14.02.2014

Ramil Salmanov - Ayrılıq

Sənin də səhvin var, mənim də səhvim,
Yuyulan deyilik qarla, yağışla.
Bu sözü edirəm beləcə təqdim,
Nə mən bağışlayım, nə sən bağışla...

Sən öz yoluna get, mən öz yoluma,
Ayrılaq! Bəlkə də budur doğrusu.
Həsrətin zəncirin taxıb qoluma
Sayılım gözlərində ürək oğrusu...

Unudaq dünəni, yaşananları
Xatirə dəftərin cıraq, yandıraq.
O gözəl günləri, gözəl anları
Büllur şüşə kimi vuraq sındıraq...


Çıxsın gözlərinin rəngi yadımdan
Adın çəkiləndə təəccüblənim.
Geriyə boylanım, baxım bircə an
Ötən günlərimə təəssüflənim...

Sağalar yaralar, sağalar əlbət
Ağlama, nə olar, görünmə kövrək.
Mənli günlərinin üstə çəkib xətt,
Çalış unutmağa sən də mənimtək,
Çalış unutmağa sən də mənimtək...

Комментариев нет:

Отправить комментарий