11.07.2013

ӘRӘBLӘRİN DAYDAYI LAWRENCE -1

Seyfəddin Altaylı

“Hәr insanı öndәn vә arxadan tәqib edәn mәlәklәr vardır. Allahın buyruğu ilә onu qoruyurlar. Bir xalq öz әhvalını dәyişmiyәnә kimi Allah onların vәziyyәtini dәyişdirmәz. Allah bir qövmә dә pislik elәmәk istәdimi, artıq onun qarşısının alınması qeyri mümkündür. Onlar üçün Allahdan başqa bir himayәdar da tapılmaz. Rәd Surәsi. 11-ci ayәt”

Xeyli uzun müddәtdir beynimdә İngilis casusu Lawrenceın әrәbistan yarımadasında 20-ci әsrin әvvәllәrindә bizә qarşı hәyata keçirdiyi әmәllәri yazmağı dolandırırdım, ancaq özümü köklәyә bilmirdim.
Keçәn il “Әrәb Dünyası Niyә Belәdi” başlığı altında yeddi yazı yazmışdım, Thomas Edward Lawrence adlı bu casusun törәtdiyi cinayәtlәrә toxunmamışdım, çünki mәnә görә onun etdiklәri vә әrәblәrin aldanışı müsәlman dünyasında yaşayan hәr bir nәsil üçün ibrәt dәrsi götürülmәli hadisәlәrdir.
Bu sәbәblә xalqlarımızın, dövlәtlәrimizin gәlәcәyi naminә onlar әtraflı tәhlil edilmәli, daim dilә gәtirilmәli, yeni nәsillәrimiz dә bu cür tarixi olayları bütün detallarına kimi öyrәnәrәk yetişmәlidir.
Qәrb dünyasında, Әrәb Baharı, 21-ci әsrin böyük hadisәlәrindәn biri kimi qәlәmә verilir. Çünki bu hәrәkat, Әrәb alәmindә qalmaqallı tәlatümlәrin yaranmasına sәbәb olub. O, 2010-cu ildә başlasa da indiyә kimi davam edir vә edәcәkdi dә. Xalqımızın dediyi kimi, bu xәmir hәlә çox su aparacaq.
Qәrb dünyasının toplum mühәndislәri, siyasәtçilәri, strateqlәri, Әrәb Baharı deyilәn hadisәlәrin, әrәb xalqlarının demokratiya, azadlıq vә insan hüquqlarını tәlәb etmәsindәn törәdiyini kәlmә başında vurğulayır. Yaranan etiraz aksiyaları, mitinqlәr, nümayişlәr, daxili toqquşmalar azadlıq mübarizәsi kimi irәli sürülür. Bu hәrәkat Әrәb dünyasında bir çox rәhbәrin bir fısa bәnd olan qabaq kolu kimi dırmandığı taxtdan, tәpәsi üstә kәllә-mayallaq yerә gәlmәsinә gәtirib çıxarıb. Qәrb dünyası, taxtı çevrilәn hakimlәrin әslindә diktator olduqlarını vә xalqın onları haqlı olaraq ayağından tutub aşağı saldığını daim vurğulayır. Ancaq o diktatorları özlәrinin hәmin mәqama çıxardıqlarını isә heç dillәrinә dә gәtirmir. Bu hәrәkat Misir, Tunis, Libya, Suriyә, Bәhreyn, Әlcәzayir, İordaniya vә Yәmәndә kütlәvi şәkildә; Moritaniya, Sәudiyyә Әrәbistanı, Omman, İraq, Lübnan vә Mәrakeşdә isә kiçik tәrpәnmәlәr şәklindә özünü göstәrib. Yenә qәrblilәr uzun müddәtdir Әrәb dünyasının ardıcıl dәyişmә prosesinә daxil olduğunu, İslam dünyasında demokratik tәlәblәrin artdığını, әrәb xalqlarının da müasir demokratiyanın nemәtlәrindәn bәhrәlәnmәk istәdiklәrini, buna haqları olduğunu, boyaqlı mәtbuatları vә telekanalları ilә gecәli-gündüzlü carrayır, insanların beyinlәrini bulandıraraq şüurlarını da bu istiqamәtә yönlәndirmәyә çalışırlar. Әslindә düzünü desәk hardasa 80 faiz yönlәndiriblәr dә.
İnsan bir an üçün dayanıb fikirlәşir, bu demokratiya deyilәn şey nәmәnәm xörәkdir ki, yalnızca qәrbli imperialistlәrin mәtbәxindә bişir..? Misal üçün ABŞ-da, İngiltәrәdә, Almaniyada, Fransada ki, bunlar imperiya siyasәti güdәn qansoran dövlәtlәrin başında dayanırlar, onların ölkәsindә sözün әsl mәnasında demokratiya vardır mı..!? Mәsәlәn İngiltәrәdәki demokratiya ilә ABŞ-dakı tamam-kamal üst-üstә düşürmü? Almaniyadakı azadlıqlarla Fransadakı bir-birinә uyur ya yox? Axı bu gün özünü demokratiyanı, insan hüquqlarını, bәşәri әxlaqı әn hәssas şәkildә yerinә yetirәn ölkә kimi qәlәmә verәn bu insansevәr xalqlar (?) on yeddinci әsrdә Katolik-Provaslav deyә bölünüb din uğrunda otuz il bir-birini qırmadı? Sonra onlar doğrudanmı dini-mәzhәbi mübarizә üçün bir-birini qırdılar? Müqәddәs etiketini yapışdırdıqları Roma-German İmperiyası Vestfaliya sazişi ilә Almaniya vә Avstriyadan ibarәt iki müstәqil dövlәtә niyә bölündü? Yoxsa bu bölünmәnin alt qatında yatan sәbәb, İngiltәrә vә Fransanın tәkbә-tәk bu imperiya ilә hesablaşa bilmәmәsindәn törәmişdi..!? Bәlkә bu iki dövlәt әlbir olub qarşılarındakı nәhәng imperiyanın gücünü dağıdaraq dünyanın gücsüz xalqlarını sümürmәkdә rәqibsiz qalmaq istәmişdi?
Digәr bir mövzu isә, hәmin bu güclәr Birinci vә İkinci Dünya Müharibәsini çıxararaq milyonlarla insanın qanının tökülmәsinә, milyonlarla ocağın sönmәsinә sәbәb olmamışdı? Özgәlәrinin yeraltı vә yerüstü sәrvәtlәrini, gücsüz xalqların әmәyini sümürmәk haçandan bәri demokratiya, azadlıq vә insansevәrlik olub..?
Cәncәl qanununun hökm sürdüyü dünyanın belә bir vaxtında әrәb alәminә nәzәr saldıqda insanı çaş-baş salan ayrı bir sual yaranır. Axı nәyә görә indi 200 milyonluq әhaliyә malik Әrәb dünyası, dünәn yaranan vә bugün 8 milyona da çatmayan әhalisiylә İsrailin әlindә, parçala hökm elә siyasәtinә görә zәlil-zәbun olub? Hәmin siyasәti orda hansı qüvvәlәr işә salıb? Yoxsa bu gün Әrәb Baharı adı verilәn olayların özülü Birinci Dünya Hәrbindәn dә qabaq qoyulub..!? Bu hәm dә demokratiyanı ixtira edib dünya xalqlarına bağışlayan qәrblilәrin әliylә olub...!
Mәnә görә Әrәb Baharı deyilәn şey tamamilә ABŞ-İngiltәrә-İsrail triosunda fәaliyyәt yeridәn toplum mühәndislәrinin uydurmasından vә onların planlarıyla yeriyәn bir prosesdәn özgә heç nә deyildir, adı böyük Orta Şәq Layihәsidir vә dәstәkçilәri dә Avropanın qansoranlarıdır.
“Bәs Әrәb dünyası haqda nә deyә bilәrsiniz?” sualına bu cavabı verәrdim:
Ulu Tanrı müqәddәs kitabımız Qurani Kәrimdә Şura surәsinin 23-cü ayәtindә belә buyurur:
“Allah, iman gәtirib yaxşı әmәllәr edәn bәndәlәrinә bununla müjdә verir. Ya peyğәmbәr de ki; Mәn sizdәn peyğәmbәrliyimi tәbliğ etmәyimin müqabilindә әhli-beytә sevgidәn başqa bir şәy istәmirәm. Hәr kim yaxşı bir iş görәrsә biz onun savabını artırarıq. Şübhәsiz ki, Allah bağışlayandır vә qәdir bilәndir.”
Yaxşı, bәs әrәblәr Peyğәmbәrin Әhlibeytinә nә cür yanaşdılar..?
Әhlibeyt mәnsublarından Allahın aslanı, Hәzrәt Peyğәmbәrin kürәkәni, әmisi oğlu, İslamın dördüncü xәlifәsi, Peyğәmbәrin “Mәn elm şәhәriyәm, Әli dә onun qapısıdır” dediyi Hz. Әlini mәçiddә namaz qıldığı yerdә vurdular, Hz. Hәsәnә zәhәr verib şәhid etdilәr, Hz. Hüseyni özlәri Kufәyә dәvәt edib Kәrbәlada başına dünyada tayı-bәrabәri olmayan bir bәla gәtirәrәk şәhid etdilәr. Yanındakı qundaqdakı körpәlәri dә oxladılar. Suya hәsrәt dodaqların tәşnәsini söndürmәk üçün Fәrat çayından su gәtirәn әmisi Hz. Abbasın qollarını qәlәm saldılar vә nәlәr, nәlәr etmәdilәr…! Üstәlik onu şәhid etmәklә dә kifayәtlәnmәdilәr. Hz. Hüseynin mübarәk başını kәsib, Tanrının, “Ya Mәhәmmәd sәn olmasaydın, sәn olmasaydın bütün bu fәlәklәri yaratmazdım” dediyi iki cahan sәrvәri Hz. Peyğәmbәrin ciyarparәsinin nәşinә hәr cürә tәhqiri layiq gördülәr. Qәribә burasındadır ki, onlar hәmin gün oruc tutmuşdular vә ağızlarını-burunlarını dәsmallamışdılar ki, atların dırnaqlarından qalxan tozlar boğazlarına dolub oruclarını batil etmәsin.
Әhlibeyt mәnsublarına o cür әmәllәri layiq görәn Әrәb xalqının başından bәla әskik olardı ki..? Olmadı, olmayacaq da…
Mәn hәmişә, Türk Allahın ordusudur, Tanrı bizi özünә ordu yaradıb fikrindәn müdafiә etmişәm. Әlbәttә bu sәbәbsiz deyil. Hәmin Kәrbәla hadisәsi әsnasında yeddi nәfәr Türk döyüşçüsü Hz. Hüseynin hüzuruna gedib, ona hörmәt vә mәhәbbәtini bildirdikdәn sonra, “Ya İmam, komandanımız bizi yolladı ki, sizi buradan çıxarıb Azәrbaycana aparaq” deyib. Hz. Hüseyn dә, “Komandanınıza tәşәkkür edirәm. Tanrının mәslәhәti belәdir, mәn burda şәhid olacağam. Yardımınız mәnә yox, xәstәhal oğlum Hz. Zeynәlabidinә olacaqdı. Mәn şәhid olduqda onu götürüb bu bәlanın içindәn çıxarıb apararsınız” deyә buyurub, o әsgәrlәrdәn dә komandirlәrindәn dә razılığını bildirib. İmam şәhid olandan sonra da hәmin әsgәrlәr gedib Hz. Zeynәlabidini o qada-bәlalı yerdәn çıxarıb sağ-salamat aparıblar.
Әgәr bu gün әrәb dünyası hardasa min beş yüz ildir qalmaqalların tәlatümündәn yaxasını xilas edә bilmirsә, ayılıb özünә gәlә bilmirsә bunun sәbәbini biraz da mәnәviyyatda aramaq labüd deyildirmi?
Yeddinci әsrdә Әhlibeyt mәnsublarına qarşı o cinayәtlәri törәdәn Әrәb xalqı qәrblilәrin tәbliğatla şişirtdiyi Sәddamı, Әnvәr Sәdatı, Hüsnü Mübarәki, Qәddafini vә digәrlәrini özünә rәhbәr qәbul etdi, ta ki qәrblilәrin onlarla işi qurtarana kimi. Qurtardıqda da yenә qәrblilәrin tәbliğatına uyub öz liderlәrinin axırına özlәri çıxdılar.
İngilis casusu Lawrence, 20-ci әsrin başlarında Әrәbistan çöllәrindә çöl әrәblәrinә ayda 20 min qızıl paylayaraq onları özünә ram etdi. Çöl әrәblәrinә, Әrәbistanı imperiya siyasәti güdәnlәrә qarşı qoruyan, yәni özlәrinin oranı sümürmәsinә mane olan Türk әsgәrlәrini istiqamәt göstәrdi. Üstәlik Lawrencenin kömәkçilәri sadәcә olaraq çöl әrәblәri dә deyildi. 

(Ardı var)

Комментариев нет:

Отправить комментарий