16.04.2011

Qaranlıqdan aydınlığa doğru

Dilqəm Əhməd

Çox insanın həyatının müəyyən bir dövründə çıxılmaz anlarla üzləşməsi, sanki bütün cəhdlərin boşa çıxmasından sonra əzablı bir hala mübtəla olması, onu həyata bağlayan bütün bağlardan qoparaq tamamilə uzaqlaşması kimi vəziyyətlər mövcud olub. Bu kimi hallarda bəzən insanlar qaranlıq bir boşluqda olduqlarını düşünür, nə zamansa işıq ucu görünəcəyini gözləyirlər. İnsanı bütün varlığı ilə əhatə edən bu ümidsizlik çox hallarda həmin işığın görsənməməsinə səbəb olur. Bu ona bənzəyir ki, uzaq bir cəngəllikdə bir quyunun içərisinə düşən insan heç bir hərəkət etmədən kimlərinsə gəlib onu qurtaracağına ümid bəsləyir.  Təkcə bu ümidlə yaşamaqla o quyudan qurtulmaq mümkündürmü? O quyuya düşən insan oradan çıxmaq üçün gərəkli olan bütün addımları atıbmı?
Tarixçilərin yazdıqlarına görə hələ ilk insanlar mağaralarda yaşayarkən onları soyuqdan qoruyacaq, yığdıqları təbiət nemətlərini qoruyub saxlayacaq, öz qəbilələrinin daha rahat həyat tərzi sürə biləcəyi mağaraları əldə etmək üçün qonşu qəbilələrlə mübarizələr aparardılar. Bu mübarizələr çox vaxt, bütöv bir qəbilənin məhvinə, ən yaxşı halda isə qul olmalarına səbəb olurdu. Tədricən qolu zorbalar ələ keçirilən daha böyük mağaranın başçısına çevrilir və bunun nəticəsində onlar artıq iş görən deyil, idarə edənlər olurdular. Onlar üçün zəlil gündə yaşayan, təbiətlə mübarizə aparan insanların nə hiss etdikləri, düşüncələri, duyğuları heç bir önəm daşımırdı. Tədricən mağaradan çıxan bu başçı artıq mağaranın ona yaraşmadığını düşünərək gecə-gündüz qul kimi işlətdiyi insanlara ilk evləri tikdirtməyə başlayır. Ardınca buranı da bəyənməyərək daha böyüyünü ucaldır. Bu tikintilər zamanı halsızlıqdan, susuzluqdan ölən insanların heç biri onun üçün əhəmiyyət daşımamağa başlayır. Çünki o yalnız özünü başçı görürdü. Yalnız insan o idi. Və elə bir zaman gəlir ki, artıq o, insan olmamağa, daha yüksəyə-Tanrı olmağa qərar verir. Yaratdığı sarayların qarşısında məbədlər tikdirməyə başlayır bu “Tanrı”. Amma məbəd hazır olmadan gerçək Tanrının göstərişi ilə bu yer tanrısı elə həmin məbədin çöküntüsünün altında qalaraq məhv olur. İnsanlara və yerdəki tanrılara ibrət olsun deyə, gerçək Tanrı hər zaman bunu edir. Bunun niyə belə olması isə, Tanrının həyat üçün qoyduğu dəyişilməz qanunlardandır. Çünki bu gün bəşəriyyətin dünyagörüşü həmin mağara təfəkküründən bütünlükdə qırılmayıb və çox güman ki, bu belə də olacaqdır. Bir qisim gerçək insan olduqlarını, Tanrı olduqlarını, yalnız onların həyatdan zövq almalı olduqlarını düşünərək, milyonlarla insanı köləliyə, itaətə məcbur edirlər. Bu köləlikdən qurtulmaq üçün insan bütün addımları atıbmı? Bütün yollar tükənibmi?
Artıq insanların əzab çəkməsi, dəhşətli ölümlər, faciələr o qədər adi hal alıb ki, insan olaraq digər bir insanın acısını paylaşmağa cəsarətimiz qalmayıb. Bir təyyarə qəzaya uğrayarkən rəhbərlik o an qara qutu tapılacaqmı, qəzanın səbəbini öyrənə biləcəyikmi deyə düşünür. Halbuki o an kimsə, həlak olan yüzlərlə insanın hər birinin həyatının nə qədər gərəkli olmasının, düşən təyyarə ilə birlikdə nə qədər ümidlərin, sevinclərin, xoşbəxtliklərin sona çatdığını dərk etmir. Və ya döyüş cəbhəsində düşmənlə vuruşarkən şəhid düşən bir gəncin həyata dair planları, həyatdan gözlədikləri, ümidləri heç mi önəmli deyil? Nə zamana qədər mağara təfəkkürlülərin bitib-tükənməz ehtirasının sonucunda milyonlarla ümidlər puça çıxacaqdır? Bu milyonların yığışaraq həmin mağara təfəkkürlüləri məhv etmələri üçün bütün addımlar atılıbmı?
Məşhur bir əsərdə qeyd olunur ki, əgər bir şəxs öz arzusunun həyata keçməsini bütün varlığıyla istəyərsə və buna cəhd göstərərsə, o zaman bütün kainat ruhu və kainatı təşkil edən bütün zərrələr bu arzunun həyata keçməsi üçün çalışacaqdır. Yetər ki, həmin arzu ilahi nizamlara qarşı olmasın. Eyni zamanda da, bir neçə şəxs də, bu cür bir istəkdə olarlarsa, o da həyata keçər. İnsanlar daha çox olduqca, istəklər isə eyni olduqca Tanrı onları eşidəcək və istədiklərini onlara verəcəkdir. Mağara təfəkkürlülərin qarşısını almaq istədikləri də məhz budur. Hər bir şəxsin həyatının bütün sahələrinə o qədər müdaxilə edilməlidir ki, öz problemlərinin ucbatından başını yana çevirib qonşusunun dərdini görə bilməsin. Təki insanlar bir araya gəlməsin.
Bizlərin hər birimiz öz həyatımızda şərə qarşı mübarizə apardığımız kimi, cəmiyyət də bütövlükdə şərə qarşı mübarizə aparmaqdadır. Hər dönəmdə şər güclü görünsə də, bütün hallarda həlledici qələbə onun olmayıb. İşığın olmadığı zaman yoxdur, sadəcə bizlərin zəif gördüyümüz zamanlar vardır. İşıq hər zaman öz parlaqlığı ilə, öz əzəməti, məğrurluğu ilə yanmaqdadır, sadəcə olaraq bizlər bəzən o qədər qaranlıqlara düçar oluruq ki, onun zəif yandığını görürük. Yenə məşhur bir romanda deyildiyi kimi “Qaranlıqların aydınlığa çevrildiyini görmək, gözlərin nəhayət gerçəkləri tapması deməkdir”.
Ürəyinizə aydınlıq doğsun!!!

Комментариев нет:

Отправить комментарий