01.12.2010

Mirzə Cəlilin şeirləri

                 Sözlə qurulan güzgü 
 
  Həyat və yaradıcılığını mənsub olduğu xalqın, millətin müqəddəratı, dirçəlişi, istiqlalı uğrunda mübarizəyə həsr etmiş görkəmli yazıçı Cəlil Məmmədquluzadə əlinə qələm alan gündən bütün fəaliyyətini işığa doğru yönəldib. Böyük ədib «Xatiratım» adlı əsərində yazırdı: «Gözümü... birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: «Allahu əkbər! Allahu əkbər!»

 
  Bu, zamanın, mühitin ovqatı və rəngi idi. İnsanların avamlığından, həddən ziyadə saflığından dinə, imana bağlılığından sui-istifadə edərək onların gözlərini qapamaqla aləmi olduğu kimi görməyə maneçilik törədən xurafatçılar öz xoş yaşayışları üçün minlərin həyatını qaranlığa, zülmətə döndərməkdən çəkinmirdilər. Əslində, Mirzə Cəlilin özü də sadə, fəqir, kasıb bir ailədə anadan olmuşdu. Amma ulu Yaradan onu Yer üzünə - qədim Naxçıvana, böyük Azərbaycana, bütün Şərq dünyasına mənəvi və gur işıq kimi göndərmişdi. Bu işığın şöləsi pis gözləri qamaşdırır, milli düşüncənin nəhrinə yol açır, insanları çabaladıqları qaranlıqlardan nura doğru çəkirdi.
  Mübarizə həmişə çətindir. İşıqlı əməllər tikanlı yollardan, qara qüvvəli maneələrdən, qəfil zərbələrdən, qadağa və təzyiqlərdən keçməli olur. Üzləşilən hər bir bəladan zəfərlə çıxmağı bacarmaq bir şərtdən - mücadilə savaşının mayasındakı canyanğısından çox asılıdır. Mirzə Cəlil ən kiçik hekayəsindən tutmuş, felyeton və məqalələrinə, adi məktublarına kimi hər bir sətrində, cümləsində, sözündə, sualında, hətta atmacasında belə böyük azərbaycanlı idi. Dünyanın çox məşhur söz adamları olub ki, onlar ancaq yaşadığı dövrün salnamələrini yazıblar. Xalqın, millətin tarixini bədii ensiklopediyalara köçürənlər də olub. Mirzə Cəlilin bütün yaradıcılığı bir Azərbaycannamədir. Ana dilimizin saflığı, millətin savadlanması, Vətənin tərəqqisi, torpağın bütövlüyü ədibin məsləki, arzusu və mübarizəsinin sarı simi idi. 1917-ci ildə qələmə aldığı «Azərbaycan» adlı məşhur məqaləsindən aşağıdakı bir parçaya diqqət yetirək: «Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyallara cumuram. Özümdən soruşuram ki:
  - Mənim anam kimdir?
  Özüm özümə də cavab verirəm ki:
  - Mənim anam rəhmətlik Zəhrabanu bacı idi.
  - Dilim nə dilidir?
  - Azərbaycan dilidir.
  - Yəni Vətənim haradır?
  - Azərbaycan vilayətidir.
  - Haradır Azərbaycan?
  - Azərbaycanın çox hissəsi Azərbaycandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir».
  Bu sadə dialoqdakı dərin mənanın, milli düşüncənin vüsəti çox geniş və təsirlidir. Zaman-zaman parçalanmış, bölünmüş torpağımızın harayı Mirzə Cəlil yaradıcılığında ekvator xəttidir. Bu xəttin hər iki tərəfində vətəndaş yanğısı, milli təəssübkeşlik, birlik, birləşmək ideyası ildırım kimi çaxırdı.
  Mirzə Cəlil haqsızlığı, harınlığı, rüşvətxorluğu, dini fanatizmi, geriliyi, sözün qüdrəti, təsiri ilə kəskin ifşa edirdi. Göz yaşları ilə gülüşün qovuşduğu ən məzəli hekayəsində, felyetonunda, pyesində, məqaləsində əsl vətəndaş ürəyi duyulurdu. Ömür-gün dostu Həmidə xanımın xatirələrindən məlum olur ki, Mirzə Cəlil hələ yeniyetmə illərindən sərbəst düşünən, maarifpərvər, elmli şəxslərlə oturub-durar, ədəbi yığıncaqlara tez-tez gedərmiş. Müasirləri yazırdılar ki, təbiətən çox həssas və diqqətcil olan Mirzə Cəlilin güclü hafizəsi, müşahidəçilik və insan xarakterini öyrənmək qabiliyyəti varmış. Cəmiyyətdəki bərabərsizlik, çar məmurlarının, o cümlədən yerli məmurların özbaşınalığı, bunun müqabilində isə həmvətənlərinin bir neçə qismə bölünməsi - müti, yaltaq, laqeyd, avam olması onu sıxırdı. Əslində bədii yaradıcılığa şeirlə başlayan Mirzə Cəlilin sonralar məhz komediyalar, felyetonlar, tənqidi məqalələr yazması da məhz bununla bağlıdır ki, o, cəmiyyəti, insanları sözün bu formasından istifadə edərək islaha çalışırdı, qaranlıqların üstünə günəş şəfəqləri ələmək istəyirdi.
  Təbii və sadə dildə yazmaq, böyük ədibimizə qədər ədəbiyyatımızda olmayan bir üslubla məramını oxucuya çatdırmaq ancaq Mirzə Cəlilə məxsusdur. «Çay dəstgahı»ndan başlamış ən məşhur əsərlərinə kimi nə yazıbsa, hamısı üslub gözəlliyi ilə seçilib. Doğrudur, Azərbaycan ədəbiyyatına ilk bədii nəsr nümunəsini Mirzə Fətəli Axundov gətirib. Bəllidir ki, ona qədər ədəbi yaradıcılığımızın hakim janrı şeir olub. Mirzə Fətəli ilə başlanan bu ədəbi yolun genişlənməsinin və uğurla davam etdirilməsinin bütün ağırlığını isə Mirzə Cəlil çəkib.
  İstər sovet dövründə, istərsə də indi Mirzə Cəlil yaradıcılığı diqqət mərkəzindədir. Ədibin qələmindən qopan hər bir yazı zamanın fövqündə dayanmışdır. Təsadüfən demirlər ki, Mirzə Cəlilin əsərləri, xüsusilə də felyetonları yaşadığı dövrü qabaqlayıb.
  Tədqiqatçılar Mirzə Cəlilin yaradıcılığını araşdırdıqca həmişə yeni-yeni məqamlarla üzləşməli olublar. Bu dərin təfəkkürlü insanın adicə sözünün də kəsb etdiyi yüksək mənalar olub. Bu gün çəkdikləri zəhmətə görə minnətdarlıqla xatırladığımız Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov, Qulam Məmmədli, Məmməd Cəfər, Cəfər Cəfərov, Firudin Hüseynov, Turan Həsənzadə və başqaları Mirzə Cəlil haqqında çox sanballı, gərəkli tədqiqatlar aparıblar. Bu gün bu sıra bir qədər seyrəlsə də, Anar, xüsusilə də İsa Həbibbəyli tez-tez Mirzə Cəlil yaradıcılığına müraciət edir, onun zəngin ədəbi irsini tədqiq və təhlil etməkdən yorulmurlar. Amma nədənsə Mirzə Cəlilin şeirlərindən bir o qədər də geniş danışılmır. Doğrudur, bəzi görüşlərdə, konfranslarda Mirzə Cəlilin şeirlərindən söz açılır. Bizə elə gəlir ki, nəinki «Molla Nəsrəddin»in səhifələrində, eləcə də başqa toplularda Mirzə Cəlilin dərc edilmiş şeirlərini arayıb kitab şəklində çap etmək məqsədəuyğundur.
  «Molla Nəsrəddin» jurnalının birinci sayında dərc olunmuş «Lisan bəlası» şeirinin bir əsrdən artıq yaşı var. Həmin poetik nümunə bu günün özündə də aktualdır:

 
  Ey dil, dəxi dinmə və sükut ol sən tarı,
  Mal ol və danışma.
  Qoy qonşuların alsın ələ cümlə silahı,
  Salsın səni dəvayə əgər xah nə xahi,
  Sən dinmə və tərpəşmə,
  qəbul etmə günahı,
  Lənət elə, qəlbində ürəkdən gətir ati...


  Tərifdə tənqid, inkarda təsdiq, göz yaşı içində gülüş, qəhqəhəyə bürünmüş faciə. Bu, ancaq Mirzə Cəlil qələminin qüdrətinə xasdır. «Sal başını aşağə və heç baxma yuxarı, mal ol, lal ol, danışma». Bu, üsyanın, etirazın, milli şüurlarda oyanışa, silkələnməyə yönəlmiş qəlb harayı, vətəndaş yanğısıdır. Bu şeirin məramı «oyan, oyan» hayqırtısıdır.
  «Molla Nəsrəddin» jurnalının 3-cü sayında Mirzə Cəlilin «Xoş ol zaman ki, xəlq yatıb bizəban idi» şeiri də çox maraqlıdır.

 
  Bəzmim plov, çay ilə rəşki-cinan idi,
  Soltan idim ki, vəzlə hökmüm rəvan idi,
  Millət qulam idi mənə, bəxtim cavan idi,
  Malu xəzinə mayili arami-can idi,
  Dəmlər o dəmlər idi, zaman o zaman idi.

 
  Xalqın malını yeyib ona xor baxanlar son anda öz əməllərinin qurbanı olurlar. Bu, təbiidir. Çünki bütün əyriliklər, haram işlər Tanrıya bəllidir. H.B.Zərdabi demişkən: «Heç olmaz ki, doğru söz yerdə qala». Ötən günlərindəki eyş-işrətin həsrətini çəkənlərin dilindən Mirzə Cəlilin yazdığı bu şeirdəki ibrət dərsi bütün zamanlarda aktualdır. Bu «xiffət»in güzgüsündə neçə-neçə rüşvətxorun, oğrubaşının, vəzifəsindən sui-istifadə edənin, elin və dövlətin malını talamış nadan və xəyanətkarların karikaturası görünür.
  Mirzə Cəlil iradlarının daxilindəki ağrı-acı bütün çılpaqlığı ilə duyulur. O, millətinin yolunda söz adlı qüdrətin kəskin qılıncı ilə döyüşürdü. Qəflət yuxusunda mürgü döyənləri bu sayaq oyatmaq istəyirdi. Mirzənin köksündə çox geniş və həssas bir ürək döyünürdü. Bu ürəyin hər bir çırpıntısının diktə etdiyi şeirlərdə isə bütün müsəlman aləminin dərd-səri eşidilirdi. Mizə Cəlil can yandırdığı insanları söyüşlə, tənqidlə, təriflə yox, elə öz ovqatını, halını təsvir edə-edə, sözlə qurduğu güzgüdə göstərə-göstərə oyatmağa çalışırdı:
 

  Biz fəqirə axırı rəhm eyləyib biganələr,
  Açdılar mədrəsələr, klub, qirayətxanələr,
  Yazdılar kitab, qəzet,
  xərc etdilər xəzanələr,
  Molla Nəsrəddin dedi
  hər həftə bir əfsanələr,
  Müxtəsər, hər bir əməl çıxardılar,
  oyanmadım.

 
  Şeirdəki məram aydındır. Rəhmətlik ədəbiyyatşünas alim Abbas Zamanov deyərdi ki, əgər Mirzə Cəlil heç nə yazmasaydı, tək bircə «Anamın kitabı»na görə Azərbaycan ədəbiyyatının ürəyi olardı. Abbas Zamanovun fikrincə, mənəvi dəyərlərimizə, milli varlığımıza həsr olunmuş bu kitab haqlı olaraq «Azərbaycan kitabı» kimi qiymətləndirilməlidir. Həqiqətən də bizə başqa örnək, başqa ideologiya gərək deyil. Azərbaycan ideologiyası nədən ibarətdirsə, bu bütövlükdə Mirzə Cəlilin əsərlərində var. Bizdən asılı olan vacib şərt odur ki, həqiqətən milli düşüncəmizin sərkərdəsi sayılan böyük Cəlil Məmmədquluzadənin ideyalarını həyata keçirən ləyaqətli əsgər olaq.
 
 
Flora Xəlilzadə                                                      “Mədəniyyət” qəzeti 

Комментариев нет:

Отправить комментарий