05.07.2013

Biri məlum…

rovshen novruzoglu2 300x222 Anlamaq üçün...Rövşən Novruzoğlu

 Araşdırma materiallarına görə, Azərbaycana məxsus yüzlərlə tarixi sənəd dünyanın arxiv qovluqlarında “yol gözləyir”. Bu sənədləri oxuyan olacaqmı, vərəqləyən tapılacaqmı?.. Anlamaq olmur. Götürək lap elə yaxın keçmişimizdə Tehranda (İran, 1992-ci il) bağlanılmış “Şuşa sənədi”ni. Mənim tarixçilərə, siyasətçi və jurnalist dostlarıma, diplomatlara… belə bir sualım var; sizlərdən hansı biriniz o sənədi – tarixən Azərbaycanın başını aşağı edən, onun alnına “məğlubiyyət möhürü” vuran… tarixi sənədi görüb? Oxuyan varmı o sənədi? İyirmi ildən artıqdır ki, Şuşanın əldən verilməsilə bağlı 1992-ci il mayın 8-də qüvvəyə minən, Tehran konfransının tarixi sənədi haqqında mətbuat və kütləvi informasiya vasitələri susur.
Həmin tarixi sənəddə nə yazılmışdı? O sənədə imza atanlar kimlər idi? O bədnam və rüsvayçı sənədin mahiyyəti (ola bilsin dəyəri) nədən ibarət idi? Mən bu yazımda həmin sənədə (birinci səhifəsinə) imza atan Azərbaycanın o vaxtkı prezident əvəzi cənab Yaqub Məmmədovu da yada salmaq fikrim yoxdur.
 Məlumata görə, “Şuşa sənədi”nə altı nəfər imza atıb. Birini tanıdıq: Yaqub Məmmədov. Bəs, qalanlar?
“Şuşa sənədi”lə bağlı (əslində Şuşanın əldən verilməsilə bağlı) eksklüziv (belə demək mümkünsə) bir baxış keçirtdik. Biz bu sənədə heç bir yerdə rast gəlmədik. Maraqlıdır ki, sənədin əsli Ermənistan XİN-in arxivində saxlanılır…
 Və yaxud erməni qoşun birləşmələri tərəfindən işğal olunmuş və terrora məruz qalmış Azərbaycan torpaqlarına – Dağlıq Qarabağ ərazilərinə gəlincə, bu istiqamətdə də maraqlı nəticələrimiz var. Yenə kiçik bir eksklüziv “səyahət” etdik. Nə RF, nə ABŞ, nə Fransa, nə də İngiltərənin… (uzatmaq olar) rəsmi dairələrində, XİN arxivlərində, Dövlət Departamentinin, Konqresin sənədləri arasında “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” ifadəsinə rast gəlmədik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və yaxud ermənilər Azərbaycanın ərazi bütövlüyünə qəsd ediblər... kimi fikirlərə də rast gəlmədik. Yoxdur belə sənədlər. Azərbaycandakı diplomatların DQ ilə bağlı ifadələri, fikirləri rəsmi olmayıb, şəxsi mülahizələrdən başqa bir şey deyil. Şəxsi diplomat mülahizəsi isə Diplomatik Protokola salınmır…
 ATƏT-ə gəlincə, bu da qeyri-ciddi qurum kimi yaddaşımızda qaldı. Məlumata görə, bu gün bu siyasi qurumun 504 nəfər işçisi var. Onun da 42%-i münaqişəli, ziddiyyətli zonalarda öz missiyalarını yerinə yetirir. Bu qurumda ABŞ-ın 184, Almaniyanın 136, Böyük Britaniyanın 109, Fransanın 75 nəfər nümayəndəsi çalışır. Bəziləri güman edirdilər ki, ATƏT – Dağlıq Qarabağı dərhal alıb, özümüzə verəcək. (?) Amma onun nizamnaməsində alıb-vermək yoxdur. O, sadəcə, tərəflərə boş və mənasız vədlər verib sakitləşdirməklə məşğul olur.
 Araşdırma materiallarına görə, iyirmi il ərzində ATƏT-in işğal olunmuş ərazilərimizlə bağlı 1826 səhifəlik sənədi var. 405 cilddə toplanmış bu sənədləri (onlardan yalnız çox kiçik bir hissəsi qalır, qalan sənədlər hardadır, bilinmir) hansı Azərbaycan siyasətçisi, diplomatı, jurnalisti… tarixçisi vərəqləyib? Ona da şübhə etməyin ki, Azərbaycanda politologiya “ölüm ayağındadır”. Bu barədə ola bilsin daha geniş danışdıq. Anlamaq lazımdır ki, politologiya elmdir və bu elmin də özünəməxsus mənbələri, fakt və sənədləri var…
 Məlumata görə, Azərbaycana (olsun təmas xəttinə) səfər edən ATƏT üzvlərinin hər birinin “qonorarı” var. Və bu diplomat qonorarını da Ermənistan yox, məhz Azərbaycan tərəfi verir. Məsələn, hər bir siyasətçinin (söhbət ATƏT-in üzvlərindən gedir) bir günlük xərci (qonorarı) 16-18 min avrodur. Demək ATƏT-in Minsk Qrupunun hər hansı bir üzvü ayağını Azərbaycana qoyan kimi 18 min avrosu var… Qeyd edim ki, bu siyasətçilər Ermənistana gedəndə də eyni qiymətlə gedirlər. Onun da pulu, haqq-hesabı Azərbaycanın boynunadır…
 Bu mövzunu çox uzatmaq olar. Amma gəlin əsas mövzudan uzaqlaşmayaq. Ümumiyyətlə, “Şuşa sənədi”ni görən varmı?..

ayna.az

Комментариев нет:

Отправить комментарий