18.04.2011

Vətəndaş cəsarəti

Lalə Ramizqızı                "Millətim" qəzeti

Lale RamizqızıVətəndaş cəsarəti bütün toplumlarda sivil inkişafa doğru elə bir mühüm amildir ki, bunun xaricində heç bir toplumun ciddi bir uğura nail olacağı qəbul edilən deyil. Vətəndaş cəmiyyətinin formalaşmasına gedən yol vətəndaş cəsarətindən keçir. Vətəndaşın cəsarət sahibi olduğu ölkədə nə demokratiya ayaqlanar, nə də məmur həyasızlığı tüğyan edə bilər.
İnkişaf naminə Azərbaycanımızda vətəndaş cəsarətinə daha çox ehtiyac var. Başlıcası ona görə ki, dövlətin sərvətlərinin bir qrup oliqarxın əlində cəmləşməsi, əldə silah azadlıq savaşına qalxmış Azərbaycan xalqında öz müstəqilliyinə inamı itirməyə başlayır. Bu qədər milli sərvətə sahib ölkənin vətəndaşları çörək pulu dalınca qürbətə səpələnmişsə, bu özü də vətəndaş sükutunun doğurduğu faciədir.
Bu gün vətəndaş cəsarətinə daha çox ehtiyacımız var. Həm də ona görə ki, siyasi hakimiyyət özü dözməyərək baş alıb gedən korrupsiyaya və məmur özbaşınalığına qarşı savaş açıb. Bəri başdan hər kəs bilməlidir ki, cəmiyyətin fəal iştirakı olmadan, yəni vətəndaş cəsarəti olmadan cəmiyyətin yaralarını sağaltmaq olmaz. Onsuz da cəsarət nümayiş etdirən, öz haqqını tələb edən vətəndaşdan ən qatı korrupsioner və yaxud həyasız  məmur həmişə qorxub geri çəkilib.
Əgər ölkədə korrupsiya və məmur özbaşınalığının ortadan qaldırılmasını arzu ediriksə, dövlətin bu yöndəki siyasətini yalnız alqışlamaqla kifayətlənməməliyik. Hər kəs ölkəni fəlakətə sürükləyən korrupsionerlərə qarşı bir savaşa başlamalıdır. Axı hər şeydən əvvəl onu bilməliyik ki, korrupsiya qurbanları biz vətəndaşlar olduğumuzdan, bizim fəallığımız və mübarizəmiz olmadan dövlət korrupsionerlərə qarşı mübarizədə uğursuzluğa məhkumdur.
Bu gün bütün vətəndaşlar ölkənin və onun inkişafını korrupsiya girdabına salan məmurlara qarşı bir cəsarət ortaya qoymalıdır. Bu cəsarət təkcə məmur ordusuna qarşı yox, hələ də rüşvət verməyə meyilli ətrafa qarşı da çevrilməlidir. Hər kəs bilməlidir ki, bu gün cəmiyyətin təmizlənməsi naminə cəsarət nümayiş etdirə bilməyən ölkə vətəndaşları sabahkı nəslin ağır qınağına tuş gələcəkdir. Axı korrupsioner məmurların özbaşınalığı ölkənin inkişafına elə bir qandal vurub ki, sabahı qeyri müəyyən təsəvvür etmək olar.
Korrupsiya və özbaşınalıqdan əziyyət çəkən ölkə vətəndaşları birmənalı olaraq anlayanda ki, onların hər birinin payı olduğu bu xalqın milli sərvətləri bir qrup oğrunun əlində cəmləşdiyindən, məhkum olduqları sıxıntılı həyatdan ortaya cəsarət qoymadan heç bir yolla xilas olmaq mümkün olmayacaq.
Sosial ədalətin bərpası ilk növbədə korrupsiyaya qarşı mübarizədən keçdiyindən və hər kəsin içində sosial ədalət arzusu olduğundan vətəndaşlar öz sözlərini demək üçün yaranmış şəraitdən maksimum yararlanmalıdır.
Bir həqiqəti bilmək lazımdır ki, vətəndaş cəsarəti ortaya qoyulmadan korrupsiya adlı fəlakətdən xilas olmaq mümkün deyil. Sadəcə olaraq bu yolda başlanmış iş bir neçə orta və xırda məmurun cəzalandırılması ilə başa çatan kompaniya kimi bitər ki, bunun da ölkədəki korrupsioner məmurlara təsiri çox cüzi ola bilər. Əvəzində vətəndaş cəsarətinin ortaya qoyulması, korrupsiya və özbaşınalığın əsil daşıyıcıları olan nazirlərin cəzalandırılması ilə başa çatır ki, bu da korrupsiyanın birbaşa kökünün qırılması anlamı hesab oluna bilər.
Bu gün vətəndaş cəsarəti Azərbaycanda ona görə həyati əhəmiyyət daşıyır ki, ölkə qaçılmaz müharibə ərəfəsindədir. Millətin sərvətinə sahib çıxıb, harın həyat tərzi sürən korrupionerlərin övladlarının əsgəri xidmət olaraq harada və necə xidmət etmələri kimsəyə sirr deyil. Vətənin oğurlanmış sərvətləri hesabına ətrafındakı qoçu dəstəsinin müşayiəti ilə harın və əxlaqsız həyat sürən məmur balaları da anlamalıdır ki, onlar bu Vətənin övladı olduğundan yalnız sərvətindən yararlanmamalı, həm də sərhədlərini qorumalıdır.
Vətəndaş cəsarəti ölkəni düşümüş olduğu bəlalardan qurtarmağın başlıca amilidir. Axı bütün hallarda ölkə elə vətəndaşlarındır. Bu vətəndaşlar öz ölkələrinə sahib çıxdıqda çox əzəmətli görünən korrupsioner məmurlar, dərhal məzlum və miskin görkəmdə görünəcək. Başlıcası ona görə ki, vətəndaş cəsarəti sayəsində onların oğru olması, oğurluq sayəsində məğrur görkəmə malik olmaları faş olunduğundan, sabun köpüyü kimi boşalan görüntü əsil simalarını ortaya qoyacaq. Çünki hər kəsə bəlli olduğu kimi oğrunun dili gödək olar. 

Комментариев нет:

Отправить комментарий