04.07.2013

“Aktyorların aldığı qonorarı desəm, gülərsiniz”

Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev: “İnternet, android telefonlar, 3D filmləri tamaşaçı kütləsini yeyir”

- Elman bəy, teatrlar zaman-zaman Mədəniyyət və Turizm Nazirliyinin biganəliyindən gileylənir. Sizin də belə gileyiniz varmı?
- Yox. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizim teatra hər cür qayğı göstərilir və biganəlik yoxdur. Teatrımızın binası elə bu yaxınlarda nazirliyin maliyyə dəstəyi ilə təmir olunub.

- Bəzi aktyorlar deyir ki, serial çəkilişlərinin səviyyəsi onları qane etmir. Siz özünüz də bir serialın çəkilişində rol almısınız. Sizi necə, qane edirmi?

- Serial çəkilişlərinə cənab prezidentin maliyyə dəstəyi ilə start verilib. Ayrı-ayrı prodakşn və telekanallar həmin maliyyədən isdifadə edərək seriallar çəkirlər. Pis-yaxşı öz seriallarımız var. Biz bu sahədə yeniyik, düşünürəm ki, gələcəkdə serial çəkilişlərində daha böyük uğurlar əldə edə bilərik. Biz gördüyümüz hər hansı işə kölgə salmaqla inkişaf edə bilmərik. Biz aktyorlar çalışmalıyıq ki, gördüyümüz hər bir iş uğurlu alınsın. Bunun üçün də çox işləməli, çox zəhmət çəkməliyik. Mən bir yox, iki serialda çəkilmişəm. Bunlardan biri “SOY” prodakşnın istehsalı olan “Sirr”, digəri isə “Xəzər” televiziyasının istehsalı olan “Aramzda qalsın” serialıdır.

- Aktyor maaşı ilənormal dolanmaq olarmı?
- Aktyorların maaşı çox azdır. Bunun üçündə aktyorlar telekanallarımızda yayımlanan flimlərin dublyajı ilə məşğul olurlar.

- Sirr deyilsə, dublyajdan nə qədər qonorar alırsınız?
- Mən bunu sizə deyə bilmərəm, çünki aktyorların aldığı qonorarı sizə desəm, üzünüzdə gülüş yaranar. Dublyajdan adığım ən çox qonorar ANS TV-də yayımlanan cizgi filmindən oldu. Heç bir telekanal dublyaja bu qədər yüksək qonorar vermir.

- Nə qədər idi?
- Bu, bir kommersiya sirridir…

- Aktyorların tamada kimi toylara getməsinə necə baxırsınız?
- Söhbət məndən gedirsə, heç bir toya tamada kimi getmirəm. Mən tamada deyiləm, aktyoram. Bəzi aktyorlarımız dolanmaq üçün toylara tamada kimi gedirlər.

- Sizin də fəxri adınız var, əməkdar artistsiniz. Deyilənə görə, fəxri adların şəxsi tanışlıqla verirlər...
- Mən 33 ildir səhnədəyəm. Əməkdar artist adını öz əməyimlə, alın tərimlə, bu illər ərzində qazandığım uğurların nəticəsi olaraq almışam. Bu yaxınlarda teatrın 140 illik yubileyi ilə əlaqədar teatrımızın yaradıcısı, rejissoru, sevimli müəllimim, ustadımız Bəxtiyar Xanızadə xalq artisti adına layiq görüldü. Bu zaman heç bir tanışlıq-filan da rol oynamadı.

- Teatra niyə maraq azalıb?
- Mən belə düşünmürəm .Teatrla maraqlananlar var. Amma kütləvi halda deyil. Bunun səbəbini belə izah edə bilərəm ki, internet, android telefonlar, 3D filmləri tamaşaçı kütləsini “yeyir”. Amma insan nə vaxtsa bundan bezəndə canlı ünsiyyət istəyir. Onu nə internetdə, nə 3D-də, nə də android telefonda tapmaq olmur. Mənə elə gəlir ki, bu da bir mərhələdir. Yadımdadır, DVD çıxandan sonra insanlar filmlərə kinoteatrlarda yox, evdə baxmağa üstünlik verdilər. Amma indi çoxları kinoteatra üstünlük verir. Eləcə də əminəm ki, teatr həvəskarları uzaqlaşdıqları teatrlara yenidən qayıdacaqlar. Amma bir şeyi vurğulayım, təvazökarlıqdan uzaq olsa da Pantomima Teatrının belə problemi yoxdur. İnsan həmişə canlı ünsiyyətə üstünlük verməlidir. Bu da yalnız teatrda mümkündür...

Tural Balabəyli                      virtualaz.org

Комментариев нет:

Отправить комментарий