Bizim milli keçəllərimiz iki hissədən ibarət: özgəsinə quyu qazan mamedlərdən və o quyuya düşən Məlikmamedlərdən.
Orta Azərbaycan keçəlinin qəhrəmanlıq təsəvvürləri belə-belə şeylərlə məhdudlaşır: yol polisinə maşın saxlalamamaq, ofisiantın üstünə qışqırmaq, bir oturuma arağı çox içə bilmək, evdə arvadı döymək, qızı iki dəqiqəyə bişirmək, türməyə düşüb çıxmaq, «söhbət xırdalamaq», söyüşə görə yortmaq.
Vətəndaş müharibəsinə potensial təhlükə iqtidar-müxalifət münasibətlərində deyil ki, camaatın ayrı-ayrı qrupları arasında qarşılıqlı hörmətsizlikdə, qəddarlıqdadı. Azərbaycanda satıcı-alıcı, nəzarətçi-dustaq, müəllim-tələbə, deputat-seçici, polis-vətəndaş, sürücü-sərnişin arasında əsl müharibə vəziyyəti var.
Səbəb məlum. Buralarda qanunlar işləmədiyindən ünsiyyət təbii qanunauyğunluqlar çərçvəsində. Həə, sən öl, «Azərbaycan cəmiyyəti» deyilən bir şey bizdə yox, bizdəki «Azərbaycan təbiəti» hesab olunmalı bir quruluş.
Özün bilirsən ki, buralarda bir dənə də pozulmamış qanun yox.
İndi gör nə deyirəm sənə, oğlum. Bu gedişlə həmvətənlərimiz günlərin bir günü, məsələn, Nyuton, Faradey, Avaqadro, Arximed qanunlarını da pozmağa girişməsələr, gəlib qəbrimi söyərsən.
Bu ölkədə söhbət artıq insanın islah olunmasından gedə bilər.
İslahetməninsə deyəsən cəmisi bir keçərli üsulu qalıb: iyrəndirmək! Adamı pis yeməyindən, pis musiqisindən, pis ədəbiyyatındn, pis mühitindən. Pis ənənəsindən, pis keyfiyyətindən, pis əməlindən iyrəndirmək!
İyrəndirməyin də deyəsən bir keçərli üsulu qalıb: ironiya!
Azərbaycanda istedadlı yazarların yazı üslubu baxımından ironiyanı seçməsi yeganə çıxış yolu.
İbrətaməz çərənləmələr, düşük ziyalı məsləhətnamələri, mənasız mənəviyyat-əxlaq dərsləri yeriməyib, yerimir, yeriməyəcək də.
İroniya çürümüş ictimai qaydaları, daşlaşmış ehkamları, sürtülmüş insanları darmadağın eləməyə qadir.
Oğlum, tutaq mən durub deyirəm ki, Azərbaycanın papaq altında oğlanları çoxdu- intellektual, ziyalı…Tutaq sən də haqlı olaraq soruşursan: «Bəs hanı onlar və nədən çıxıb özlərini göstərmirlər?» Həə, istəyirsən onların yerini sənə də deyim.
Onlar bomjlar kimi cəmiyyətin dibində, dahilər kimi cəmiyyətin fövqündə deyillər. Onlar solçular kimi solda, sağçılar kimi sağda, mərkəzçilər kimi ortada da deyillər.
Onlar sadəcə cəmiyyətin qırağındadırlar.
Onları tərəddüd əldən salıb. Bir hissəsi özlərini mələk olduqlarına inandırıblar və cəmiyyətdəki çirkabın içinə girib bulaşmaqdan qorxurlar.
Papaq altında yatan oğlanların bir hissəsi hələ ki, papaqlarını qabaqlarına qoyub fikirləşirlər.
Gənc şair, gənc fizik öz sahəsində məsələn, Nobel mükafatınacan getmək potensialı olduğu halda enerjisini bu xalqın problemlərinə parçalamaqda, inqlablara, hərəkatlara qatılmaqda.
Bəlkə də fikir adamları üçün yeganə əlac artıq Azərbaycan haqda arzularını dəfn eləyib özünüxilas yollarını axtarmaqda.
Bəlkə də düşüncə adamı üçün bu Azərbaycanın yalnız bir mövzu kimi əhəmiyyət kəsb eləməkdən savayı hes bir mənası olmamalı.
Mötərizədə: Mühacirət həvəskrlarının talesizliyini anlayıram: ömründə bircə dəfə dünyaya gələsən, onda da bu xarabada?
Məsələn, mən yaşamağa da olmasa, heç olmasa ölməyə xaricə getmək istəyərdim. Necə qıyırsan, ömründə bircə dəfə dünyadan gedəsən, onda da bu xarabadan?
Hazırladı: Professional Oxucu Liqası
Комментариев нет:
Отправить комментарий