11.11.2010

Dağların köksünü dələn daşlar

Samir Süleymanlı
785 il əvvəl Monqolların Gəncəyə hücumu ərəfəsində saldıqları hərbi düşərgənin izi ilə

Bu məkan ilk baxışda səhraya oxşayır. Ətrafda tikanlı bitkilər və yüzlərlə qum təpəcikləri bu çöllüyə daha sərt görkəm verir. Ərazidə axan bulanlıq Azıçayın vahiməli səsi sükutu pozmaq istəyir. Amma düşünəndə ki, nə zamansa minlərlə əsgəri olan bir qoşun bu ərazidən düyüşlərə yollanıb, xəyalən çayın səsini elə onu kimi axan qoşun səsilə eyniləşdirirsən və səs daha həyəcanlı hisslər doğurur.
Ta qədimdən Vətənimizin gözəlliyi dostlardan çox düşmənləri cəlb edib və bu səbəbdən istər uzaq, istərsə də yaxın çağlarda bu diyarın başı bəlalı olub. Min illər ərzində minlərlə düşmən min dəfələrlə bura qoşun yeridib, müharibə ediblər. Bu müharibələr dövründə dağıdılmış qalaların, uçurulmuş abidələrin  və qızğın düyüşlərin getdiyi məkanların qalıqları sanki o zamanların tarixini “dondurub”.
Biz belə bir məkanlardan birində, Goranboy rayonunun Gürzalılar kəndinin yaxınlığındayıq. Bura 1235-ci ildə Monqolların Gəncəyə hücumundan əvvəl onların hərbi təlim keçirdikləri ərazidir.
Bizi bu düşərgəyə aparan yol daş qırıntıları ilə dolu və palçıqla örtülü kiçik çökəklərlə boldur. Həmin əraziyə çatdıqda maraqlı bir görüntüylə rastaşır insan. Dərənin sol tərəfi ucu-bucağı görünməyən səhralıq, sağ tərəfi isə bir hissəsi uçmuş dağ və həmin dağın “yaralı” hissəsində yüzə yaxın, kürə formasında olan müxtəlif ölçülü iri daşlar görünür. Maraqlısı odur ki, sanki həmin bu daşlar müxtəlif  məsafələrlə bir neçə düz xətt üzrə sıra ilə düzülüb.  Dağın ətəyində iri, ortasında ondan bir qədər kiçik, dağın başında isə daha kiçik ölçülü daşlar görünür.
Ötən yay aylarında burada araşdırma aparan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirdi ki, tökmə üsulu ilə düzəldilmiş bu yumru iri daşlar 13-ci əsrin mancanaq tipli döyüş silahlarının mərmiləridir. Arif Məmmədov qeyd etdi ki, 2009-cu ildə onun başçılıq etdiyi Gəncə Arxeoloji Ekspedisiyası bu ərazidə monqolların 13-ci əsrə aid topxanasını və həmin dövrə aid  bu daş mərmiləri aşkarlamışdır. 6-7 hektar ərazidə yerləşən bu mühüm mövqedə monqol döyüşçüləri hərbi təlimlər keçməklə bərəbər, ordunun təchizatı məsələlərini də həll edirmişlər.
Həmçinin düşərgədə kül izlərinin, dəmir qırıntılarının olduğu emalatxana qalıqladı da var. Ehtimal olunur ki, burda qılınc, xəncər və digər döyüş ləvazimatları da hazırlanıb. Bu mərmi və sursatlardan monqolların Gəncəyə 1235-ci ildə hüçumu zamanı istifadə edilmişdir. Maraqlıdır ki, mərmilər hazırlanarkən onun tərkibinə qayalıqlarda təsədüf edilən “qarğa duzu” da qatılarmiş. “Qarğa duzu” həm hədəfə dəyərkən mərminin qəlpə şəklində tez parcalanmasına xidmət etməklə yanaşı həm də yarada mohkəm ağrılar verir.
“Qoşunun yerləşməsi üçün burada əlverişli şərait var, ərazi hər tərəfdən yuksəkliklərlə əhatə olunur. Belə nəticəyə gəlmək olar ki, monqolların Gəncəyə hücumu zamanı hec də əhalinin xilası təkcə bac verməklə əldə olunmayıb, həm də Gəncə möhkəm qala divarları ilə əhatə olunduğundan düşmən şəhərə hücümda istədiyi nəticəni əldə edə bilməyib, ona görə də ikinci hücüm zamanı, 1235-ci ildə Çində öyrəndikləri hərb sənətini istifadə ediblər. Çox güman ki, mərmilər yerli ustalar tərəfindən hazırlanıb. Bu da Azərbaycanda topçuluq sənətinin Rusiyadan təqribən 200 il əvvəl mövcüd olduğu subut edir.” –deyə, Arif Məmmədov izah edir. Qeyd edək ki, sözü gedən ərazidə bu ilin yay aylarından başlayaraq daha geniş arxeoloji qazıntıların aparılması nəzərdə tutulub. Bu tarixi araşdırmanın nəticələrinin xüsusilə monqol istilası dövrü tarixinə aid maraqlı elmi mühazirələrə təkan verəcəyi gözlənilir.
Bu daşların biri Goranboy rayonunun Tarix Müzeyində saxlanılır. Qəribə bir qurluşu olan bu daş müzeyi ziyarət edən insanları heyrətləndirir. Daşın parçalanmış bir hissəsi imkan yaradır ki, mərminin daxili qurluşununu da aydınca görəsən.
Ecazkar iç qurluşuna malik olan mərmi sanki hamımıza məktəbdə öyrəndiyimiz Yer kürəsinin daxili qurluşunu xatırladır. Mərminin üç qatı və hər qatında bir qəribəlik var. Daşın üst qatında olan dairəvi zolaqlar subut edir ki, bu mərmilər xüsusi qəliblərdə hazırlanıb.
Goranboy rayon Mədəniyyət və Turizim Şöbəsinin müdri Gündüz Hacıyev bildirdi ki, ölkə ərazisində bu tip mərmi-daşlar yalnız Naxçıvanda və burada aşkarlanıb. G.Hacıyev onu da əlavə etdi ki, bu mərmi daşın aşkarlandığı ərazi Mədəniyyət Nazirliyi tərəfindən xüsüsi olaraq qorunur.  
Hansısa elmi-populyar jurnalda oxumuşdum ki, əgər xüsusi bir qurğu düzəltmək mümkün olsaydı, qədimdən qalan  istənilən əşyadan onun ətrafında baş vermiş hadisələrin səsini “oxutmaq” olar. Görəsən bu gerçəkləşsəydi, böyük Vətənimizin qürbətdə -indiki İran, Ermənistan, Gürcüstan ərazilərində qalmış daşları nələr söylərdi?
Amma Goranboy müzeyindəki mərminin əhvalatı deyəsən, aydındır. Üstünə döyüş, ah-nalə səsləri “hopsa”da, o, son nəticədə öz istəyinə nail ola bilməyib- məhv etmək istədiyi xalqın övladları 8 əsrdən sonra onu tarixin ibrət dərsi kimi nümayiş etdirirlər.

Комментариев нет:

Отправить комментарий