəsib etdi.

Gələk İran xüsusi xidmət orqanları işçilərinin sizi saxladıqları yerə. Ora hara idi ?
- Bəli, Xoşginabdan Təbrizə qayıtdıqdan sonra bir aşığın evində qonaq olduq. Onların da kim olduqlarını, hansı əqidəyə mənsub olduqlarını bilmirdim. Meşkində qonağı olduğumuz ailənin dostları idilər və onlar bizi tanış etmişdilər.
Saxlanıldığımız gün həzrəti xanım Fatimeyi-Zəhranın (ə) təvəllüd günü idi. Yəni analar günü.

Hadisə necə baş verdi?
- O gün həm də qonağı olduğumuz aşığın anasının doğum günü idi və biz süfrədə oturub şam edəndə qapı döyüldü və İran mühafizə orqanlarının əməkdaşları gəldilər. Biz də daxil olmaqla evdə olan hər kəsin onlarla getməli olduğunu bildirdilər. Amma işlərini icra edərkən çox əxlaqlı, nəzakətli davrandıqlarını qeyd etməliyəm.

Həmin zaman nə düşündünüz?
- Mən tez buraxılacağımızı düşünmüşdüm, fikirləşdim ki, bu adi yoxlamadır və birazdan buraxılacağıq. Amma elə olmadı, bizi saxladılar. Bu 32 gün çəkdi. 32 gün saniyələrimin sanki ilə döndüyü günlər oldu. O müddətdə gündəlik ən çox etdiyim dualarım övladlarım üçün oldu. Narahatlğım, sıxıntım orada saxlanmaqdan qorxduğum üçün yox, övladlarım üçün nigaran olduğumdan idi.
Mən heç vaxt ölümdən qorxmamışam. Ölüm haqqdır və onu hər an yaşaya biləcəyimi yaddaşıma həkk etmişəm. Amma Allaha ölümümün qərib məmləkətdə olmaması üçün yalvardım orda.

Nə vaxt buraxlacağınız barədə soruşdunuzmu? Və ya məmurlar bu barədə sizə bir məlumat vermədimi?
-Soruşdum. Amma dedilər ki, Xalidə xanım, bu prosedurdur. Qanun belədir və istintaq başa çatana qədər burada olmalısınız.

Bütün 32 günü elə ilk aparıldığınız, dindirildiyiniz yerdə keçirdiniz, yoxsa başqa yerə də aparıldınız?
-Gündüzlər orada dindirildim. Amma sonradan axşamlar xanımlar üçün olan təcridxanaya aparılırdım.

Təcridxanada oradakı məhkumlarla əlaqəniz oldumu?
- Xeyr, mən təknəfərlik kamerada qalırdım.

Şəraiti necə idi saxlanma yerinizin?
- Normal. İnanın, orada mənə qarşı çox diqqətlə, həssaslıqla rəftar edirdilər. Hətta qaldığım otağı təmiz olmasına rəğmən yenidən yudular, sildilər, təmizlədilər.

Bəs yeməkləri?
- Kababından, aşından tutmuş hər yeməkləri çox gözəl, dadlı idi. Eynən evdəki kimi. Bu həqiqətdi, inanın.

Sizə necə müraciət edirdilər?
- Oranın məmur xanımları mənə “ustadi-ədəbiyyat” deyə müraciət edirdilər.

Evinizdən ayrı qaldığınız üçün səhhətinizdə, yuxunuzda bir problem olmurdu ki?
- 32 gün ərzində demək olar ki, ümumilikdə ən çox 5 gün yatmışam. Amma tez-tez baş ağrıları olan bir insan olmağıma baxmayaraq belə halı orada yaşamadım çox şükr.

Bir dəfə ifadəniz alındı və təcridxanaya göndərildiniz, yoxsa sonra yenidən dindirildiniz?
- Oldu. Dəfələrlə ifadəm alınırdı. Orda da dedim ki, bu Allahın bir imatahanıdır, gərək hamımız imtahandan üzüağ çıxaq. Mən də inşallah layiqli şəkildə çıxaram. Mənim başıma gələn əzablar, əziyətlər nə Fatimeyi-Zəhraya(s.ə) olanlardan çox deyil, ya xanım Zeynəbin (s.ə) çəkdiklərindən çox deyil, nə də övladlarımın həsrəti xanım Rüqəyyənin(s.ə) həsrətindən çox deyil. Allah hər bir bəndəsini sınağa çəkir, elə edək ki, axirətdə də bunlara görə cavab verə bilək.
Qeyd edim ki, bu işlə məşğul olan məmurlar çox nəzakətli, alicənab insanlar idi.

Konkret olaraq nədəsə təqsirləndirilirdiniz? Və ya siz özünüzü təqsirkar bilirdiniz?
- Təqsirim yalnız protokol qaydalarını pozmağım olub. Amma əlbəttə ki, məqsədyönlü şəkildə deyil, bilməməzlikdən.
Bəzən olurdu ki, kövrəlirdim, darıxdığım üçün. Mən onlara deyirdim ki, barəmdə heç bir mənfi şey aşkar edilə bilməz, çünki yoxdur, mən nə öz dövlətimə, nə də digər dövlətə qarşı heç bir pis iş törədə bilmərəm. Bu mənim təbiətimdə yoxdur.

Bəs istintaq işinizə necə xitam verildi?
- Çox sağolsunlar, heç məni aparmadılar, qazi özü gəldi. O zaman artıq işimə xitam verildiyini anladım. Sual verdilər ki, hansısa narazılığım varmı, bir təzyiq filan hiss etmişəmmi.
Elə bir vəzifəni icra edirlər ki, ola bilsin mənim hansısa cavabım xoşlarına gəlməyəndə sərt söz deyə bilərdilər, amma verdiyim cavablar onların suallarını tam cavablandırmayanda belə səbr edir, təmkinlə, səslərini cüzi də olsa yüksəltmədən yenidən sual verirdilər.
Elə mən də səbrlə, təmkinlə cavab verirdim.

Əşyalarınız necə, onlar sizdə idimi?
-Saxlandığım müddətdə lazım olanda istəyirdim gətirib verirdilər. Paltarlarımı, diş fırçamı filan. Quran istədim, dua kitabımı istədim, onları da verdilər. Gələndə də digər əşyalarımı da özümə qaytardılar.

Əşyalarınızı qaytaranda hər şey qaydasında idimi?
- Hamısını qaytardılar, hər şey yerində idi. Bir daha deyirəm ki, mən orada kiçicik də olsa artıq-əskik bir şey görmədim. Çox səviyyəli, alicənab insanlardır. Axı bu həqiqətdir. Yalana nə ehtiyac var? Səmimi şəkildə deyirəm ki, onlar vəzifələrini icra edərkən çox əxlaqlı, diqqətli, həssas davranırdılar.
Apardıqlarımdan əlavə ordan da gətirdiyim əşyalar oldu. Mən xatirə saxlamağı, getdiyim yerlərdən yadigar bir şey gətirməyi sevirəm. Yadigar olaraq oranın mədəniyətini əks etdirən müqəddəs əşyalar gətirdim. Təsbeh, möhür, canamaz, çadra kimi. Bir də gözəl bir nərgiz gülü. Xatirə olaraq uşaqlığımdan indiyəcən saxladığım güllər var, bunu da saxlayacam. Amma heyf ki, tələsik olduğundan aldığım kitablar qaldı orda.

Qayıdıb gələrkən onlarla sağollaşdınızmı?
- Sağollaşdım və sağollaşarkən dəfələrlə halallaşdım. İstintaqı aparanlardan tutmuş gözətçilərinə qədər. Halallıq istəyəndə isə deyirdilər ki, bizim heç bir haqqımız yoxdur sizdə, vəzifəmizi icra etmişik.
Artıq çıxıb gələndə dedim bağışlayın, sizə də heç bir hədiyyə, muştuluq, şirinlik verə bilmədim. Dedilər heç bir şey lazım deyil, duadan başqa. Biz müsəlmanların bir-birimizlə mənəvi bağlılığımız var, əgər dua etsəniz biz də burda onu hiss edəcəyik.

Təcridxanada günlər necə keçirdi?
-Bu da Allahın bir hikməti, bir imtahanı, bir lütfü imiş. Belə ki, orda hər gündəlik namazlardan əlavə hər gün müstəhəb namazlar da qıldım. Şükr səcdələrim çox oldu. Sizə orda başıma gələn bir hadisəni danışım. Əvvəla deyim ki, bildiyimiz kimi Şəhriyarın türkcə yazan şairlər içində ən çox sevdikləri Mehmet Akif Ersoy, Mirzə Ələkbər Sabir və Tofiq Fikrət, farsca yazanlardan isə Hafiz Şirazi olub. Hafizi öz ustadı bilib Şəhriyar.
İşimə xitam verilməsindən əvvəlki günün axşamı idi. Şam namazımı qılıb qurtarandan sonra möhkəm ağlamışdım. Qaldığım otağın divarında mərmər bir işləmə var idi.
Gözüm divarın o mərmər hissəsinə sataşanda sanki M.Ə.Sabir, Şəhriyar, aşağıda da Mehmet Akifi gördüm. Gözümü yumdum, açdım, dedim görəsən mənə nə olub, dəli oluram? Tez qalxdım, qapını döydüm, məmur xanım gəldi. Ona dedim içəri keçin və bu divardakı mərmərə baxın, nə görürsünüz? Dedi ki, xeyr orda nə var ki, adi divardı, mərmərdi. Nə gördüyümü soruşdu. Dedim heç bir şey. Sonra o otaqdan çıxdı və mən yenidən divara baxdım. Sanki televizorda kadrlar gedirmiş kimi Xətayi, Hafiz və Hafizin arxasınca da Firdovsini gördüm. O zaman elə qışqırdım və Allaha yalvardım ki, mənə kömək olsun. Çünki düşündüm ki, deyəsən artıq dəli oluram. Həmin qışqırdığım an elə bir ildırım çaxdı ki, sanki hər yer dağılacaq. Sonra başladım kəlmeyi-şəhadəti oxumağa. Allaha heç vaxt üsyan etməmişəm. Yazdığına şükr etdim, amma yalvarıb dedim ki, bu Onun işinə qarışmaq deyil, sadəcə istəyirəm ki, məni öz övladlarma qovuşdursun, mənə nə olacaqsa onların yanında olsun.
Və o an içimə elə bir hiss doldu ki, bildim tezliklə qayıdacam. Amma əvvəlki Xalidə Xalid olaraq yox, tam fərqli qayıdacam. Gerçəkdən artıq fərqli. Gerçəkdən mən müsəlman olduğuma görə fəxr edirəm. Gerçəkdən Allaha belə sarıldığıma görə fəxr edirəm. Gerçəkdən Allahın hikmətinə, verdiklərinə, bəxş etdiyi səbrə şükrlər olsun.


Bir ədəbiyyatçı, yazıçı, publisist olaraq bütün başınıza gələnləri yazmağı bədii, yaxud elmi işlərinizdə qələmə almağı düşürürsünüzmü?
- Orda Savalana baxarkən dedim:

“Dağlarının başı qardır,
Müsafirin buludlardır
Həsrət, nisgil sənə yardır.
Savalanım, ey baş tacım
Həm şirinim, həm də acım.”

Elmi monoqrafiyamda olacaq inşallah hamısı. Gözümün önündən getməyən Xoşginab, Heydər baba dağı, ustadın məzarı. Axı onların həsrəti ilə getmişdim.

Nə zaman üçün planlaşdırırsınız bunu?
-Allahın izni ilə sağlıq olsun, ilin axırına yazılar inşallah.
-İnşallah.
- İnşallah.


Qeyd edək ki, Xalidə xanım yadigar olaraq gətirdiyi əşyaları, həmçinin məktəb illərindən bəri saxladığı əlyazmalarını, şəkillərini, maraqlı xatirələrini bizimlə bölüşdü.

Seymur Abbas        islamazeri.az

Комментариев нет:

Отправить комментарий