06.01.2017

Beş-on manatın müqabilində susurlar

İbrahim Hümbətov

 Payız yuxusu da elə qış yuxusu kimi şirin olur. Mən də o gün qəşəngcə yatmışdım. Bekarçılıqdı. Televizorlar da elə çox şeyi təkrar-təkrar göstərir. Fikrim var idi ki, lap günortaya qədər yatım. Bir də gördüm ki, qonşuda qırğındır. Bizim qonşu bir az sözü üzə şax deyən olsa da, arvadı çox sakit, lal-dinməzin biridir. Heç ucadan səsin eşitməmişdim. Deməli, nədənsə kişinin papağı arvadın diqqətini cəlb edir. Ərindən soruşur ki, ay kişi, xeyir ola papağının ortası az qala deşilə. Kişi də deyir ki, həmişə sözün düzünü dediyim üçün, hamının nöqsanını gözünün içinə dediyim üçün, hər yetən bir qapaz vurub, papağım olub deşik-deşik. Arvad deyir ki, belə şey olmaz. Kişi nə qədər and-aman edirsə, arvad inanmır. Axırda kişi “əyani vasitəyə” əl atır. Arvada deyir ki, elə sənin də nöqsanını üzünə desəm, şivən qopardacaqsan. Arvad deyir ki, hələ de. Kişi bir az sıxıla-sıxıla deyir ki, vallah, elə sən də o vaxt dədən evində qartımışdın, xalan, bibin güclə mənə sırıdı. Bunu eşidən arvad başlayır kişini qapazlamağa.
 Deməyimdən belə çıxmasın ki, daha düz söz deməyək. Sadəcə bir misaldır da çəkdim. Yəni, düz sözə görə qapaz yeməsən də, elə əhəmiyyət verən də tapılmayacaq. Bizimkilər ancaq pul məsələsində dillənir. Bax, seçkidə nə qədər murdarlıq oldu, minlərlə insan susdu. Onda ki başladılar seçki saxtakarlığına görə məntəqə sədrlərinə, üzvlərinə pul paylamağa, şivən qopdu. Çünki pul əsas sahibinə çatana qədər gah “sponsor”, gah ərazi nümayəndəsi, gah məntəqə sədri “qulağını” kəsir. Ona görə də əksər məntəqə üzvləri verilən “haqqın” onlara göndəriləndən xeyli az olduğu gümanındadırlar. Təhqiqat davam edir.
 Bu pisliklərdən insan qəlbini təmizləyəsən ki, bizim də imzamız ola, şair demişkən millətlər içində?! O vaxt yaponlar müharibədən sonra musiqi dərslərinin sayını artırdılar ki, insanların qəlbində nifrəti, pislikləri daha çox təmizləsinlər. Amma bizdə hətta musiqi məktəblərində gah “Segah”, gah “Humayun” üstündə elə saxtakarlıqlar edirlər, özün də heyran qalırsan. Saxtakarlıq bəzilərinin gözünü elə qapayıb ki, musiqi dərslərini elə musiqidən xəbərsiz şəxslərə tapşırırlar ki, şagirdlər az qala həmin müəllimlərin özünə dərs keçsinlər. Qısası, bu məktəblərdə müəllimlər valideynləri “mədəni-mədəni” elə soyurlar ki, özün də heyran qalırsan. 
 İndi axmaqlar da görür ki, ətrafımızda it yiyəsini tanımır. Rəhmətlik Qasid müəllimin “kişi var?” sualına cavab verən tapılmır. Deyirdi hamısı qaldı 41-45-də. “Kişi sözü”nü yeyənlərin sayı isə günbəgün artır. Bir da müstəqil olaq, gör nə konsertlər olacaq. Şair demişkən, nə yaxşı ki, gecə yavaş-yavaş işıqlanır. Yəni, gecə qəfil işıqlansa, bilsək ki kimlər əyilə-əyilə kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır, onda bilirsən nələr olar? Ən azından bilinər ki, özündən deyən çox oğlanın imzası ilə rəhbərlik etdiyi ərazidə 100 min manatlarla pul silinir, min cür murdarlıq edilir, lakin xalq təəssübü çəkməli olanlar beş-on manatın müqabilində buna susurlar. Allah amanında!

Комментариев нет:

Отправить комментарий