26.04.2014

“İrəli” İctimai Birliyinin nurçuluq örgütü ilə əlaqələri

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən “İrəli”nin layihələrinə qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.

R.Mərdiyev açıqlamasında yazılanların doğru olmadığını deyib: “Orada yazılır ki, guya bu barədə göstərişi Fərhad Hacıyev verib. Əslində, Gənclər Fondunda layihələr Müşahidə Şurası tərəfindən seçilir. Ona görə də, bu məlumatların heç bir əsası yoxdur. Biz indiyədək Gənclər Fondu ilə ən yüksək səviyyədə əməkdaşlıq etmişik. Əməkdaşlığımız indi də davam edir. Biz də hamı kimi bu il fonda layihələr təqdim etmişik. Ancaq hələlik heç kimə cavab gəlməyib. Fondun cavablarını gözləyirik”.

R.Mərdiyev adlarının “nurçuluq”da hallanması məsələsinə də cavab verib: “Nurçuluq məsələsini çox şişirdiblər. Artıq ölkədə nurçuluqda ittiham olunmayan adam qalmayıb. İndi kimin kimdən xoşu gəlmirsə, ona nurçu deyir. Ümumiyyətlə, bu məsələlərin bizim işimizə heç bir təsiri yoxdur. Biz yenə də əvvəlki işimizi görürük və Azərbaycanda gənclər siyasətinin icra olunmasına töhfə veririk”.
“İrəli” Elnur Aslanovdan niyə imtina etdi? R.Mərdiyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətlərinə də toxunub: “Biz əvvəlki işimizi davam etdiririk. Ancaq indi daha Elnur Aslanovla əməkdaşlıq etmirik”.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən himayə olunduğu bildirilsə də, qurum Elnur Aslanovun nəzarətində olub. Bu baxımdan Rauf Mərdiyevin “daha Elnur Aslanovla əməkdaşlıq etmirik” fikri inandırıcı görünmür. Görünür bununla hökumət tərəfindən “İrəli” İctimai Birliyinin tam gözdən çıxarılmamasına çalışılır. /politika.az/

Комментариев нет:

Отправить комментарий