Yəqin ki əsl xoşbəxtlik odur ki insan başqaları üçün yaşayır. Onun kim olmasından asılı olmayaraq öz yerində olduğunu, yer üzərində yaşayanların çoxlarına sevinc gətirdiyini, həyatda yaşamağın işıqlı və rahat olmasında azacıq da olsa zəhmətinin, xeyrinin olmasını hiss etmək, dərk etmək... Bəlkə də əsl xoşbəxtlik elə budur.
Lap bu sərt reallığın içərisində düşünürsən ki, belə xoşbəxtliyə görə yaşamağa dəyər! Bu həyat nə qədər çətin olsa belə. Əsl xoşbəxtlik kiməsə gərək, lazım olduğunu bilmək, yaşadığın cəmiyyətin dəyərini, qiymətini bilməkdir!
Deyəcəksiniz çox gürültülü alındı? Dediklərimə özümün inandığıma şübhəniz var? Ola bilər. Mən yazar da olsam, “xoşbaxtlıq”a qafiyə tapmaq üçün Moşu qədər baş sındırmamışam. Misal çəkdiyim “xoşbəxtlik”lərin hər birinin də şahidi olmuşam. Saxarovun öz ixtirasına görə ağladığını, Kalaşnikovun öz konstruktoru olduğu avtomatı daşlara çırpdığını da televizorla olsa da görmüşəm. Qəbirlərinin üstündə mərmər heykəllər olan məzarların yanından, üzr istəyirəm, tüpürüb keçənləri də görmüşəm. Gəldiyim nəticə dediklərim oldu.
Böyük və kiçik günahlar içərisində uşaqların əlinə silah alıb adam öldürməsi o qədər gözlənilməz günah kimi sayılıb ki, onu heç ağıllarına da gətirməyiblər ki, günah siyahısına da salalar. Deməli, uşaqlar da öldürürsə, konkret dünyanın sonudur. Deyir ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki orta məktəblərdən birində 6 yaşlı şagirdlərdən biri məktəbə silah gətirib. Şagirdin belində gəzdirdiyi odlu silah yerə düşüb və nəticədə atəş açılmasından yaxınlıqda olan şagirdlərdən 3-ü xəsarət alıb. Azərbaycanda Kürdəmir rayonunda 6 yaşlı uşaq 5 yaşlı bacısını güllələyib. Bilirəm, qəzadır, qəsdlə olmayıb, amma uşağın əlinə hansı səbəbdən olur-olsun silah düşürsə, onun valideyni günah işləyir, dünyanın dağıdılmasında əli var.
Deyirəm kişilər bir yana, qadınlar da özlərinə əl qatıblar, dünyanı dağıtmaq üçün yarışa çıxıblar. İspan siyasətçisi Sole Sanşez təbliğat kampaniyasında qadının döşlərinin təsvirindən istifadə etməklə başını zibilə salıb. Deyir plakatda (düşmüşük zibilə, kimsə bir qazan qaynadıb, əvəzinə biz üzrxahlıq etməliyik) kişi qadının döşlərini sıxır, şəklin altında isə "2 böyük arqument" sözləri yazılıb. Bu plakat yayıldıqdan sonra Demokrat Partiyasının namizədi olan xanım Sanşezə qarşı kampaniya başlayıb və hətta onu cinsi ayrı-seçkilikdə ittiham ediblər. Xanım siyasətçinin isə arqumenti belə olub: Mənim bədən üzvlərimi istədiyim kimi istifadə etmək hüququm var. Yəni, döş mənimdir, özüm bilərəm. Gedin vızqırdın! Deyəsən qadınların şeytana daha asan aldanması səbəbi kimi kişiləri bu dəfə ağılla düşünməyə məcbur edib, xanımın arqumenti əsassız hesab edilib və plakatlar yığışdırılıb. Kişilər sinələrini qabardıb deyə bilərlər ki, dünyanın sonunu bir neçə gün ləngidiblər.
Köşə yerimi doldurmaq üçün saytlardan seçib yazdım. İnanırsınız inanın, inanmırsınız- istədiyiniz kimi xoşbəxt olun. Əsas odur ki, sizinçün maraqlı olsun, vaxtınızı xoş keçirəsiniz və yazdıqlarımızdan nəsə götürəsiniz.
Ancaq yaman oldu ha! Misir xarabadakı hadisələrdən sonra bizim böyüklər də əl-ayağa düşdülər. Deyilənə görə, icra başçıları bərkgedən idarə müdirlərini yığıb xəbərdarlıq etmişdilər ki, bu vaxta qədər nə alıbsınız-alıbsınız, bundan belə təmiz işləyin. Xalqı soymağı hələlik dayandırın, əhalini incitməyin, obyektlərə yersiz yoxlamaları göndərməyin. Bilmək olmaz, bəlkə bu söz-söhbəti zarafatla düzüb-qoşublar. Bəlkə bu da təzə nağıllardan biri, folklor nümunəsidir. Axı bu təmizlik söhbətindən qabaq elə proqnozlar gəlirdi ki, lap çaş-baş qalırsan. Bəzi ağzı-dili yanmışlar danışırdılar ki, rayonlarda təhsil şöbə müdirliyi yerinin “tas”ı 120 min dollara qalxıb. Dostum deyir, o böyüklükdə vəzifə üçün normal qiymətdir də, alıb əmrləşdirsinlər. Özü də hər rayonçün taslar ayrıdır. Rayon var acından ölür- tas bahadır. Rayon var pulludur- aha, demək vəzifə tası ikiqatdır.
Dərd təkcə pul dərdi deyil e. Bir də görürsən, qızın 2 namizədi var. Bir də görürsən rayonun baş mollasının qardaşı da bu vəzifəni istəyir. O biri tərəfdən isə köhnə müdir öz kadrını irəli verir.
Bir ağsaqqal söhbətimizə qulaq asıb deyir ki, o rayonun yeni icra başçısı çox gözü tox, təmiz adamdır. Özü də əvvəllər təhsil şöbə müdiri işləyib. Belə-belə naxələf işlərə qol qoyub təhsili pula qurban verməz. Ağsaqqaldır da, çəlikdən və qəlyandan başqa nə görüb ki? Hakimiyyət koridorlarında nə pıçıldaşmalar gedir, nə bilsin?
Təhsildə ki o pul var ha, adamı lap qızışdırıb hamara salır. Allahın qotur musiqi məktəbində ayda 3-5 min qapazlayırlar. Müəllimlərin plastik kartları da cibişdanda ola! Yazanların kartını özlərinə verirlər, qoyun sürüsü isə gətirib özü təqdim edir. İllah da ki əksər müəllimlər qadın ola. Heç kim abrından cınqırını çıxartmaz. O da plastik kartları az qala plastilinə çevirib, istədiyi formada “qulağını” kəsir. Bir yerdə ki, bir uşaq bir sinif ola- 10 dənə “levıy” uşaq 10 sinif. Hər sinfin də haqq hesabı 5-6 min manat edir. Birini “KURİ”, birini də qəzet adıyla qorxudur. İçəridə isə zibil xirtdəkdən.
Mətbuatda bu novruzəlilərdən, tükəzbanlardan çox danışılır. Bir rayonun ki belə-belə işlərə baxan böyüyü məmmədnəsir ola, oranın təhsilinin, səhiyyəsinin, mədəniyyətinin səviyyəsi də elə bir nəsir, bir həsir olar. Müstəqillik yarandan rayonlarımızdakı məmurlar hamısı bir devizlə işləyirlər: hamıya çirkin olsam da, bircə başçıya göyçək olaydım. Deyirəm, dünyada bu qədər zırıltı-zıırıltı işlər baş verir, bizimkilər hələ də ayılıb ondan-bundan soruşmurlar ki, bu taqqatuq hayandan gəlir?
Комментариев нет:
Отправить комментарий