06.05.2017

Eldar Mahmudovun dəstəsinin məhkəməsində sensasion iddialar

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.
Gununsesi.info xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər vəsatətlərlə çıxış ediblər. İlk olaraq Taleh Sadıqov təqsirləndirilən şəxslərə qarşı 500 min manat məbləğində mülki iddia qaldırıb.
Digər zərərçəkmiş Aydın Cəfərov isə 50 min manat maddi, 40 min manat isə mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddia verib. O, təqsirləndirilən şəxslərə yanaşı MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova və nazirliyin başqa bir əməkdaşı Elşad Əzizovun da mülki cavabdeh qismində tanınmasını istəyib. Bildirib ki, telefonunun dinlənməsində adının qeyd etdiyi şəxslərin rolu olub.
Elçin Quliyevə qarşı zərərçəkmişlər Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov isə 1 milyon 400 min manatlıq mülki iddia qaldırıblar. Maqsud Mahmudovun mülki iddiasında göstərdiyi rəqəm müdafiə tərəfinin etirazına səbəb olub.
Elçin Quliyevin vəkili bildirib ki, ittihamda Maqsud Mahmudova dəymiş ziyan 120 min manatdır. Vəkil bundan çox mülki iddia qaldırılmasını əsassız hesab edib. Maqsud Mahmudov isə bildirib ki, onun əmlakını bir günün içində 120 min manata satdırıblar, halbuki əmlakı baha olub.
Hakim məsələyə məhkəmənin yekununda qiymət veriləcəyini bildirib. Zərərçəkmiş Heydər Ələkbərov isə 300 min manat maddi, 500 min manat isə mənəvi zərərin ödənilməsi üçün Elçin Quliyevə qarşı mülki iddia qaldırıb. Məhkəmə bütün mülki iddiaları icraata qəbul edib.
Daha sonra zərərçəkmiş Mətləb Mustafayev bir neçə vəsatətlə çıxış edib. O, əvvəlcə “Azercell”dən telefon danışıqlarının surətinin tələb edilməsini istəyib. Zərərçəkmiş ümumilikdə 6 telefon nömrəsində olan danışıqlarla bağlı analoji tələb irəli sürüb. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.
Mətləb Mustafayev digər vəsatətində barəsində əvvəllər başlanmış cinayət işi ilə bağlı Elçin Quliyevin məhkəmə qərarı olmadan axtarış aparması haqda sənədlərin Dövlət Təhlükəsizlik Xidmətindən tələb edilməsini, 22 nəfər şəxsin əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudovun, Səbail və Nəsimi rayon məhkəmələrinin hakimlərinin adları var. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı hazırkı mərhələdə vəsatətin baxılmamış saxlanmasını istəyib.
Mətləb Mustafayev bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə həbs edilib və məhkum olunub. Onun sözlərinə görə, Ali Məhkəmə həmin hökmü ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib: “Hazırda işimə Bakı Apelyasiya Məhkəməsində baxılır. Hakim kollegiyası işin araşdırılmasını dayandırıb və bu məhkəmənin çıxaracağı hökmün nəticəsini gözləyir. İstintaq dövründə də vəsatətimdə adını çəkdiyim şəxslərin dindirilməsini istəmişəm. Amma dindirilməyiblər”.
Mətləb Mustafayev qeyd edib ki, əməliyyatın qurulması üçün əmri Eldar Mahmudov verib. Bu işdə MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev, onun müavini Təhsin Ağayev və digər əməkdaşlar da iştirak edib: “Onların məhkəmədə dindirilməsini istəyirəm. Bu şəxslərin qardaşım Malik Mustafayevin intihar etməsi ilə bağlı məlumatları olub”.
Hakimlər vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıblar.
Daha sonra Azər Mehdiyevin vəkili Qubad Salayev vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, 10-dan çox ağır və ya xüsusi ilə ağır cinayətlərin üstünü açdığını qeyd edib: “2012-c ildə İgidliyə görə medalı ilə təltif edilib. Bütün bunların nəzərə alınmasını, Azər Mehdiyev barəsində həbs qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəz edilməsini istəyirik”.
Prokuror bildirib ki, müdafiəçinin verdiyi vəsatət əsasızdır: “Təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayətdə ittiham edilir. Onun şahidlərə təsir göstərmək, sübutları dəyişdirmək imkanları var”.
Hakimlər vəsatəti təmin etməyiblər. Azər Mehdiyevin vəkili zərərçəkmiş Maqsud Mahmudovun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib. O, bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb.
Vəkilin sözlərinə Azər Mehdiyev Maqsud Mahmudovun ərizəsi və ifadəsi əsasında həbs edilib: “Biz bu şəxsin izahat və ifadələrinin obyektivliyinə şübhə ilə yanaşırıq. Onun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması ilə bağlı rəsmi sənəd almışıq. Buna görə də onun anlaqlı olub-olması ilə bağlı ekspertiza təyin edilməsini xahiş edirik”.
Vəsatətə münasibət bildirən Maqsud Mahmudov bildirib ki, Qarabağ döyüşlərində iştirak edib, bu səbəbdən 1994-cü ildə müalicə alıb. O, ikinci dəfə müalicə almasına belə münasibət bildirib: “7 gün orada müalicə almışam. Bunu da birdəfəlik pensiya almaqla bağlı etmişəm”.
Dövlət ittihamçısı isə zərərçəkmişin anlaqsız hesab edilməsi barədə vəsatətə əsas görməyib: “Onun müalicə alması psixi pozuntusunun olmasına dəlalət etmir. Maqsud Mahmudovun ifadələri ilə bağlı Azər Mehdiyevə ittiham verilməyib. İttiham mötəbər sübutlara əsaslanıb”.
Elçin Quliyev isə bildirib ki, Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub: “Ona pornoqrafik videolarla qadınları şantaj etməsi ilə bağlı cinayət işi də olub. Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”.
Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib.
Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının çəkilişlə aparılmasını istəyib. Bildirib ki, sonuncu məhkəmə iclasından sonra mətbuatda xoşagəlməz məlumatlar yayılır: “İstəyirik ki, çəkiliş aparılsın, həmin çəkilişlə məhkəmə iclasının protokolları uyğunlaşdırılsın. Hələ burada məhkəmə istintaqı başlanmamış mətbuatda Elçin Quliyevin açıqlamaları yayılıb”.
Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməyəcəyini deyib, prosesin qapalı keçirilməsini istəyib. Prokuror bildirib ki, məhkəmə iclası protokollaşdırılır: “Protokoldan narazı qalanlar qeydlərini edə bilər. Məlumatların yayılmasına gəlincə, ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə aidiyyəti yoxdur. Video çəkilişlə bağlı hissədə vəsatət təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən vəsatət var. Həmin vəsatətə əsasən dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.
Prosesin qapalı keçirilməsini zərərçəkmiş Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov da istəyib: “Mətbuat on il əvvəl olan işləri yazır. Yazırlar ki, əli ilə 5 göstərib, 500 min istədi. Buna görə də prosesin tam qapalı keçirilməsini istəyirik”.
Hakimlər prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib.
Daha sonra məhkəmə istintaqı başlanılıb, dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Elçin Quliyevə ifadə vermək təklif edilsə də, hazırkı mərhələdə o, ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, zərərçəkmişlərin də iştirak etdiyi prosesdə ifadə verə bilməz: “Mənim hər sözüm dövlət sirridir. Əməkdalarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. “Meşə qardaşları”, Kamran Əsədovun dəstəsi, İŞİD, Əl-Qaidə digər terror şəbəkələri əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Mənim adımı açıqlayıblar. Əməkdaşlarımızın adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək?”
Elçin Quliyev sonda ifadə verəcəyini bildirib. Digər təqsirləndirilən Azər Mehdiyev də susmaq hüququndan istifadə etdiyini qeyd edib.
Bundan sonra ifadə verən zərərçəkmiş Xalıq Sadıqov bildirib ki, “Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olub. Onun sözlərinə görə, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham etdilər. Sonra şirkətin lisenziyasının ləğvi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər. Bildirdilər ki, bütün turizm şirkətləri bizimlə belə işləyirlər”.
Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb, yenə hədə-qorxulara məruz qalıb: “Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən özlərinin, ailə üzvlərinin adlarına tur-paketlər götürürdülər. Sanki şirkət onlarındır. Bu barədə heç yerə şikayət etməmişəm. Şikayət etsəydim, evimdə məni güllələyərdilər”.
Digər zərərçəkmiş, uşaq həkimi Elşən Tağıyev bildirib ki, 2015-ci il sentyabrın 27-də işlədiyi “Ankara” klinikasının qarşısında MTN əməkdaşları tərəfindən saxlanılıb və nazirliyə aparılıb: “Nazirlikdə mənə bildirdilər ki, hansına qadına qarşı əxlaqsız hərəkətlər etmişəm. Məndən 50 min, daha sonra isə 30 min istədilər. Amma MTN əməkdaşlarına heç bir vəsait ödəməmişəm”.
Elşən Tağıyev bildirib ki, barəsində olan şikayətlə bağlı sonradan Sabunçu rayon Polis İdarəsində araşdırma aparılıb və şikayət sübuta yetirilmədiyi üçün cinayət təqibinə xitam verilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Elçin Quliyev bildirib ki, zərərçəkmişin əməlləri ilə bağlı MTN-ə şikayət edilib: “Şikayət əsasında həmin şəxs MTN-ə çağırılıb və dindirilib. Çoxları fikirləşir ki, MTN ancaq dövlətin təhlükəsizlik işləri ilə məşğul olmalıdır. Amma elə deyil. Bizim işimiz insanlarla işləməkdir. Bu zərərçəkmiş ərəb ölkələrində işləyib. Biz də insanların fəaliyyətində seçim edirik, bu üsulla onları nazirliyə dəvət edib, əlaqə yaradırıq”.
Məhkəmə iclası mayın 8-də davam edəcək.

gununsesi.info

Комментариев нет:

Отправить комментарий