17.04.2011

İranlı rejissor qadın Şirin Neşatla SÖHBƏT


Varlı evdar xanım, qarımış qız, fahişə, gənc qadın

Dünya incəsənətində öz üslubu olan məşhur rəssam, fotoqraf Şirin Neşat Tehranda katolik məktəbi bitirib. Los-Ancelesedə incəsənət tarixini öyrənən Neşat İran inqilabından sonra Amerikaya mühacirət etməyə məcbur olub. Onun videoinstallyasiyalarında əsas xətt şərq mifologiyası, stereotipləri, kişi və qadın başlanğıclarının qarşıdurmasıdır.
1997-ci ildə “Allahın qadınları” adlı fotosərgisi ona dünya şöhrəti gətirdi. Fotolarda Neşat mömin əlbisələri geyərək, bədəninin açıq qalan hissələrinə İranın üsyankar şairəsi Forux Farozadın şeirlərindən misralar yazmışdı.
2009-cu ildə kinoda debütünü edən Neşat “Kişilərsiz qadınlar” filminə görə Venesiya festivalında “Gümüş Şir” mükafatını aldı.
Filmdə 1953-cü ilin İranında baş vermiş hərbi çevriliş fonunda həyatını dəyişmək istəyən 4 qadından (varlı evdar qadın, qarımış qız, fahişə və gənc qadın) bəhs edir.


Diktaturada sənətkarlar alleqoriyaya qayıdır

- Siz İranda böyüsəniz də, rəssam kimi Amerikada təsdiqləndiniz. Özünüzü harda evdəki kimi hiss edirsiz? 


- Mənim işim Iran mədəniyyətini və poeziyasını inkişaf etdirməkdir. Amma qərbdə təhsil aldığımdan sənətə Avropasayağı baxışım var. Filmim İran mədəniyyətində geniş yer almış Tarkovskinin yaradıcılığından və xristian simvolikasından bəhrələnib.

– Əsərlərinizdə metaforalara meyllilik güclüdür. 

- İranlılar öz fikirlərini ifadə etmək üçün obrazlardan, simvollardan, alleqoriyadan istifadə edirlər, çünki uzun müddətdir ki, senzuraya məruz qalırlar. Poetik dil İran mədəniyyətində dərin kök salıb. Biz İranda və ya mühacirətdəyik fərq etməz, onlar sadəcə gərəkli saydığımız ifadə formalarıdır. Diktatura nəzarəti olduğundan sənətkarlar və yazıçılar alleqoriyaya dönməyə məcburdular.

Çadra qadının əzilməsinin simvoludur

- Filminizdə 4 qadın bağda sığınacaq axtarır. Bu gün İranda qadınlar üçün belə sığınacaqlar varmı? 


- Bağ mistik, ruhi məkandır, siyasi anlamda isə həm də azadlığın və mühacirətin metaforasıdır. Bu gün İranda qadınlar belə məkana ehtiyac duyurlar. Çox insan isə hakimiyyətin, ordunun nəzarətindən qaçmaq üçün başqa ölkələrdə sığınacaq axtarır.

- “Allahın qadınları“ fotosərgisində çadra mərkəzi rol oynayır. Avropada bu gün baş örtüsü ilə bağlı gərgin debatlar var. 

- Çoxları çadranı bir simvol kimi qəbul edir. Reallqda isə əksəriyyət üçün bu sadəcə gündəlik geyimdir. Mənim filmimdə isə baş yaylığı sırf sosioloji məna daşıyir, bununla da qadınların hansı təbəqədən gəldiyini göstərmək istəmişəm. Fotolarımda başqa bir şey də vardı: burada çadra qadınların əzilməsinin simvoldur, qərb mədəniyyətində isə bu psixoloji zədənin ifadəsidir.

Muzey kinoteatrdan elitardır

- Videoinstallationdan filmə keçid sizin üçün çətin oldu? 


- Kino sadə insanlara yaxın olduğu üçün xoşuma gəlir. Qalereyalar və muzeylər daha çox elitar xarakter daşıyır. Mən foto sənətində mümkün olan hər şeyi etmişəm. Amma 15-20 videoinstallationdan sonra bir az tükəndim, yoruldum. “Kişilərsiz qadınlar” əslində mənim üçün ilk film olmaqdan çox yeni kontekstdir. Film dünyası məni həyəcanlandırır.

- İran kinosu beynəlxalq festivallarda çox təmsil olunur. Sizin yeriniz İran kinosunda mühacir rejissor kimi hardadır? 

- Filmimlə İranda çəkilən filmlər arasında böyük fərq var. İran filmləri ordakı həyatı sənədli və bədii parametrlər arasında göstərir, onları senzura müəyyənləşdirir. Mən isə İranın müasir gerçəkliyini anladan filmlər çəkmək istəyirəm..

- İrana gedə bilirsizmi? 

- İrana getməyimə rəsmi qadağa qoyulmayib. Amma özümü orda təhlükəsiz hiss etmirəm.

Bacım filmimin diskini qara bazardan alıb

- Filmi vətəninizdə izləyiblərmi? 


- Filmin premyerası 2010-cu ilin əvvəlində Amerikada olub. Amma bundan bir neçə gün əvvəl Tehranda yaşayan bacım qara bazardan onun iki surətini alıb.

- Siz 1970-ci illərədə iradənizin əleyhinə olaraq Kaliforniyaya getdiz. Qərbdə uğur qazandız. 1990-cı ildə İrana getsəniz də 1996-cı ildən bəri vətəninizdə olmamısız. Sizin məkanınız bu iki dunya arasında hardadı? 

- Mühacirətdə çoxlu iranlı yaşayır. Biz qərbdə məktəbə gedir və orda yaşayırıq, amma kökümüzdən ayrılmırıq. Mən emosional cəhətdən iranlıyam, dünyagörüşcə isə qərbli. Qərblə şərq arasında körpülər tikməliyik. Bizdə çatışmayan nədir? Mənim sənətimdə əsas məsələ məhz budur.

İranda nə olursa 5 dəqiqə sonra bilirik

- Xaricdə yaşayan iranlıların bir-birilə əlaqəsi necədir? 


- Xaricdə yaşayan iranlılar yaxınlaradək müxtəlif cəbhələrə ayrılmışdılar: şah tərəfdarları, anti-şahçılar, sağçılar, solçular, varlı, kasıb təbəqələr, dinçilər, antidinçilər. İranda son illərdə baş verənlərdən sonra anladıq ki, biz eyni xalqıq. Öz təcrübəmizi bir-birimizlə paylaşırıq. Aramızdakı fikir ayrılığı artıq vacib deyil. Bir məqsədimiz var. Biz ideologiyalar uğrunda mübarizə yox, azadlıq uğrunda mübarizə aparırıq. Facebook əlaqə saxlamaq və informasiya mübadiləsi üçün çox vacibdir. İranda nə baş verirsə, 5 dəqiqə sonra artıq bu haqda bilirik və digərlərinə informasiya veririk.
Aclıq aksiyaları təşkil edirik, aksiyalarımız zamanı Robert Redfordun dəstəyini aldıq və digər Hollivud ulduzlarına kömək üçün müraciət etdik. Hər kəs təşəbbüs göstərir. Heç zaman təsəvvür edə bilməzdim ki, aclıq aksiyasının təşkilatçısı ola bilərəm. Amma bu mənə artıq qəribə yox, təbii gəlir. Axı, söhbət məndən yox, ölkəmdən gedir. Sanki mənim içimdə həmişə indi oyanan aktivist yatmışdı. Mübarizə həyatımıza inanılmaz anlam gətirir. Bu gözəl bir təcrübədir və bizi dəyişir.

Biz inqilab yox bir az azadlıq istəyirdik

- Ümidsiz vəziyyət sizi ruhdan salırmi? 


- Yox. Əgər bizim şah bir az ağıllı olsaydı və anlasaydı ki, əslində inqilab yox, sakitlik və yalnız bir az azadlıq istəyirik….. Hökumətin zorakılıqdan istifadə etməyindən sonra bizdə məğlubiyyət hissi var. Hamımız hiss edirik ki, mübarizəni davam etdirməliyik. 1953-cü ildə nəyin uğrunda mübaruzə aparırdıqsa bu gün də onun uğrunda mücadilə edirik. Tarix təkrar olunur.

- “Kişilərsiz qadınlar“ da hadisələr İranda 1953-cü il dövlət çevrilişinin fonunda baş verir- Böyük Britaniyanın və Amerikanın demokratiyanı məhv etdiyi zamanda. 

- Yaxın Şərq problemləri haqda çox danışılmasına baxmayaraq, bu tarix çoxuna hələ də tanış deyil. Bununla yanaşı konfliktin kökü- Amerika və Yaxın Şərq arasındadır. Çevriliş ölkədəki demokratik inkişafı boğdu və 1979-cu ilin İslam inqilabına zəmin yaratdı.

Çəkdiyim film gərək anamı darıxdırmasın

- Film Şarnuş Parsipurun „Kişilərsiz qadınlar“ romanı əsasında hazırlanıb. Kitab İranda qadağan olunub. 


- Parsipurun yazdığı müxtəlif qısa hekayələrin mərkəzində qadın dayanır. Hekayələr bir-birilə bağlıdır. Onları bağlayan məkan görüşdükləri bağdır. Kitabdakı sürreal komponentlər xoşuma gəlir: bağ sürgünün, günahsızlığın və özünüdərkin məkanıdır. Kitab vizual baxımdan da güclüdür. Mən prinsipcə siyasi məqamları genişləndirmişəm. Sürrealizmi, magiyanı isə azaltmışam. Filmdıki qadınlar çox müxtəlifdir: biri evlənmək istəyən normal qız, biri qərb yönümlü, biri dindar, digəri isə fahişədir. Vacib məsələ onların qurban olmamasıdır, azadlığı əldə etmək üçün cəsarət göstərmələridir. Mən dünyanı gözəl və ya dəhşətli yox, ziddiyət kimi qəbul edirəm. Yaradıcılığımda hər şey bu dualist struktura əsaslanır: bağ və şəhər, fərd və xalq, zorakılıq və mənəviyyat.

- Sizi feminist hesab etmək olar? 

- Yox, sadəcə kişilərdən çox qadınlardan təsirlənmişəm. Məsələn, Şarnuş Parsipurdan. O, 5 il həbsdə yatdı, onu oğlundan ayırdılar, müahcir olmağa məcbur edildi. Amma o çox güclü qadındır. Və ya „Persepolis“in müəllifi Mərcanə Sartapini nümunə gətirə bilərəm.

- Özünüzü kino sənətində görürsüzmü? 

- Kino məni bir təcrübə forması kimi maraqlandırır. Xüsusən də onun başqa sənət növləri ilə ünsiyyətdə olması baxımından. Heç zaman sadəcə basmaqəlib, ənənəvi filmlər çəkməyə cəhd etməmişəm. Culian Şnabel (Julien Schnabel) və Metyu Barni (Matthew Barney) mənim üçün örnəkdir. Kinoda öz dilimi, nəql və rəssamlıq arasında balans tapmaq istəyirəm. Həm də elə film çəkmək istəyirəm ki, anama da darıxdırıcı olmasın.

Material Ş.Neşatın Almaniyanin “FAZ“, “Tagesspiegel“, “Süddeutsche Zeitung“ qəzetlərinə verdiyi müsahibələr əsasında hazırlanıb.

Almancadan Sevda Sultanova çevirdi                     kulis.az

Комментариев нет:

Отправить комментарий