06.05.2013

Uşaqkən quşlara daş atan oğlan

Ruslan Dost Əli

Yaşın azlığından şikayətlənən
İndi çoxluğundan şikayətlənir

Hər şeyi başqa cür düşündük əvvəl,
Yaş ötdü,hər şeyin tərsini gördük.
On bir il məktəbə gedib gəldikcə
Yaşaqdıq, həyatın dərsini gördük.

Kiçikkən yüz işə meyil salanlar,
İndi ölüm-zülüm bir işə girib.
Körpəykən divlərdən qorxub yatanlar,
İndi divlər ilə döyüşə girib.


Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi,bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi.

Sularda balığı xoşbəxt görənlər,
Bilirəm,fikriniz dəryada qalıb.
Məftildən düzəldib maşın sürənlər
İndi baxıram ki,piyada qalıb.

Çərpələng uçurram hərdən havaya,
Nə dərd görübdürsə yerdə,qayıtmır.
Gizlənqaç oynu da dəyişib artıq,
Qaçan elə qaçır,bir də qayıtmır.

Dünyanı gözəl tək görən gözəllər,
Gəlib bu dünyanın çirkinə düşüb.
Gelinciyin ərə verən gözəllər
İndi gəlin olmaq fikrinə düşüb.

Qalın kitabları cırıb atanlar,
İndi görürəm ki,varaq bağlayır.
Körpə budaqları qırıb atanlar,
İndi ağac əkir, budaq bağlayır.

Mənim də uşaqlıq xatirəm durur
Min ağac başında,min söyüd altda.
İndi övladına öyüd verənlər
Bir vaxt böyüyüblər o öyüd altda.

Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi...

Комментариев нет:

Отправить комментарий