06.05.2013

MƏN SAVAŞIN ORTASINDA BİR UŞAQ!

Nuray Nur

Mən savaşın ortasında bir uşaq!
Soyuyar qaynar göz yaşlarım
anamın buz kəsmiş cəsədinə toxunaraq.
Süzülüb suvarar torpağı
onun al qanına qarışaraq.
Mən savaşın ortasında bir uşaq!
Nə bomba səsləri duyuram,
nə atəş, nə haray, qışqırıq.
Tutmuş qulaqlarımı ayrılığın gətirdiyi hıçqırıq.


Mən savaşın ortasında bir uşaq!
Kədərim sığışmır nə Yerə, nə göyə.
Dilim də dönmür ki, sığınım,
hansısa duaya, diləyə.
Hər kəsi, hər şeyi itirdim
Mən  kimə güvənim və niyə?

Mən savaşın ortasında bir uşaq!
Sənsə avropalı “həssas” fotoqraf.
Mən səni zirvəyə qaldırram,
Acımla bir kadra sığaraq.

Mən savaşın ortasında bir uşaq!
Dərdimlə, itkimlə, savaşa kinimlə,
Ömürlük qalaram fotonda donaraq.
“Dərdimlə” qürur da duyarsan,
Savaşdan uzaqda alqışlanaraq.
Sən savaşın uzağında  “həssas” fotoqraf!
Mən savaşın ortasında yetim bir uşaq!

Комментариев нет:

Отправить комментарий