05.02.2014

Fəridə Məmmədova: "Mənə qarşı təxribatın müəllifi Yaqub Mahmudovdur"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun tarix coğrafiyası şöbəsinin müdiri, Akademiyanın müxbir üzvü Fəridə Məmmədova aznews.az-a qalmaqallı müsahibə verib. 

- Fəridə xanım, son illər fəaliyyətiniz də elə gözəçarpan deyil. Bu nə ilə bağlıdır?
- “Qafqaz Albaniyası və albanlar” kitabım 2005-ci ildə nəşr olunandan sonra mənə qarşı ədalətsiz münasibət nümayiş etdirildi. Bu münasibətin başında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov dayanır. O ilk dəfə kitabımla tanış olan zaman mənə dedi ki, sən niyə burada Ermənistan adlı dövlətin olmasını əsaslandırmağa çalışıbsan? Əlbəttə ki, əsaslı elmi araşdırmam araşdırılmadan, məni Ermənistana işləməkdə, ermənilərin maraqlarına xidmət etməkdə ittiham etdilər.
Az qaldılar mənə casus damğası vursunlar. Həmin gündən sonra Yaqub Mahmudovun tapşırığı ilə əsərlə tanış olan və olmayan hər kəs, hətta institutun laborantları belə kitabı tənqid etməyə başladılar. Əslində isə mənim ermənilərin Qafqazda hansısa dövlətə sahib olduğuna dair mülahizəm olmayıb. Sadəcə elmi əsasa söykənməyən kampaniya aparmaqla, məni öz işimdən usandırmaq və institutdan uzaqlaşdırmaq istəyirdilər. Lakin buna nail ola bilmədilər. Bütün təzyiqlərə baxmayaraq, Tarix İnstitutundan çıxmadım. Hətta kitab AMEA-nın Rəyasət Heyətində müzakirə edildi. Məqsədli şəkildə mənim fikirlərimin mətbuata çıxmasının qarşısı alındı. Əlbəttə, bu kampaniya heç bir elmi kökə dayanmırdı.

- Amma daha AMEA-da işləmədiyinizi deyirlər. Yəni işə getmirsiniz. Bu doğrudurmu?
- Qətiyyən doğru deyil. Akademiyanın Tarix İnstitutundan çıxmamışam. Amma mənim institutdan uzaqlaşdırılmağım üçün ciddi kampaniyaya başlanılmışdı. Yaqub Mahmudov onu dəstəkləyənlərə arxalanaraq, yaşadığım binanın qarşısında aksiya təşkil etmişdi. Sonradan öyrəndim ki, aksiyaya gətirilən şəxslərin əsas hissəsi milliyətcə avar olublar. Bu Yaqub Mahmudov tərəfindən mənə qarşı aparılan məntiqsiz kampaniya idi.

- Fəridə xanım, onların milliyətcə avar olduğunu haradan bildiniz? Həmçinin, onların avar olmasının məsələyə nə aidiyyəti var?
- Çünki Yaqub Mahmudov milliyətcə avardır. Digər tərəfdən sonradan anladım ki, “Qafqaz Albaniyası və albanlar” kitabında avarların albanların nəslindən olmasını qeyd etməməyim Yaqub Mahmudovu qəzəbləndirib. Əsərdə alban nəsillərinin arasında udilərin, qrızların və sairə millətlərin adları çəkilsə də avarların adı yox idi. Həm də bir çox tarixçilər avarların alban tayfalarından olmasını iddia edirlər.
Mən isə belə bir iddianı rədd etmişdim. Bütün bu baş verənlərdən sonra Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev məni rəhbərlik etdiyi ali məktəbə dəvət etdi və mən həm də burada çalışıram. Milli Aviasiya Akademiyasında tarix kafedrasına da rəhbərlik edirəm. Yəni pedaqoji fəaliyyətlə də məşğulam. Hazırda AMEA-nın Tarix İnstitutunda da şöbə müdiri kimi öz fəaliyyətimi davam etdirirəm. Yaqub Mahmudovun məni institutdan çıxarmaq niyyəti baş tutmadı.

- AMEA-nın Tarix İnstitutunun direktoru vəzifəsinə iddialılar arasında sizin də yer aldığınızı deyirlər. Hətta bu posta iddialı namizədlərin arasında sizin şansınızın daha çox olduğu da bildirilir...
- Bu mənə qarşı təxribatdır. Hesab edirəm ki, bu təxribatın müəllifi də Yaqub Mahmudovdur.

- Əgər belə bir təklif irəli sürülərsə, mövqeyiniz necə ol bilər?
- Belə bir təklif ola bilməz. Bu, Yaqub Mahmudovun fantaziyasıdır. Hesab edirəm ki, hələ də Yaqub Mahmudov və onu dəstəkləyənlər Fəridə Məmmədovanı ilişdirmək niyyətindən əl çəkməyiblər.

- Fəridə xanım, bu illər ərzində sizə qarşı ədalətsiz münasibətin olduğunu dediniz. Bütün bunlardan sonra haqqınızı tanınması üçün hüquqi instansiyaya, məsələn məhkəməyə müraciət etməyi düşünmüsünüzmü?
- Xeyr.

- Niyə?
- Nə qədər ki, intriqabaz Yaqub Mahmudov və onun arxasında dayanan bəzi şəxslər vəzifədədir, onlar üçün vaxt sərf etməyə həvəsim yoxdur.

- Hesab edirsinizmi ki, sizin elmi fəaliyyətiniz məhdudlaşdırılıb?
- Mənim elmi fəaliyyətimi adıçəkilən şəxs və onun tərəfdarları heç bir halda məhdudlaşdıra bilməzlər. Mən istənilən şəraitdə elmi fəaliyyətlə məşğul olmuşam və bundan sonra da bu istiqamətdə işimi davam etdirəcəyəm. Sadəcə həmin adamlar mənə qarşı düzgün addım atmadılar. Çünki onlar elmi mübahisənin nə olduğunu bilmirlər.

Xatırladaq ki, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova tərəfindən ilk dəfə olaraq, Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunub. F. Məmmədova tarixşünaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut edib, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırıb.
O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq edib. F. Məmmədova Alban dövlətinin e.ə. IV - b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq edib, Ermənistanın kiçik Asiyada nominal dövlət şəklində mövcud olmasını sübuta yetirib və Qarabağ tarixini yazıb. Onun qeyd olunan məqamların yer aldığı “Qafqaz Albaniyası və albanlar” kitabı tənqid obyekti olub.

Ramil Məmmədli

Комментариев нет:

Отправить комментарий