03.04.2012

Bütün günəşlərimin ölüm çağında




Süleyman Cəfərli
Təbriz


Şəhərim


Barışa bilmədim sənlə bir təhər,
Halbuki ərköyün balandım sənin.
Yoxsa sən! 
Anlaya bilmədin dərdimi mənim.
De  görüm çoxmuydu səndən istəyim?
Biraz ay ışığı, bir kərpic divar
Səslənəm üstündə haraylarımı

Qırmızı boyayla bir ulduz çəkib,
Onunla sayrışam kim olduğumu.
De  görüm çoxmuydu səndən istəyim?
Sən qucaq açarkən hər gələninə,
Bir qarış divarı çox gördün mənə.
De görüm mən sənə ögey oğuldum?
Bəlkə də mən səndə doğulmamışam?
Bu barıt qoxulu soxaqlarında
Yaşamaq adına boy atmamışam.
Barışa bilmədim sənlə bir təhər,
Gedirəm, rahat qal, ay qoca şəhər.
Baş atıb yatginən sən bu yazı da,
Tərpənmə amandır, yuxun kal olar!
Qoynuna basdığın kimliksizlərin
Sən oyandığında uykusuz qalar.
Gedirəm...
Nə olar unutma ancaq!
İstəyim bir kərpic divardı səndən
Qaranlıq sokaqda, ay ışığında
Yaslanıb qoynuna başımı qoyam
Polisdən, bəkçidən qorxum olmadan
Çəkdiyim ulduzun yanında yatam.
Nə olar çox görmə barı sən şəhər!
Ölüm bildirişimə bir qarış divar
Bir neçə saatlıq borc alım səndən.
Xətrim olursa yanında sənin
Bu qədər bəsimdir, qoca şəhərim.


Gözlərin kimi


Bir az bulud, bir az yağmur
Səsi yaşlı olur, gözlərin kimi
əsmər bir gəlindir gecə
muncuq düzmüş tellərinə
qonaq gəlib şəhərimə...
***
sənsən, mənəm, bir də 
bəy durmaq istəyən bu şəhər...
sən tellərinə ulduz düzmüsən, gözlərinə yağmur
mən
içi dolu kaldırım, içi dolu küçə,
içi dolu ev-evcik, içi dolu Təbriz, bir şəhərəm
sən
Bütün günəşlərimin ölüm çağında içimə dolursan.
Mən,
Bir qurtum yağmurun yanğısı,
Ürəyimdə aysız gecələrin qorxusu
Saxta ışıqlardan doğulmuş kölgələrə səslənirəm:
“Əl dəyməyin gecəmizə!” 
Gecə mənim, gecə sənin, biz gecənin
Burax yatsın kölgələrin günəş bildikləri gəlin...

Törəmiz


Bilirəm! əlində olsaydı
Bu qədər ili dözməzdin.
Bilirəm əlindən gəlsəydi, tikanlı telləri, dəmir barmaqlıqları
Çoxdan əritmişdin gözlərinlə.
Gözlərini tanıyırdım...
İllər öncə “Bağdat”da, “Samira”da
Ondan  öncə də Tanrı dağlarında, görmüşdüm gözlərini
Səni tanıyırdım...
Yurdumun dağlarında, qayalarında, gün doğan zirvələrində
Görmüşdüm səni.
Başı uca, dik yürürdün
Göyə baxıb düşünərdin qonşu şairin sözlərini,-
“Göy üzü sənindir,
Mənimdir,
Göy üzü hər kimsənindir...”
Quşlarla bölüşürdün göy üzünü, sərçə də, qartal da!
Kim nə qədər uça bilirsə.
Ancaq topraq?
Topraq da var,-
“bölünməz, pay verilməz
Namus kimidir
Gecə çörəyindən gərəklidir.
Qara olsa da, sudan aydındır, aydan ışıqlı”- deyərdin.
Inanmışdın toprağa, topraq da sənə
Güvənmişdin qollarının gücünə.
Qollarını tanıyırdım!!!
Kələfçəyə alışmışlardır
Dağlarda yoğrulmuşlardı. Qurd əli kimi...
Uğurlu, verimli, bərəkətli!
***
İndi isə qayıtmısan, 
Yenə də başı uca, 
Qurd kimi, qartal kimi, 
Yenilməz, güclü, açıq gözlə
Bilirəm törəmizdir
Qurbətdə ölənin gözünü yummazlar...


Eskilt


Öncədən də tanıyırdım səni,
Öncədən də bilirdim belə olacağanı,
Qar çiçəklərinin solmasından anlamışdım.
Bayramın ilk saatlarında yağan qar da söyləmişdi mənə
Sən, bu yaz üzümə gülən deyilsən!
Sən, bu yaz yaşıllanan deyilsən! 
Sən...
İndi silə bilərsən adımı,
İndi azalda bilərsən dəlilərinin sayını,
İndi sevinə bilərsən -
Artıq kaldırımlarını ucuz ayaqqbılarım kirlətməyəcək.
Artıq gecikmiş uşaqlığım, 
Vitrinlərin önündə oyuncaq arabaları süşlərində sürməyəcək
Artıq...
Yağmur bəkləyən oğlan
Heç bir duraqda, heç bir avtobusun gəlişini gözləməyəcək.
Artıq, “Ərkin” önündə sərilmiş kitablar 1
Mən adlı birinə satılmayacaq.
Artıq sevinə bilərsən. 
Bu axşam acılarını, başqa mənlərə də paylıya bilərsən,
Bu axşam, asılı köprülərinin birindən
Yazısı yanlış bir şeir kimi
Bülgələnib atılacağam.
Bu axşam torpaq yollarının birində,
Arabaların altına səriləcəyəm.
 Bu axşam, qos-qoca bir çınarın çiynində,
İp dallarda çiçəkləyəcəyəm,-
Bu axşam, əskiltə bilərsən dəlilərinin sayını...


1- Təbrizdə,  “Ərk”in önündə ikinci əl kitabları yerə sərib satarlardı. mən dəyərli kitabların bir çoxunu ordan almışam.
Тебриз

Комментариев нет:

Отправить комментарий