Nabatəli Qulamoğlu
İnsan çox vaxt öz əsəblərinin quluna çevrilir. Öz bildiyinin üstündə dönə-dönə yersiz israr etmək adamın səhhətinə belə ziyan gətirir. Güman edirəm belə xoşagəlməz hissləri Böyük Quruluş partiyasının sədri Fazil Mustafa tez-tez keçirir.
Məhz onun çıxışlarında, digər siyasilərdən fərqli olaraq, aşırı emosionallıq və tənqidlərə dözümsüzlük xüsusi yer tutur. Sonra da axar.az saytına verdiyi müsahibədə deyir ki, Elnur Astanbəyli onu vaxtilə bir partiyadaş kimi tənqid etməyə özündə cəsarət tapmayıb. Düz də eləyib. Axı tənqidə qarşı belə aqressivlik göstərən partiya sədrinə irad tutmaq davanı satın almağa bərabərdir.
Fazil bəyin siyasi baxışlarına həmişə hörmətlə yanaşmışam. Lap düzünü deyim ki, savadına görə mənim üçün həsəd aparılası bir şəxsdir. Lakin bütün bunların heç biri əsas vermir ki, o bizə ağıl dərsi keçsin. Kant fəlsəfəsinin təsiri altına düşmək, dünyanın bütün gedişini öz düşüncə müstəvisindən izah etmək və buna inanmayanları gah savadsızlıqda, gah radikallıqda, gah da ağıllı olmamaqda suçlamaq təhqirdir. Belə şeylər siyasətçiyə yaraşmır. Yekəxanalıq olmasın, seçki öncəsi yazılarımın birində mən bu barədə proqnoz vermişdim və bildirmişdim ki, Fazil Mustafanın optimizmini bölüşmürəm, çünki hakimiyyətin islahat keçirmək istəyinə inanmaq elə özünü aldatmaq deməkdir, axı məhz islahat bu rejimin qəbirqazıyanıdır. Digər tərəfdən, dünyada avtoritar ölkələr genişlənir, bir-biri ilə tayfalaşır. Hələ bir-birindən qız da alıb-verəcəklər. Zərurət tələb edir ki, liberallaşma tərəfdarlarına qarşı daha qəddar olsunlar- onlar da bunu edirlər. Elə bu səbəbdən də Fazil bəyin gözləntiləri qətiyyən özünü doğrultmadı və heç də indi İlham Əliyev birincinin parlamentdə oturmasını onun ağlına və savadına görə deyil, loyallığına görə qəbul edir.
Mən bir neçə lüğət kitabında “siyasət” sözünün mənasına baxmışam. Mənalar, fikrimcə, bugünkü reallığı özündə ehtiva etmir. Ona görə həmin sözə özlüyümdə bir obıvatel tərifi vermişəm: siyasət yalanı peşəkarlıqla söyləyə bilmək elmidir. Hərdən mən də islahat xəstəliyinə tutuluram. Baxın real (Amerikada sistem şəklini almış Bzejinski siyasətini demirəm) siyasət aparanların hamısı uduzub. Əbülfəz Elçibəy onun qurbanı oldu, Yuşenko - həmçinin. Arabir özlüyümdə deyirəm: bəlkə biz də yalan danışaq: deyək ki, Azərbaycan demokratiya yolu ilə sürətlə addımlayır, bu hakimiyyətə olan müraciətlərimizi də “ay ağa, mən ki, dayanmışam səndən aşağa” prinsipi əsasında quraq. Həyat dəfələrlə sübut edib ki, azadlıq heç kimə havayı verilmir. Kiməsə yalvarmaqla həmin şəxs oğurlayıb topladığı milyardlardan özxoşuna əl çəkəsi deyil. Amma başqa məsələdir ki, həmin oğruya həm dirsək göstərəsən, həm də toxunulmazlıq vəd edəsən. Bax burada Fazil bəyin dediklərinin üstünə gəlirəm: bəli, bütün var- dövlətimizi zor aparatına xərcləyən hakimiyyətə dirsək göstərmək gücündə deyilik. Lakin tez-gec bu narazılıq günlərin birində akkumulyasiya olunacaq və iqtidar bu gücün qarşısında dayana bilməyəcək.
Fazil bəyin qənaətincə, birinci növbədə iqtisadi islahatlar olmalı, orta sinif formalaşmalı, sonra isə siyasi islahatlara başlanmalıdır. Həmişə qarşılıqlı münasibətdə olan bu kateqoriyalardan hansının birinci olması barədə çox eşitmiş və oxumuşuq. K. Marksdan bəri son nəticə etibarı ilə iqtisadi azadlıqlar öndə gəlsə də, situasiyadan asılı olaraq hansının birinci olması zaman-zaman nisbi xarakter daşıyıb. Məlum mübahisə avtoritar ölkələrin hamısında aktual olaraq qalır, o cümlədən Rusiyada. Bizdə Fazil bəy olduğu kimi, onlar Rusiyada da A. Çubays var. Lakin iqtisadçı İllioronov deyir ki, siyasi islahatlar olmadan orta biznes yarana bilməz, çünki bütün biznes hakimiyyətin əlindədir.
Tənqidə dözümsüzlük bəzən Fazil bəyi elə fikirlər söyləməyə məcbur edir ki, onun hüquqşünas olması belə şübhə altına alına bilir. O hesab edir ki, inancı olmayan adam hicab barədə fikir söyləyə bilməz. Belə sözü yalnız cüzvxan mollalardan eşitmək olar. Hamıya dərs keçməyə hazır olan Fazil müəllim güman edirəm ki, vicdan azadlığı barədə konstitusiya qanununu bilməmiş deyil. Bu da inancı olmayan insanlara ünvanlanmış təhqir deməkdir.
Nəhayət, məni köşə yazmağa vadar edən sözün üstünə gəlirəm. Böyük Quruluşçu şərəfi olan adamı “Azadlıq”qəzetini tərk etməyə səsləyir. Məntiq asanca hasil olur: tərk etməyənlər şərəfsizdir-bu da ustalıqla deyilmiş təhqirdir.
Yox, Fazil bəy, mən “Azadlıq” qəzetində çıxış etməyi özüm üçün şərəfsizlik saymıram, çünki bu qəzetdə yaltaqlar və məddahlar olmur, çünki bu qəzetdə ölkədə baş verən bütün eybəcərliklər ifşa edilir, baxmayaraq ki, dönə-dönə ayrı-ayrı yazılarla bağlı etirazımı redaksiya heyətinə çatdırmışam. Hər halda “Azadlıq” qəzetinə yazmaq xalqın iradəsi ilə formalaşmayan parlamentdə oturmaqdan şərəflidir. Yeri gəlmişkən, Fazil Mustafa “Azadlıq” qəzetinə yaza bilər, çünki dərc olunacağına şübhəm yoxdur.
qafqazinfo.az
Комментариев нет:
Отправить комментарий