07.05.2017

Qızıl tapançalı Ramzan Kadırov - prezidentin portret cizgilərindən bəzi ştrixlər

Həmid Herisçi

O, vahhabiləri özünün qan düşməni elan edib. Hərbi əsirləri, girovları, deyilənlərə görə, bəzən şəxsən özü dindirir. Qızıldan tökülmüş tapançasını düşməninin düz alnına dirəsə vəssalam, orası-burası yoxdur, ortaya mütləq qan düşəcək.
Cangüdənləri hərdən Paris, İstanbul, Vyana, Dubay, Moskva, Qroznı və Qudermes arasında fərq qoymurlar. Gedib orda da qətlə yetirirlər öz ağalarının qan düşmənlərini. Şəxsi düşmənlərindən ibarət xüsusi siyahıda, deyilənə görə, 5 mindən çox zavallının adı mövcuddur.
Dağıstan mafiozu Hacı Mahaçovun toyunda onun iştirakı Moskvadakı ABŞ səfirliyi tərəfindən sənədləşdirilib. “WikiLeaks” saytının dərc etdiyi 009533 saylı bu tam məxfi sənəddə deyilir: “Uzun masaların üstü soyutma nərə balığı, quzu cəmdəkləriylə doluydu. Azərbaycanın pop-ulduzlarının çıxışından sonra qəfil qasırğa qopdu elə bil məclisdə. Cangüdənlər yox yerdən qəfil ortada peyda olub hamımızı göz bəbəklərimizədək diqqətlə yoxladılar. O, əynində yüngül yay köynəyi, belində dar cins şalvar qəfil ortaya atılıb ləzgi rəqsinə başladı. Dinamik rəqsinə belindəki qızıl tapançası mane olsa da, hiss edilirdi o, bu tapançadan məhşər gününəcən ayrılan deyil. Hacı Mahaçovla birgə şabaş olaraq yerə 50 min dollaradək pul səpələdilər. Sonra o, beş kiloluq qızıl külçəsini bəy və xanıma hədiyyə edib silahdaşlarının əhatəsində vətəninə döndü. Gecələmək təklifini vecinə belə almadı. O öz yuxusunu, deyilənlərə görə, heç vaxt yad ünvanlara etibar etmir”.
Bu kim olsa yaxşıdır? İndiki Çeçenistan prezidenti Ramzan Kadırov!
***
Lap elə bu son günlərdə Rusiya Dövlət Duması yeni qanun layihəsi müzakirəyə çıxaracaq. Layihəyə əsasən, indən belə Rusiya prezidenti Vladimir Putini təhqir edən şəxs 4 ildən 6 ilədək həbs cəzasına məhkum oluna bilər. Ancaq bu, o demək deyil ki, Putini indiyədək söyənlər vaxtında öz layiqli cəzalarını almayıblar. Alıblar. Özü də ən sərt şəkildə... Deyilənlərə inansaq, kim cəzalandırıb onları? Guya əsərimizin bax bu baş qəhrəmanı Ramzan Kadırov!
***
Ancaq Ramzan Kadırovu gəlin, indi terminator-filan elan etməyək özümüz üçün. Yeri, vaxtı gələndə Ramzanın özü də çox ciddi təxribatların qurbanına çevrilir bəzən. Xüsusən sarışın, cazibədar jurnalist qız-gəlinlərə müsahibə verdiyi vaxtlar, o hərdən ciddi “quş” buraxır dünya mətbuatı səhifələrində.
Mücərrəd söhbətlərdən ayrılıb keçək real faktlara. Dörd-beş il öncə “Newsweek” dərğisinin jurnalisti, sarışın Anna Nemsovaya müsahibə verən Ramzan Kadırov ilk dəfə olaraq bu mövzuya beynəlxalq status verib: “Putinin tənqidçiləri, şəxsi düşmənlərimdi. Putin məni dəstəkləyənə qədər istədiyimi edəcəm. Allahu Əkbər!”
DOSYE : NEMSOVA ANNA. Kadırovdan həmin bax bu müsahibəni alan Anna Nemsova mənşəcə amerikalıdır. Postsovet məkanından yazdığı mövzularla ad çıxarıb. Xüsusən “Qafqaz, islam, vahhabi” kimi “tez alışan” mövzulara müraciəti ilə məşhurdur. Ayağını, qələmini hara bassa, oradan mütləq avtomat atəşi səsi gələcək. Misal üçün, 2015-ci ildə o jurnalistlər arasında o qədər də tanınmayan Dərbəndə gedir. Şəhərin 2700 illik yubileyində iştirak edib sonra tənqidi ruhlu, provakasyon bir məqalə çap etdirir Amerika mətbuatında. Mövzuda tənqid hədəfi eynidir: Putinin Qafqaz siyasəti. Vahhabi maraqlarını güdən bu məqalə nəticəsiz ötüşmür-Dərbənddə siyasi vəziyyət kəskinləşir. Annanın bu səfər zamanı Sevil Novruzova adlı hüquq müdafiəçisindən “vahhabi meşə qardaşları” barədə aldığı məxfi informasiya sonralar öz təyinatı üzrə işlədilməyib. Əksinə, gedib düşüb Qərb kəşfiyyatçılarının, vahhabilərin ovcuna.
***
Anna Nemsovanın Kadırovdan aldığı müsahibədən sonra da mövzu ətrafında eyni təxribatlar start götürür. Məhz bu məşhur müsahibədən sonra bəzi Qərb nəşrləri “Putin, İslam, Allah-Əkbər” mövzusunu birləşdirib ondan çox ləzzətli islamafob, rusiyafob kokteyl məhlulu hazırlayırlar.
***
Sifariş, üzr istəyirəm, kokteyl ötürülür, hə, öz təxribatları ilə məşhur “Charlie Hebdo” satirik jurnalına. O da başlayır bu kokteyli Qərb oxucusunun incə qədəhlərinə süzməyə. Əvvəlcə Putinin əleyhinə silsilə karikaturalar çap edir, sonra İslamın, Peyğəmbərimizin əleyhinə. Nəticə məlumdur- redaksiyaya hücum, çox saylı qurbanlar. Dünyanın dörd tərəfində anti-İslam isterikası.
Qəribədir, ancaq bəzi ciddi konspiroloqlar burda da dinc durmayıb müqəssirlər skamyasında Ramzan Kadırovu əyləşdirmək istəyirlər. İddia olunur ki, hadisənin birbaşa icraçıları- çeçen terrorçuları, bir güllə ilə iki dovşan öldürüblər. Həm Putinin təhqirinə layiqli cavab veriblər, həm İslam Peyğəmbərinin. Guya məhz bu səbəbə hadisədən dərhal sonra Ramzan Kadırov paytaxt Qroznının baş meydanına bir milyonadək insan kütləsi yığıb. Peyğəmbər düşmənlərinə milyonların ağzından qara qarğış yağdırıb orda. Əslinə qalarsa...
Əslinə qalarsa, Parisdən qayıdan öz təxribatçılarını, qatillərini qarşılayıb bu meydanda. Sakitcə göz vurub onların ünvanına. Barmaqları ilə dodaqlarını örtərək uzaqdan “Sus!” işarəsini ötürüb özünün bu başkəsənlərinə.
Sonra sarışın jurnalist Anna Nemsovanın adına ağzına gələni püskürüb.
***
O həm öz, həm Putinin rəqiblərini sonuncusunadək öldürüb qurtarmayanacan elə biləsən ki, dayanan deyil. Jurnalist Anna Politkovskaya həmişə Ramzana qarşı ciddi ittihamlar irəli sürər, onu çox saylı qətllərdə ittiham edərdi. Hüquq müdafiəçisi Natalya Estemirova da həmçinin həmişə bu ittihamları təkrarlardı. Nəticə məlumdur- indi bu hər iki jurnalist torpaq altında yatır.
Qətllər təkcə elə jurnalist tayfasını əhatə etmir. Siyahıda çox sayda poqon sahibləri də mövcuddur. 18 noyabr 2006-cı ildə Moskvanın düz mərkəzində Mövladi Baysarov adlı FSB polkovniki öldürülür. Sonra bəlli olur ki, Baysarov bizim bu Kadırovla cur deyilmiş. Moskvaya gedib orda Kadırova qarşı cinayət işi açmaq istəyirmiş. Sonra növbə çatır məşhur çeçen partizanları Yamadayev qardaşlarına. 2008-ci ildə bütün Gürcüstan ordusunu tabeçiliklərindəki tək bircə batalyonla məhv edən bu qardaşlar Kadırovun növbəti qurbanlarına çevrilirlər. 2008-ci ilin sentyabrında Moskvada Ruslan Yamadayev öldürülür, 28 mart 2009-cu ildə Dubayda Sulim Yamadayev. Deyilənlərə görə, sonuncunun başına kontrol atəşini qızıl tapançadan sıxırlar. Tapançanı da atırlar Sulimin sinəsi üzərinə. Bu cür qızıl tapançalar isə Ramzanın şəxsi kolleksiyasında bir deyil, iki deyil.
Onlarladır...
Az sonra bu qətllərin coğrafi əhatəsi xeyli genişlənərək Avropa qitəsinə sıçrayır. 13 yanvar 2009 tarixində- çox tərs bir gündə guya Kadırovun tətikçiləri Vyanada Umar İsrailov adlı çox vacib bir şahidi oğurlayıb Çeçenistana gətirməyə cəhd göstərirlər. Əməliyyat baş tutmur. Tətikçilər məcbur qalıb İsrailovu güllələyirlər. 1 fevral 2009-cu ildə “The New York Times” qəzetində məşhur jurnalist Kristofer Çivers bu qətlin qurbanı Umar İsrailov barəsində geniş tədqiqatını çap etdirir. Həmin qalın dosyeni Ramzan Kadırova qarşı ən ciddi ittiham saymaq olar indi. Nələr yoxdur orda? Adam oğurluğu, qanunsuz qazamatlar və sair və ilaxır. Ramzanın doğma Sentaroy kəndindəki “Ramzan” idman klubu bilmək olmur əyləncə mərkəzidir, yoxsa işgəncə. Dosyedə göstərilir ki, işgəncələr, qətllərdə Ramzan özü birbaş əsas iştirakçıdır. Sonrakı tədqiqata məşhur Fransa qəzeti “Le Mond” da qoşulur. Artur Kurmakayev adlı bir çeçen yaraqlısının etiraflarına öz səhifələrində səxavətlə yer verir. Göstərir ki, Kadırov əhatəsinə daxil olan bu yaraqlı 2008-ci ildə qanunsuz olaraq (!) Avropaya sızıb. İsrailovu məcbur etmək istəyib ki, o öz şikayət ərizəsini Strasburq məhkəməsindən geri çağırsın.
Kristofer Çiversin bu qətldən düz 4 gün öncə Putinin mətbuat katibi Dmitriy Peskova müraciəti qısa şərhlə nəticələnib- "Şayiələri şərh etmək bizə aid deyil".
2011-ci ildə Avstriya məhkəməsi İsrailovun qətlində ittiham edilən üç çeçeni uzun müddətli cəzaya məhkum edir. Turpaləli Eşurkayev 16 il, Müslüm Dadayevi 19 il, Otto Kaltenbrunneri ( Ruslan Edilovu) ömürlük həbs cəzasına layiq görülür. Cinayət işində Otto Kaltenbrunnerin Ramzan Kadırovla çoxsaylı fotoları mövcuddur.
***
Ramzan Kadırovun sələfilərə, vahhabilərə amansız müharibə edib bu sahədəki uğurları təkcə öz adına çıxmağı mənim sifətimdə hərdən gülüş ifadələri yaradır. Niyə? Çünki mən bildiyim qədər bu qələbələrin səbəbkarı, bu məxfi əməliyyatların əsl müəllifi Kadırov deyil, rus hərbi kəşfiyyatında “Azef” kod ismi ilə tanınan məşhur xüsusi təyinatlı agentdir.
DOSYE: Hər kəşfiyyat qurumunun, fərqi yoxdur KQB olsun, yaxud MKİ, yaxud MOSSAD və ya Mİ-6, nəsildən-nəslə ötürülən xüsusi məxfi brendləri mövcuddur. Yəni tutaq ki, Mİ-6 Britaniya kəşfiyyatında vaxtilə çox uğurlu “007" saylı bir xüsusi təyinatlı məxfi agent varmış. Bax bu ”007" rəhmətə gedincə, kod ismi yerdə qalmır. Ötürülür özü kimi bir başqa istedad sahibinə. Rus kəşfiyyatında da oxşar brendlər mövcuddur. Belələrindən ən məşhuru “Azef” brendidir.
İlk “Azef” 19-cu yüz ilin sonu 20-ci əsrin əvvəllərində rus inqilabçıları arasında fəaliyyət göstərib. İkili agent olub-həm eser terrorçularına qulluq edib, həm çar xəfiyyəsinə. O həm də əlavə olaraq bəzən “Sfinks”, “Svinya” (yəni “donuz”) kod işarələri ilə də tanınıb çox dar dairələrdə. Bu ikili agentsiz 20-ci əsr Rusiya inqilab prosesini izləmək mümkün deyil indi.
İlk “Azef”in ölümündən sonra bu hər üç brend adı, vaxtaşırı özünə yeni sahiblər qazanır. Vahhabilər müasir Rusiyada terrora keçdiyi zaman Rusiya hərbi kəşfiyyatı QRU başını qaşıyıb çox fikirləşir. Axır qərara alır ki, vaxtilə çarizmin eser terroruna qarşı istifadə elədiyi bu köhnə silahdan indi yararlanmasa günah olar. Köhnə “Azef” qovluğu tozlu arxivlərdən çıxarılır, ötürülür növbəti icraatçıya. Həmin bax bu növbəti “Azef”i ifşa eləməyim 1995-ci ilə aiddir. O vaxt mən bu məxfi agentin həqiqi adından xəbərsizdim. Bir dəfə “Azef” adlı bir tarixi romanı təsadüfən əlimə götürüb onu vərəqləməyə başlarkən gördüm ki, bu kəs nədənsə bərk diksindi. Sonrakı görüşlərimizin hamısında çalışdım mütləq bu kitab da iştirak etsin. Hər dəfə eyni mənzərə təkrarlanırdı. O, əlimdəki eyniadlı kitabı görüncə bərk karıxırdı.
Məhz bu “Azef” Şamil Basayev, Xattab və digər vahhabilərin ürəyinə girib onların etimadını qazanır. Sonra başlayır köhnə “Azef” ənənələrinə- bunu satır, o birisinə imkan yaradır. Nəhayət, vahhabilərin Orta Asya, Qafqaz, Volqa boyundakı bütün nəhəng şəbəkəsini qeydə alıb dosyeni ötürür lazımi ünvanlara.
***
Əsl həqiqət budur. Postsovet məkanında ABŞ, Britaniya kəşfiyyatının min cür əzab-əziyyətlə hazırladığı məxfi şəbəkəni Ramzan Kadırov deyil, məhz “Azef” kod isimli məşhur kəşfiyyatçı ifşa edib.
Ramzana isə deyiblər- "get bu işin müəllifliyinə sahib çıx".
Bu qədər...

musavat.com

Комментариев нет:

Отправить комментарий