07.01.2017

Ağasəlim Əmri Binəli - Görüm, sonra ölüm

Mənə, ya Rəb, ver əman, yari görüm, sonra ölüm,
Hicr üzüb könlümü, dildari görüm, sonra ölüm.

Ayrılıq cövrünə illərcə düçar etdi məni,
Bir gün ol ay kimi ruxsari görüm, sonra ölüm.

Gün cəmalından edib zülfünü yan, ol məhi-tam,
Edə nurani şəbi-tari, görüm, sonra ölüm.

Gələ vüslət xəbəri kaş gedən Yusifimin,
Kur edib hicri məni-zari, görüm, sonra ölüm.

Tutulubdur ələmi-fəsli-xəzandan könlüm,
Qəlb açan mövsimi-gülzari görüm, sonra ölüm.

Yetişib can ləbə, son dəmdə kərəm qıl, ya Rəb,
Ola qismət mənə didari, görüm, sonra ölüm.

Bitə rehlət günü hicran gecəsi, kaş, Əmri,
Pərtövi-Heydəri-Kərrari görüm, sonra ölüm.

Комментариев нет:

Отправить комментарий