20.04.2011

ZİYALILAR HİMN DƏYİŞİKLİYİ CƏHDİNƏ OD PÜSKÜRDÜ


“Axı himnlə nə işləri var? Gözəl səslənir və bütün dünyada onu heyranlıqla dinləyirlər. Üzeyir Hacıbəyli şedevr yaradıb, ona toxunmaq olmaz”. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycanın dövlət himninin dəyişdiriləcəyi haqda məlumatlara belə münasibət bildirib.
“Yeni Müsavat” qəzeti 20 aprel sayında Azərbaycanda dövlət himninin dəyişdirilməsinə hazırlıq görüldüyünü yazıb. Hökumətdəki mənbələrə istinad edən qəzet bildirir ki, müvafiq strukturlara yuxarıdan tapşırıqlar verilib və mediada, Milli Məclisdə himnin “mətninin uzun, dilinin ağır olması”, “yadda qalmaması” bəhanələri ilə kampaniya başlayacaq: “İqtidar himni dəyişmək üçün bir neçə “arqument” də hazırlayır. Onlardan biri Avropa Şurasının “himndə militarist fikirlərin əks olunmasına dair iradları”, digəri isə “xalq şairləri”nin izahı ilə “cümlələrin qafiyələnməməsi” şəklində ortaya atılacaq.
Bu sahədə önəmli görəv isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Himnin dəyişdirilməsindən əvvəl ictimaiyyətin buna psixoloji cəhətdən hazırlanması nəzərdə tutulur. Elə Mədəniyyət və Turizm Nazirliyi də bunu təklif edib. Mənbə qəzetimizə prosesin hansı mərhələlərlə həyata keçiriləcəyini açıqlayıb. Belə ki, ictimai rəyin hazırlanmasından sonra hökumət yeni himnin mətninin seçilməsi üçün müsabiqə elan edəcək. Təbii ki, yeni himnin mətni indikindən qısa olmalıdır və burada müəyyən tələblər də qoyulacaq. Ondan sonra seçilən mətnin musiqisinin bəstələnməsi üçün başqa bir müsabiqə keçiriləcək və yekun variant Milli Məclisin qərarı ilə təsdiqləndikdən sonra qüvvəyə minəcək”.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi İntiqam Hümbətov “Media forum” saytına açıqlamasında “Yeni Müsavat”dakı məlumatın həqiqət olmadığını deyib: “Mədəniyyət və Turizm Nazirliyində himnin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb. Bununla bağlı bizə heç bir tapşırıq da verilməyib. Hazırda gündəmdə belə bir məsələ yoxdur”.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Media forum” saytına deyib ki, hazırda parlamnetdə himnin dəyişdirilməsi məsələsinə baxılmır: “Hələlik bu məsələ gündəmdə deyil. Amma müxtəlif vaxtlarda himnlə bağlı fərqli fikirlər səsləndirilib. Himnin sözlərinin arxaikliyi, anlaşılmazlığı, mətnin uzunluğu haqda deyilənlərdə müəyyən həqiqət var. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni kimi nəzərdə tutulmayıb, daha çox marş kimi yazılıb. Hətta bu mətnin hərbi məktəb məzunlarının marşı kimi yazıldığına dair fikirlər var. Ona görə də himnin dəyişdirilməsinə dair fikirlər səsləndirilir. Amma hələlik məsələ ciddi formada qoyulmayıb”.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğuna görə onun bütün atributlarını - bayrağını, gerbini və himnini qəbul edib: “O zaman himnin mətnində müəyyən redaktə aparılıb. Amma bu redaktə o qədər də keyfiyyətli olmayıb. Ona görə də himnin mətninin dəyişdirilməsi müzakirə oluna bilər. Burada söhbət hansısa siyasi iddiadan getmir”.
Himnin dəyişdirilməsi ilə bağlı müzakirələrin getdiyinin şahidi olmadığını vurğulayan bəstəkar Vaqif Gərayzadə isə deyib ki, himnin sözləri və musiqisi xoşuna gəlir: “Mən himnimizi çox bəyənirəm”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Media forum” saytına açıqlamasında deyib ki, dövlət himninin dəyişdirilməsinə heç bir ehtiyac yoxdur: “Nə onun mətninin, nə də musiqisinin dəyişdirilməsinə ehtiyac var. Gül kimi himndir. Sadəcə, mətndə Anadolu ləhcəsi var deyə zaman-zaman bu məsələ qaldırılıb”.
Himnin musiqisinin marş janrına oxşar olmasına deyilənlərə münasibət bildirən Fərhad Bədəlbəyli bunu lüzumsuz söhbət kimi dəyərləndirib: “Daha ciddi məsələlər var ki, deputatlarımız onlarla məşğul olmalıdır. Qoy deputatlarımız bununla məşğul olsunlar. Sosial dərdlərimiz var - su, qaz, işıq... Onlar seçiciləri ilə görüşüb bu məsələlərin həllinə nail olsunlar. Axı himnlə nə işləri var? Gözəl səslənir və bütün dünyada onu heyranlıqla dinləyirlər. Üzeyir Hacıbəyli şedevr yaradıb, ona toxunmaq olmaz.
Çox himn eşitmişəm. Almaniyanın, İngiltərənin, Rusiyanın himni və bizim himn çox seçilir. Marş janrına yaxın yazılan himnlər, misal üçün, İtaliyada, Uruqvayda var. Həmin himnlər bizimkindən qat-qat aşağı səviyyədədir. Paradoksal haldır ki, İtaliya kimi böyük dövlətin himni heç də yüksək səviyyəli himn deyil. Hesab edirəm ki, Üzeyir bəyin yaradıcılığına dəymək olmaz”.
“Media forum”un arayışı:
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası milli himnin hazırlanması qərarı çıxarıb və Xalq Maarif Nazirliyi bu məqsədlə müsabiqə elan edib. Lakin 1920-ci il aprelin 28-də xalq cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməyib.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının dövlət himni haqqında” qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavadın tərtib etdiyi “Azərbaycan marşı” Azərbaycanın dövlət himni kimi təsdiqlənib.

1993-cü il martın 2-də Milli Məclis “Azərbaycan Respublikasının dövlət himni haqqında əsasnamə” qəbul edib. Əsasnaməyə görə, dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur. Azərbaycan Respublikasının dövlət himni 1992-ci il 27 may tarixli qanunla təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.

Комментариев нет:

Отправить комментарий