28.04.2014

Qəddar atam məni asanda

Aydın Xan Əbilov

Ötən il həyatdan köçən atamla ölsəm və əgər o dünya varsa, onunla rastlaşsam, sadəcə, ağlaya-ağlaya pıçıldayardım ruhuna: "Mən, sadəcə, kitab oxumağı sevən dəcəl bir uşaq idim, ata, yəni doğrudan da bunu anlamaq Azərbaycan kişisi üçün çətin idi?!"
...İndiyəcən də atamın, ümumiyyətlə Azərbaycan ailəsindəki uşaqlara qarşı olan qəddarlığın məğzini anlaya bilməmişəm: goplamayın ki, sizi də mənim kimi, elə öz ailənizdə, uşaqlıqda it kimi çırpmayıblar, sözünüzü ürəyinizdə daşlamayıblar, qəlbinizi çilikləməyiblər, arzularınızı sinənizdə basdırmayıblar, sevginizi könlünüzdə laxlatmayıblar, bir sözlə, uşaqlıq əvəzinə yerdə cəhənnəmin odundan-ağrısından keçməmisiz...
İkilikdə olanda hamı yuxarıda sadaladıqlarımın ağrısını-acısını yaşadıqlarını boynuna alır, dilinə gətitrir, çatda yazır, amma bu dəhşətləri çox az adam ictimailəşdirir, cəmiyyətə çıxarır: ki, ailədaxili və icmada uşaq zorrakılığıyla mübarizə aparılsın, onlara son qoyulsun. Axı məlum msələdir ki, zopa görən onu başqalarına da istiqamətləndirər...
Atam çox sərt kişiydi, bircə dəfə də bizə öz sevgisini dilə gətirmədi, əvəzinə cəmiyyətdə gördüyü ədalətsizliyi şiddət şəklində ailəsinə, xüsusən də uşaqlara qaytarırdı: qızlarını ağır torpaq işində qul əməyi formasında işlətməklə, oğlanları isə it kimi çırpmaqla. Elə ətrafdakı ailələrdə də bu ictimai münasibətlər vardı: ya atalar qəddar idi, ya da analar kobud, ürəksiz. Bir dəfə Rusiyada əmimoğlu Maarifdənanasına münasibəti soruşanda vurub dəm olmuş yekə kişi ağlaya-ağlaya boynuna aldı ki, anasını istəsə də, bəzən ona az qala nifrət edir:
- Təsəvvür elə, əmi oğlu, mən uşaq idim, çöldə dostlarımla oynayanda paltarlarımı palçığa bulaşdırdığıma görə anam məni nazik çobuğla çırpırdı, bədənimin ağrıları indi də canımdan çəkilməyib...
- Əşi, unud getsin...
- Necə unudum, adə, çubuqlanan 6-7 yaşlı balaca idi, mən boyda kişi yox...
- Axı ana-bacılarımızı da başa düşməliydik: evdə 8-10 uşq vardı və hər biri sənin kimi paltarını pis günə qoyanda...
Maarifin gözyaşları, əslində, mənim içmə süzülürdü - ruhum onunla ağlayırdı, eynən bu formada mənə də axı əzab vermişdilər, elə başqa kənd uşaqlarına da...
Atam payızda ucuz qiymətə Novruz bayramı üçün alma-armud alıb tavandan asardı ki, omartda qiymətlər ceyran belinə minir: əslində bizim insanlar hər zaman bir-biri üçün problem, acılar yaradır - tutalım, indinin özündə də heç görməzsiz ki, bayramqabağı qiymətlər aşağı düşsün, əksinə, hər kəs əlinə fürsət düşmüşkən tez-bazar varlanmaq, pul qazanmaq istəyir. Fəqət, bayramlaşmanın əsas mənası insanların bərabərliyi və varlıların kasıblara əl tutması, mərhəmətli paylaşmadır...
Nəsə, biz də uşaq idik, mən mizin üstünə stol qoyub tavandakı iplik tor kisədən meyvələr çırpışdırırdımsa, yaxud televizorun kanaldəyişən dəstəyini sındırırdımsa, qonşunun toyuğuna kiş deyirdimsə, sinifdə kimisə vururdumsa, qızların saçını dartışdırırdımsa, kitab oxumaq üçün evdəkilərin pul gizlətdiyi, açarladıqları divariçi rəfi yağlalayırdımsa, bacı-qardaşlarımla dalaşırdımsa, o dəqiqə mərrəkə qalxırdı, qaçıb aradan çıxdımsa, canımı ata cəlladın əlindən qurtarırdım, yox əgər - bu daha çox gecələr baş verirdi, getməyə ya qorxur, ya da sadəcə yerim olmurdu - kişinin caynağına keçirdimsə, "nə yemisən, turşulu aş" məsəli, sümüklərim şaqqıldana qədər vurulurdum.
Belə hadisədən biri də həmin o qış gecəsi baş verdi: uşaqlıqda dəcəl, dalaşqan və söyüşağız olmuşam, bunu boynuma alıram, evdə elə adam yox idi ki, onun zəhləsini aparmayım - kimi mənim baxdığım rus-sovet filimlərini xoşlamırdı, kimi həvəslə izlədiyim baletdən zəhləsi gedirdi, kimi də xarici estra, pop, rok, caz, etnik, folklor və klassik musiqini dinləmək istəmir, kimi də idman yarışmalarını (xüsusən də sualtı gimnastika) xoşlamırdı, kimisi də qalın kitabların mənim başımı xarab etdiyini düşünürdü deyə, hamıyla zövqdavasına çıxırdım, nəticədə hərkəs doğru olurdu, mənsə çırpılırdım. Atamın isə babat ağır vuran qolları vardı...
Anam payızdan sirkə tutmuşdu, sonra sirkə tünd olsun deyə, onu elə evimizn pəncərəsində, uzun yekə, 20 litirlik şüşə balonda saxlayırdıq: mən də kitab oxuya-oxuya balaca topuş ayaqlarımla o şüşəni yellətməyi xoşlayırdım. Anam, böyük bacım və kiçiklərin xəbərdarlıqlarını qulaqardına vurub zövqümü çıxarırdım, yerdə 4-5 yorğan-döşək sərilmişdi, biz səkkiz uşaq cüt-cüt orada yatmalıydıq, biri isə mən böyük qardaşım Rizvanla bölüşdüyüm dəmir çarpayıda yataq düzəldilmişdi. Mən işığı söndürüb. ya da ki elektrik kəsilmişdi deyə, ağ neft lampasında kitab oxuyur, şüşəsini yellədirdim ki, növbəti itələləyişim, deyəsən, cızzığından çıxdı və süşə malalı divara necə dəyib sındısa, içindəki 20 litirlik sirkə az qala balaca yataq otağında qırmızı sunamiyə cevrildi. Yarıyoxulu bacım və qardaşlarım az qala bayıldılar. Bütün döçəmə sirkə içindəydi, qısası, nə başınızı ağrıdım, işdən yorğun və hirsli qayıtmış atammın yarıyoxulu içəri şığımasıyla məni qamarlaması bir anda baş veri, qaçıb aradan sivişə bilmədim. 
Bundan sonra nə baş verdiyini indi danışa da bilmirəm, amma dumanlı olaraq yadımda qalanlar var: atam qışqırıb böyük qardaşım Rizvana əmr etdi:
- Get aşağıdan topa məftillər içində qalın alminum naqildən iki metrə gətir mənim üçün...
Atam, bir əli ilə məni tutmuşdu, digər əliyləsə başıma şapalaqlar əndirirdi.
Anam və bacılarım ağlayır, atama yalvarıdılar, xüsusə də o yazıq anamın bu sözləri heç yadımdan çıxmaz:
- Burax, ay Əhməd, uşaqdır bilməyib, qorxudan sarılıq tapar...
Atam isə sanki bütün bu yalvarışları qulaqardına vurur, əksinə bir az da qəzəblənərək belimə, dalıma kötəklər atırdı...
Qardaşım o ağ qalın alminüm məftili gətirəndə evdəkilərin heç biri ağlına belə gətirə bilməzdi ki, atam onunla məni dar ağacından asacaq: hamını sirkə dağılan otağa qovan atam mənim saçımdan yapışıb sürüdü özünün yatdığı otağa. Ata vəhşiliyi baş verdi, naqilin bir ucunu qapının üstündəki paltar asılqanına bağladı, o biri ucunu isə boğazıma doladı və əsl boğma əməliyyatı başladı...
Evdəkilərin qışqırığı göyə - ərşə qalxdı, mən hardasa 5-10 saniyə əsl "dar ağacından" asılı vəziyyətdə qaldım, anam ilə qardaşım Rizvan əgər vaxtında özünü mənə yetirməsəydilər, indi yəqin bu yazını o dünyada ya şeytanlara, ya da mələklərə nəql edirdim. Anam sanki göylərdən güc alaraq atamı kobudcasına itələdi, məni qaldırıb "dar ağacı"ndan xilas etdilər, yerə uzatdılar, ağzımdan kopük axırdı, bacılarımın, qardaşlarımın gözləri az qala kəllələrindən çıxmışdı. 
Anamm qızqırığı qulaqlarımdan indi də çəkilmir: "Bay, uşağım əlimdən getdi..."
Düzü, o hadisədən maksimum yararlanmağa çalışdım: bir ay mənə toxunmadılar, kef elədim, sanki doğrudan da o dünyadan geri qayıtmışdım, heç atamla da danışmırdım, dərslərdən qaçırdım, evdə əsl balaca diktatorluq edirdim...
Fəqət, illər keçsə də atamın o cəladlığını heç cür unuda bilmirəm, hətta onun ömrünün son illərini bütövlükdə mənim himayəmdə olması da içimi tərpətmədi: düzdür, uşaqlığın acılı-şirinli xatirələrin əksəriyyətini unutsaq da, onlar bizim ruhumuza elə cızılır ki, heç cür yaddan çıxarmaq mümkün olmur...
P.S. Hərdən dəcəl oğlanlarım məni zinhara gətirəndə belə, dalarından bir-iki masajəvəzi şillələmədən başqa çox da uzağa - manyaklığa, şiddətə getmirəm, çünki öz ata dar ağacı cəzasının ağrılarını çapıqlı ruhumda xatırlayıram axı...

Комментариев нет:

Отправить комментарий