08.04.2011

Dünyada yerimiz necə görünür?

İlkin Əkbərli

 Oxuduğum bir məlumatda deyilir ki, Gəncədə bədbəxt hadisə baş verib, adı məlum olan bir nəfər 5-ci mərtəbədən yıxılıb və yerindəcə keçinib. Allah rəhmət eləsin. Əslində belə xəbəri hallandırmaq düzgün deyil. Amma oxuduğum başqa bir xəbər məcbur eləyir ki, müqayisə, paralel aparım. Deyir, Rusiyada, elə paytaxt Moskvada Aleksey adlı 22 yaşlı alkaş evində tanışları ilə filan qədər araq içəndən sonra qonaqları yola salıb və özünü 5-ci mərtəbədən aşağı atıb. Arvadı baxıb ki, sağdır, təcili yardım çağırıb. Lyoşa yıxıldığı yerdən qalxıb, pilləkənlə adam balası kimi çıxıb evinə və ikinci dəfə özünü atıb pəncərədən aşağı. Bu dəfə ancaq onun bədəninin bir neçə yeri cızılıb. Alkaşı xəstəxanaya aparıblar, ilk yardım göstərib sonra da buraxıblar evə. Deyirəm o urusun alkaşı, bu da bizim cavanımız...
 Bu günlərdə dünyanın ən bahalı şəhərlərinin siyahısı dərc olunmuşdu. O qədər sevindim ki, bu dəfə Bakının adına rast gəlmədim. Ya bu siyahını tərtib eləyən "Price Runner" şirkətinin (Britaniya) bizdən xəbəri yoxdur, ya da bəlkə elə doğrudan da Bakı bahalıq üzrə siyahıda olan 33 şəhər arasında yoxdur. Təki ikincisi düz olsun. Nə isə, dünyanın ən cibsoyan, yəni bahalı şəhəri adı rusca bir heyvanın adını xatırladan Oslodur, Norveçin paytaxtı. Deyir burada qiymətlər başqa ölkələrin paytaxtları ilə müqayisədə 35 faiz bahadır. Sonra Danimarkanın paytaxtı Kopenhagen gəlir. Rusiyanın paytaxtı Moskva 17-ci sıradadır. Nəyə görəsə Türkiyənin İstanbulunu da paytaxt sayıblar və onu 18-ci göstəriblər. Bahalıq üzrə 33-gü yeri Mumbay tutur. Burada qiymətlər o birilərinə nisbətən 30 faiz ucuzdur...
 Cib soymaqla ad çıxaran şeylərdən biri də qida məhsullarıdı. Bir siyahıya rast gəldim, bəzi maraqlı şeylərlə qarşılaşdım. Deyir, dünyanın ən bahalı qəhvəsi, Cənub Şərqi və Cənubi Asiyadadır. Çində yaşayan "Asya Palm Civet" adlı məməli bir heyvanın idrarından hazırlanır. Belə ki, pişik boyda olan heyvana qəhvə dənələri yedirilir. Onun idrarından isə qəhvə alınır. Ancaq narahat olmağa dəyməz. Çünki bu bahalı qəhvəni yalnız qeyri-adiliyi sevənlər dadır. Qeyd eləyim ki, bu məlumatı oxuyanacan mən idrar sözünü bilmirdim, məncə ona ən mədəni halda nəcis deyirlər. Nə isə, kim yeyirsə ...malades!..
 Dünyanın ən bahalı pivəsi isə"Vielle Bon Secours"dur. Bu pivə yalnız Londondakı "Bierdrome" adlı barda satılır. İçkidən dadmaq üçün isə min dollara yaxın pul xərcləməlisiniz.
 ...Maral südündən hazırlanan pendirin 450 qramı 500 dollardır. Onun bu qədər baha olmasının səbəbi isə yalnız İsveçrədə yerləşən maral fermasında hazırlanmasıdır. Bu heyvanların südü yalnız may və sentyabr aylarında sağılır. Bir maralı sağmaq iki saat çəkir. 
 Ağ yer göbələyi sadəcə göbələklər arasında deyil, həm də bütün yeməklər arasında ən bahalı hesab edilir. Göbələyin qiyməti brilliantdan fərqli deyil. Nadir tapılan bu qidanın 450 qramı 4 min 500 dollaradır. 
 Bir az da özümüzdən danışaq. Hər millətin dərdini, azarını dünyaya diasporları, mətbuatları, diplomatları ilə bərabər müxtəlif quşlar da çatdırır. Birininkini bayquş çatdırır, birinikini qarğa, birininkini qartal. Deyəsən bizim də səsimizi dünyaya ördək çatdırır. Ördəklər də iki cürdü, biri lal ördəkdi, o biri səsli. Düşünək ki, bizim səsimizi səsli ördək çatdırır. Üçduğu yerlərdə səs salır, səs də dağda, qayada əks-səda verib çatır dünyanın qulağına. Çatırmı? Alimlər belə qərara gəliblər ki, dünyanın qulaqları bəzi səslər üçün kardı. Və lap son vaxtlar müəyyənləşdiriblər ki, ördəyin səsi əks-səda vermir...    
 Bu dəfəki xəbərdə deyəsən diplomatlarımızı soyuruq. Yazını oxuyan bir çoxu deyəcək ki, kaş bizi belə soyaydılar. Xəbər təxminən belədi, nöqtəsinə, vergülünə dəymirəm: Bu ildən dövlət büdcəsindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması məqsədilə nəzərdə tutulmuş vəsaitin miqdarı 52 mln. manatdan 50,5 mln. manata endirilib. 
 Siz Allahınız, dilxor olmayın, bəlkə deyəcəksiniz ki, Azərbaycandan bir-iki xəbər yazır, o da belə, bilmirsən ki, bu yaxşıdı, yoxsa pis. Amma xaricdə diplomatlarımızın avtobusda, trolleybusda gəzməsinə də yaxşı baxmazlar axı... Bir sözlə, çox da fikir çəkməyin, soy sözünün nə soymağa dəxli var, nə də soyunmağa...
 Bütün telekanalları, bir çox qəzetləri başlarına götürsələr də, mənim bu ekstrasenslərlə tanışlığım yoxdu. Olsaydı onlardan soruşacaqdım ki, türklər ermənilərlə sərhədi həqiqətən açacaqlar, yoxsa belə erkək zarafat eləyirlər? Açacaqlarsa bunun bizə ziyanı nə qədər olacaq, açmayacaqlarsa ermənilər nə vaxt çezəcək? Düzdü, mən fala, falçıya inanmıram, amma deyir fala inanma, faldan da qalma. Görüşərik, inşallah... (Sərhədi açmasalar, türklər kimi, görüşürüz yazacam day...)

Комментариев нет:

Отправить комментарий