Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, yazıçıAfaq Məsud “Ədalət” qəzetinə müsahibə verib. Müsahibədən bəzi məqamları “Mediaforum” saytı yayımlayıb.
- Qadınlar üçün ən ciddi problemlərdən biri yaşla bağlıdır. Xanımlar adətən qocalmaqdan qorxur, yaşlarını gizlədir, qocalmadıqlarını sübut etmək üçün müxtəlif üsullara əl atırlar. Məndə bu qorxu hissi yoxdur. Söhbət əsərlərimdən getmir. Mən yaşadığım həyatı bir də yaşamaq istəmərəm. İnsan, onun bu dünyada mövcudluğu, dünya və kainat barədə bildiklərim məndə bu dünyaya bir də qayıtmağa maraq yaratmır.
- Hər şey təkrarlanacaq, ona görə?
- Yəqin ki. Yazdığım əsərlər olmasaydı, bu dünyada yaşamağımı hədər və absurd hesab edərdim. Deyirlər, hər insanın bu dünyaya gəlməyində özəl bir missiyası var. Lakin dünyada yüz minlərlə, milyonlarla missiyasız insan yaşayır. Onların missiyası nədir? Təhsil almaq, hər hansı peşənin sahibi olmaq, ailə qurmaq, övladlarını böyütmək, onlara, ya daha nələrəsə görə qürurlanmaq... Bütün bunlar mənə hədsiz mənasız gəlir.
Sufilərə görə, bu dünyaya gələn insanlar, yəni insan cildində gördüklərimizin hamısı insan ruhunun daşıyıcıları deyil. İnsan ruhunun özü də 13 dərəcədir və onun axırıncı dərəcəsi heyvanla eyni ruhdan olan dərəcəyə aid olanlardır. Belələrini insan kimi qəbul etmək olmur...
- Sizin missiyanız yazmaqdır, yoxsa yazmaq özü də hansısa missiyaya xidmət etməlidir?
- Deyə bilmərəm ki, mənim bu dünyadakı missiyam məhz yazıçı olmaqdır. Mən, sadəcə, adi gözlə görünməyən, duyulmayan müəyyən gizli, ilahi informasiyaları insanlara bədii formada ötürmək qabiliyyətinə malik olan adi bir adamam. İnsan şüurunun dördüncü, beşinci, altıncı qatının mövcudluğundan az-çox xəbəri olanlar böyük ədəbiyyatın, bir vaxt dini kitabların materialı olan həmin bu informasiyalardan bəhrələndiyini yaxşı anlayırlar.
Ədəbiyyatı bir tərəfə qoyaq, həyatımda elə qəribə məqamlar olur ki, onları açıqlasam, bəlkə də çoxlarına qəribə gələr. Elə hallar olur ki, mən, belə deyək ki, antenamla tutduğum bəzi ilahi həqiqətləri kağıza köçürməkdə aciz qalıram...
- Bu dünyaya missiya ilə gələnlər arasında Afaq Məsudun da olduğunu deyə bilərik?
- Mənə elə gəlir ki, hə. Bəs sizcə?
- “Siz mənim barəmdə nə düşünürsünüz” sualı ilə razılaşmıram. Əslində insan birinci özü barədə qərar verməlidir. Bəlkə də başqasının düşüncəsi onu maraqlandırmamalıdır. Əsas odur ki, necə olduğunu və belə yaşamaq istədiyini özün bilirsən.
- Maraqlı yanaşmadır. Dedim axı, missiya ilə gəldiyimi bilirəm.
- Əlbəttə, sizin barənizdə biz də belə bilirik. Anlayırıq ki, yazdığınız əsərlər ilahi informasiyanın köməyi ilə yazıla bilərdi.
- "Duyğular imperiyası"nda da tez-tez "O məni sevir" adıyla rastlaşırsız yəqin... Bu, mənim İlahidən aldığım sevgi təəssüratlarımın yalnız kağıza köçə bilənləridir. Ola bilsin, kimlərsə bu yazıların mənim yazıçı təxəyyülümün məhsulu olduğunu düşünürlər. Lakin bu belə deyil.
“II İohan" əsərimdə yağışları idarə etdiyimi, küçə ilə getdiyim yerdə istənilən yerdə onu dayandırıb sonra yenidən yağdırdığımı yazmışdım. Bəlkə də çox adam bunu əsərin bədii gücünün artırılması üçün istifadə etdiyim ədəbi priyom kimi qəbul etmişdilər. Əslində isə bu, həqiqətən baş vermişdi. Roma Papasının Bakıya gəlişiylə başlanan leysan yağışlarının ölkədə möhtəşəm təmizlik işi apardığını anlayan mən, olsun ki, həmin o yağışlarla necə kontakta gedə bilmişdim... Yağışlar mənim ürəyimdən keçən həmin o istəklə dayanır, digər istəklə yenidən çiləməyə başlayır və bununla sanki mənim yanılmadığımı, bu ölkədə həqiqətən durultma işləri apardıqlarını mənə bildirmək istəyirdilər.
- Postmodern ədəbiyyatın nümunələrində bu hal əsas xətti təşkil edir və reallıqla qeyri-reallıq arasında sərhəd itir...
- Mən ədəbiyyata cərəyanlar çərçivəsindən baxmıram və düşünmürəm ki, böyük ədəbiyyat üçün bu, əsas göstərici deyil.
- Çox vaxt deyirlər ki, ədəbiyyat dünyanı xilas edə bilər. Ədəbiyyat olmasaydı, dünya necə olardı?
- Ədəbiyyatın dünyaya heç bir aidiyyəti yoxdur. Ədəbiyyat insanlar üçündür. İnsanlar isə bu dünyaya gəlmədilər. Əslində ədəbiyyat insanı dünyadan xilas etmək üçündür.
- Belə təsəvvür edirəm: dünya sıxılmış şəkildədir...
- Biz bədənimizə görə maddi olsaq da, ruhumuz etibarı ilə şüayıq. Odur ki, dünyaya aid olan nə varsa, böyük mənada əslində bizə lazım deyil. Məhz bu səbəbdən tarix boyu bu dünyaya gəlmiş böyük dühalar burda rahatlıq tapa bilməyib...
Əslinə qalanda, bu dünyada sıravi, adi insanlar da rahatlıq tapa bilmir. Hər bir şeyi əldə etsə də, insan daim özünü bu dünyada natamam hiss edir... Axı əslində bura onun doğma məkanı deyil. Ədəbiyyat bu mənada insanları ovundurmaq, onları öz doğma məkanlarına - özlərinə qaytarmaq üçündür və o da dünyada heç nəyi dəyişmir. Mehriban Ələkbərzadə "Xəzər" haqqında yazdığı yazıda Buddadan gözəl bir misal gətirib: "Əgər okeanda batmaq istəmirsənsə, bir xilas yolun var: hardasa yaxında olan adaya sarı üz". Bax, ədəbiyyat budur. Yəni insan anlamalıdır ki, bu dünyanın bütün nemətlərinə sahib olsa belə, yaxud ən yüksək, ali həqiqəti anlasa belə, bu dünyadan xilas yoxdur... Xilas - sənin öz içindədir.
- Tərcümə Mərkəzinə rəhbərlik edirsiz, "Xəzər" jurnalının redaktorusuz, böyük yazıçısız. Bu üçlük insanlara nəsə verə bilibmi?
- Gözlənilməzdir ki, Azərbaycanda rusdilli oxucum azərbaycandilli oxucudan xeyli çoxdur. Bu, olsun ki, rusdilli oxucularımın intellektual səviyyəsi ilə bağlıdır. Azərbaycan oxucusunun isə müəyyən zümrələri məni anlayır, sevir.
- Rusdillilər bizdən daha artıq zövqlüdür?
- Bu, zövq məsələsi deyil. Anlamaq qabiliyyətidir. Rusdilli oxucular da bizim azərbaycanlılardır. Amma oxu qabiliyyətində fərq böyükdür. Çox güman, bu, onların təhsili ilə bağlıdır. Mən ölkə təhsilinin bərbad vəziyyəti ilə bağlı kifayət qədər yazmışam. Təhsil sistemimiz, orta və ali məktəb dərsliklərimiz elə gündədir ki, uşaqları onlardan yalnız qorumağa çalışmalıyıq. Amma rus bölməsinin dərsliklərinə nəzər salın: Moskva nəşrləri bu mənada bizə örnək olmalıdır. Birinci sinifdən uşaqlara Puşkini, Pasternakı, Mariya Svetayevanı, Qoqolu keçirlər. Bu sayaq ədəbi zövqlə böyüyən uşağın ədəbiyyat təfəkkürü, zövqü də bu səviyyədə formalaşır.
Mənim bir çox azərbaycandilli oxucularımın əsərlərimi anlamadığına görə utandığını görmüşəm. Yaxud "Sərçələr"ə görə qalxan hay-küy yadınızdadır? "Bu, necə anadır?" O, uşağını atıb hara gedir? Alman, ya rus oxucusunun isə bu sayaq sualları meydana çıxmır. Onlar anlayırlar ki, bu ana uşağını atıb getmir. O, sadəcə ədəbiyyata gedir... Halbuki bütün hekayə makina qarşısında oturan ananı təsvir edir. Yəni bunu anlamaq çətindir ki, bu ana yaradıcı insandır?.. O, evin, məişətin sıxıntısından çıxıb gedir... Olsun ki, bir azdan geri qayıdacaq. Küçədə ağlayıb doyub evinə dönəcək. Bunu Azərbaycan oxucusu niyə başa düşməməlidir axı?
- Bizim cəmiyyətdə məişət qadını baş roldadır. Yəqin ona görə belə yanaşma var...
- Hər şeyi məişət səviyyəsinə endirmək olmaz axı...
- Əsasən belə deyilir, endirilir. Amma bizdə məişəti hər şeydən yuxarı qaldırıblar.
- Bu düşüncəylə, bu təfəkkür tərziylə əhalisinin sayı baxımdan bizimlə eyni olan hansısa Avropa ölkəsi səviyyəsinə yüksələ bilərik?
Nə qədər ki, bizim təhsil sistemimiz bu səviyyədə qalacaq, ürəkaçan irəliləyiş görməyəcəyik. Əlbəttə, başqa sahələr də vacibdir. Lakin ədəbiyyat insanın mentallığını formalaşdıran ilkin şərtdir. Əgər təhsilimiz uşaqlıqdan övladlarımızın beyinlərini kütləşdirməklə məşğuldursa, onlar hansı mənəvi bağlılıqla böyüyə bilərlər? Bu gün biz dünya ədəbiyyatının bəşəri dəyərlərini tərcümə edirik. Amma inanmıram ki, bu təhsillə savadlanmış gənclərimiz, ümumiyyətlə Azərbaycan oxucusu Moriakı, Meterlinqi, Kamyunu, yaxud Moemi oxuyub zövq alsın. Bu ədəbiyyatların anlaşılmayacağını dəqiq bilirəm. Ədəbiyyatı anlamayan, mütaliədən zövq almayan insanın mənəvi dünyası mənim üçün qaranlıqdır.
- Həm Tərcümə Mərkəzinin, həm də "Xəzər" jurnalının 20 illiyi tamam olur. Hələ də mərkəzin binası bu gündədir?
- Biz daha öyrəşmişik. Əsas odur ki, başımız üstündə tavan var, işığımız Allaha min şükür, yanır, otaqları isidə bilirik...
- Hətta işıq da olmaya bilərdi...
- Bəli, o da olmaya bilərdi. Bu gün "Xəzər" jurnalı bayaq dediyim mənəvi deqradasiya həddinə çatmış cəmiyyətimiz üçün şəfqətli iksirdir. Dünya ədəbiyyatının ən seçilən və dəyərli əsərləri məhz burda nəşr olunur. Əsas da gözəl tərcümədə. Maddi imkanlarımız artıq o həddə gəlib çatıb ki, "Xəzər"i internet variantında təqdim etməyə məcburuq. Tərcümələrə gəlincə, istədiyimiz əsərləri sifariş verə bilmirik. Qonorara pulumuz yoxdur. İndi tərcümələri əksər halda mərkəzin əməkdaşları ərsəyə gətirir.
- Yazıçılar Birliyinə ayrılan vəsaitdən sizin mərkəzə yardım edilir?
- Birlik məsələsi deyil. Bizə ayrılan vəsait onların büdcəsinə daxil edilir, onlar da bizim hesabımıza köçürürlər. Məsələ bir qədər dərindir. Tərcümə Mərkəzi 1988-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin sərəncamı ilə komitə səviyyəsində yaradılmışdı. Mərhum prezidentimiz Heydər Əliyev hələ Dədə Qorqudun yubileyində Azərbaycanda böyük bədii tərcümə komitəsinin yaradılmasının zəruriliyini qeyd etmiş, sonradan bir qrup ziyalı bu fikri davam etdirərək, Mərkəzin yaradılmasına nail olmuşdular.
Gördüyünüz bu miskin idarənin adı Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzidir. Bu, beynəlxalq ədəbi mühitlə əlaqələr quran, milli ədəbiyyatımızın tərcüməsi və dünyada təbliği ilə məşğul olan institut səviyyəli bir qurumdur. Bir vaxtlar bizim Şərq ədəbiyyatı, Qərb ədəbiyyatı, rus ədəbiyyatı, sovet ədəbiyyatı, sətri tərcümə şöbələri fəaliyyət göstərirdi. Lakin məsələnin absurd tərəfi - Azərbaycan ədəbiyyatını dünyaya, dünya ədəbiyyatını Azərbaycana təqdim və təbliğ edəcək bu qurumun təsərrüfat hesabına yaşamalı təşkilat kimi yaradılması idi. Birillik vəsaitlə işə başlayan mərkəz sonradan - ölkəni bürümüş 1990-cı illər hadisələrində hərənin bir təpik vurduğu pişik balasına çevrildi...
Məsələnin ikinci bir absurd tərəfi - belə bir təşkilatın Azərbaycan Yazıçılar Birliyi kimi kiçik ictimai qurumun nəzdinə verilməsi oldu. Dünya ədəbiyyatı ilə məşğul olan qurumun Azərbaycan ədəbiyyatına rəhbərlik edən qurumun nəzdinə verilməsi məsələni bir az da çaşdırdı.
İndi artıq 20 il keçib. Çox iş görülüb və hələ nə qədər də görüləsi iş var. İlk növbədə ədəbiyyatımızı dünya ədəbi fikir arenasına çıxarmalıyıq. Bu gün Azərbaycanda dünya səviyyəsinə layiqincə çıxa biləcək dəyərli əsərlər yaranır. Bir Azərbaycan yazıçısı, ya şairi dünyanın yüksək ədəbi ödülünə layiq görülərsə, dünya xalqları belə ədəbiyyatı olan xalqı tapdaya bilməyəcəyini anlayar...
Комментариев нет:
Отправить комментарий