05.06.2013

İntihar kəndiri

rovshen novruzoglu1 300x222 İntihar kəndiri...Rövşən NOVRUZOĞLU

Akademik bir gülüş... Akademik bir kədər...

Professor Məmmədovun ölümü adi ölüm olmadı. O, intihar etdi. Evinin damından özünü asıb öldürdü. Sonra professor üçün iki-üç gün axtarış elan olundu. Amma tapılmadı. Halbuki, professor damdan asılı qalmışdı…
Professor gözəl alim idi. (Psixoloqlar məni bağışlasınlar, o dəli deyildi. Onların adətidi belə adamları dəli hesab etmək. Hərçənd, dəliliyin 320 adda “növü” var. Fikrimcə, Professor günah da işlətmədi. Din xadimləri üçün bu günah deyil…) Uzun müddət işsiz-gücsüz qalmışdı. Həbsdən qayıdandan sonra işi lap çətinləşmişdi. Nahaqdan həbs olunmuş professor buraxıldıqdan sonra iş axtarırdı. Sonra qələm götürüb, müxalifətə yazdı.
Cavab gəldi ki, sənin kimisi bizdə çoxdu… İqtidara yazdı. Cavab gəldi ki, məşğulluq idarəsinə get, tapşırmışıq. Kişi də getdi. Getdi və o günün də axşamı intihar etdi… (Ona məşğulluq idarəsində kanalizasiya idarəsində iş təklif etmişdilər…)
Mən olanı yazdım… Bütün bunlar və dəliliyin 320 adda “növü” mənim yadıma Möhtəşəm Bir Tədbirdə (mən bunu fəxrlə, böyük hətflərlə yazıram) – AMEA-da “Avropa Məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu” adı altında keçirilən yığıncaqda düşdü… Bu forumda özünü öldürən professoru da xatırladım, onun boynuna keçirilmiş və yaxud keçirtdiyi üstü ziyilli kəndiri də xatırladım, ayağının altına qoyduğu, kəndirə boğazı çatsın deyə, yazdığı kitabları da xatırladım… həm müxalifətin, həm iqtidarın kanalizasiya iyli məktublarını da xatırladım. Forumda belə bir çağırış da eşitdim:”…Orta və yaşlı nəsil qloballaşan dünyanın çağırışına səs verəcəklər…”
Fikrimcə, professor Məmmədov səsini verdi. (?) Vaxt var idi, onun babası Əhmədov “Bütün ölkələrin proletarları, birləşin!” – adlı Lenin qloballaşmasına – sovet qloballaşmasına səs vermişdi. (İndi də onun nəvəsi Amerika qloballaşmasına səs verirdi.) Belə… Professor Məmmədovdan yaddaşımda nə qaldı? Boynunda kəndir… sifətində acı bir gülüş, yəni istehzalı bir gülüş… Ayaqlarının altında yazdığı kitablar.
Beynəlxalq Forumda sadəcə könüllü olaraq, dinləyici qismində iştirak edən dostum, ABŞ-ın Uest-Cefferson (Ohayo ştatı) şəhərindəki Bettel institutunda genetika məsələlərilə məşğul olan professor Con Uilyamla (Robertson) maraqlı bir söhbətim də oldu. O, çox maraqla, diqqətlə qulaq asır, qeydlər edir… və bir də görürdüm elədiyi iki-üç səhifəlik qeydlərin üstündən qələm çəkib, qaralayırdı. Professor Robertsondan (mən həmişə ona belə müraciət etmişəm) soruşdum ki, sənin işlədiyin şəhərdə neçə alim kanalizasiya idarəsində işləyir?.. Şaqqanaq çəkib, güldü. Dedi ki, bizim şəhərdə işsiz alim yoxdur. Ayda 10 min… lap bir az da çox…alıram. Üstəlik 50 min dollar dəyərində məruzə və mühazirələrim, kitablarım, çıxışlarım olur. Bir elmi-məqaləmin qonorarı ilə iki ay rahat dolana bilərəm… Kanalizasiya?.. Yenə güldü. Mən bu gülüşü Akademik Bir Gülüş (böyük hərflərlə yazıram) kimi qəbul etdim. O vaxt hiss etdim ki, sifətimdə Akademik Bir Kədər (yenə böyük hərflərlə yazdım. Hərçənd, fərq eləməz) gəzir. Elə zənn etdim ki, boğazımda professor Məmmədovun kəndirini gəzdirirəm. Sadəcə, o kəndirin ipini çəkən lazım idi. (Şübhə etmirdim ki, bu qloballaşan dünyanın kəndiri idi.) MEA-nın qapısından içəri hər girib-çıxan alim dostlarıma nəzər salanda… elə zənn edirəm ki, onların hər birinin boynunda bir intihar kəndiri var. Professor Məmmədovun intihar kəndiri kimi bir kəndir. O kəndirlə gəzib, dolanmaq isə, zülmdən başqa bir şey deyil…
Araşdırma materiallarım və sorğularım məni heç vaxt aldatmayıb… Məlumata görə Azərbaycanda 467 nəfər alim, ixtiraçı, tədqiqatçı… müəllim… elə, kanalizasiya idarələrində çalışır. Təqribən 830 nəfər alim… gözəllik salonlarında “pedikür”, “manikür”, zir-zibil təmizləməklə məşğuldur. (Mən “təqribən” dedim ki, onların arasında vaxtından qabaq ölüb-itənlər var). 270 nəfər “gənc alim” (?) öz alimlik sənədlərini gizlədərək yeni tikilən binalarda gözətçilik edir, zirzəmilərdə gecələyirlər… 140 nəfər alim və tədqiqatçının aqibəti daha maraqlıdır. Onların bir qismi gah zurna çalır, gah balaban, klarnet, kaman çalır,.. bir qismi də milli paltar adı ilə qaraçı tuman-köynəklərini geyib gecə barlarında, ziyafət salonlarında atılıb-düşürlər… Və yaxud bizim mətbuat, kütləvi informasiya vasitələri (qloballaşmaya başları qarışdığı üçün) susurlar… Məsələn, Türkiyənin “Milli İstiqbarat Təşkilatı” – yəni kəşfiyyat idarəsi İstanbulun Zürafə məhəlləsində keçirdiyi əməliyyatda həbs olunan 57 nəfər əxlaqsız qadının 16 nəfəri məhz uzun müddət işsiz-gücsüz qalan alim olub. (?) Araşdırma materiallarına görə, onlardan biri etiraf edib ki, alimlər birləşərək “Acından ölməmək üçün” şüarı ilə İstanbula gəliblər…
Digər bir məlumata görə, bu gün təkcə Bakı bazarlarında (indi onların bir qismi “Super Market” cəfəng bir ad altında işləyir) 43 nəfər professor var…
Professor Məmmədov üçün qəbir yeri də vermədilər. Normal bir yerdə qəbir üçün 790 manat istədilər… Olmadı. Maşını sürdülər kəndə. Danışırlar ki, professor Məmmədov kənddən neçə yerdən cırılmış və yaxud sökülmüş bir köynəklə çıxmışdı… İçimdən sərt bir ağrı keçdi. Fikirləşdim ki, hər kənd, hər rayon, hər şəhər öz alimi üçün kiçik bir “Fəxri Xiyaban” düzəldə bilməzmi? Olar… İstəsək olar. Belə olarsa, neçə-neçə alim (məhz alim) insan kimi can verər, vəsiyyət edər… dəfn olunar. Öz obasında, öz elində, öz ocağında gəlib-gedən üçün, doğulan yeni nəsillər üçün əsl mənada ziyarətgaha çevrilər. Alim məzarı hər yerdə, həmişə müqəddəs olub. Məsələn, ispanlar hər hansı bir alimin məzarı yanında əxlaqsız, vicdansız bir həyat sürmüş, cəmiyyətin yarasına çevrilmiş… adamları basdırmağı cinayət hesab edirlər. Əxlaqsız bir qadının yanında alim qəbri ola bilməz. Yəhudilər və farslar qəbristanlıqlarda öz alimləri üçün ayrıca dua oxuyurlar, baş əyib təzim edirlər. Abrını, ismətini tərəziyə çıxaran, ədalətsiz işlər görəni kimliyindən asılı olmayaraq, alim yanında dəfn etməzlər… Kəndlərdə, rayonlarda, şəhərlərdə məhz, alimlər üçün kiçik fəxri xiyabanların salınması əxlaqımızın gözəlliyinə misal ola bilərdi. (Bəlkə bu mövzunu genişləndirək? İnsanların rəyini öyrənək? Məsələn, təkcə Bakıda görün nə qədər Gəncəli, Qazaxlı, Gədəbəyli, Şəmkirli, Lənkəranlı, Masallılı, Şamaxılı, İsmayıllılı, Qubalı, Zakatalalı, Şəkili olanın (digər rayonları hələ demirəm)… alimin məzarı batıb gedib, itkin düşüb…)
Mən amerikalı alim Robertsonun Akademik gülüşünü hələ də unuda bilmirəm. Şübhə etmirəm ki, o da mənim…”milyonlar səltənətinin” balasının akademik kədərini unutmadı…

ayna.az

Комментариев нет:

Отправить комментарий