19.02.2014

Təklif edirəm: MTRŞ ləğv olunsun!!!

Oqtay Müntəzir

Təklif edərdim ki, Azərbaycan Milli Teleradio şirkətinin adı dəyişdirilib, "Bakı qeyri-milli teleradio şirkəti" adlandırılsın

Son günlər bəzi məmurların canına vəlvələ düşüb ki, Azərbaycandan Suriyaya "cihada"  gedən "mücahidlər" geri döndükdə Azərbaycanı indiki Suriyanın halına döndərəcəklər. Bu səbəbdən müəyyən addımlar atıldı, müəyyən dairələrə  xalqın maariflənməsi üçün tapşırıqlar verildi. Vur-tut iki gün bəzi telekanallar bu  tapşırığı yerinə yetirdisə, yenidən manıs-müğənnilərin telekanallarda olan saatları bərpa edildi.
Fasilə verilməyən bayağı və əyləncə verilişləri yenidən evlərə ayaq basıb xalqın əksəriyyətinin korlanmış zövqünü oxşadı(!)

MTRŞ rəhbərliyi tərəfindən televiziya kanallarında reklam vaxtı səsin yüksəlməsi məsələsinə və reklam pozuntuları hallarına ara-sıra münasibət bildirilir. İşə baxın, elə bil bu şura ancaq bu məqsədlə yaradılıb. Bəs televiziya kanallarında yayımlanan milli-mənəvi dəyərlərə zidd verilişlərə nəzarəti kim öhdəsinə götürüb?
Azərbaycan xalqı ancaq müğənnilərdən ibarətdirmi?
Bəzi aristokrat və özünü bəyənən müğənnilərin ev şəraiti, müxtəlif növdə geyimləri, tualetlərində olan şəraitləri (oxuculardan üzr istəyirəm) və çeşid-çeşid yeməklərlə bəzədilmiş süfrələri xalqın nəyinə gərəkdir?  Bunlar müğənnilərin həddən ziyadə reklam edilməsi deyilmi?
Dini məsələlərlə bağlı müğənnilər danışdırılır, dəfələrlə ailə münaqişəsi yaşamış "Xalq artistlərindən" ailə səadəti ilə bağlı verilişlərdə məsləhətlər alınır. Orta məktəbi aşağı qiymətlərlə bitirən, lakin adı konservatoriya və yaxud incəsənət universitetində gedən gələcəyin "xalq artistləri" xalqa məsləhətlər verir,  bir-birlərinə meydan oxuyub duelə çağırırlar. Bütün bunlar telekanallar vasitəsi ilə xalqa göstərilir.
Nə vaxta qədər xalqın zövqünü belə ucuz, mənasız verilişlərlə korlayacaqlar?
20 Yanvar Şəhidləri haqqında kino-film ərsəyə gətirməkdə çətinlik çəkən telekanallar 20 yanvar günü bu boşluğu doldurmaq üçün  digər millətlərin soyqırımı haqda çəkilmiş filmləri təkrar-təkrar nümayiş etdirdilər. Bəs Milli teleradio şirkəti nəyə nəzarət edir? Budur millilik?
Azərbaycanın qəhrəman və rəşid oğlu Şəhid Mübariz İbrahimovun doğum günü münasibətilə onun haqqında İran televiziya kanalı sənədli film hazırladı və yayımladı. Bundan əvvəl  qardaş Türkiyə kanalları da qəhrəmanımız haqqında film ərsəyə gətirdi. Dəfələrlə məşhur seriyallarda onun haqqında söhbət açıblar. Bəs bizim televiziya və digər bu sahədə iş görən (pul güdən) şirkətlər niyə səssiz və laqeyd qalıblar?
Vəhhabizm adlı qeyri-ənənəvi cərəyan haqqında telekanallarda indiyə qədər hansı maarifləndirmə işi aparılıb? Onların necə təhlükəli bir cərəyan olduqları, üç əsrlik bir tarixdə zaman-zaman  hansı cinayətləri törətmələri barədə xalqın maarifləndirilməsi üçün hər hansı bir verilişlər hazırlanıbmı?  Məgər bu, qlobal bir problem deyilmi?
Uzun illərdir Əfqanıstan, Pakistan və digər bölgələr həmin bu vəhhabi (sələfi) cərəyanlarından ibarət olan “Taliban” və “Əl-qaidə” terror qruplaşmalarının zülmündən əziyyət çəkir, demək olar, yaşayış bu məntəqələrdə tam iflic vəziyyətindədir. Hər gün partlayış səsləri bu ölkələrin müxtəlif şəhərlərində eşidilməkdədir. Bu gün Suriyada vəziyyət çox acınacaqlı hal alıb, həmin vəhhabilərin cənnət arzuları böyük bir xalqın yaşayışını cəhənnəmə döndərib. İş o yerə çatıb ki, Allahın müqqəddəs adı ilə insan ürəyini çıxarıb yeyir və bunun görüntüsünü “youtube” video portalında yerləşdirirlər.
İslam adına edilən bu vəhşilik müqəddəs İslam dininə qarşı ikrah hissi yaratmaqla yanaşı, insanların həyatını cəhənnəmə döndərib.
Bütün bunlar haqqında, vəhhabizmin əsl niyyəti və hədəfi haqqında xalqımız haradan xəbər tutmalıdır? Əlbəttə, bu məsuliyyət ilk növbədə telekanalların öhdəsinə düşür.
Ola bilər, hansısa telekanal rəhbərliyi açıqlama versin ki, "xalq kitab oxusun, məlumatlansın və yaxınlarını bu cərəyan tərəfdarlarından uzaq tutsun". Bəs biz nə deyirik?
İstəyimiz budur ki, xüsusi verilişlər hazırlansın və bu haqda yazılmış kitablar ictimaiyyətə təqdim edilsin. Kitab reklamı olsun. Bu vaxta qədər  hər hansı bir kitab təqdimatı efirə verilibmi? Nə zaman kitab reklamı edilib, insanları kitab oxumağa həvəsləndirən verilişlər hazırlayıblar?
Xalqa müxtəlif içkilərin reklam edilməsi lazımdır yoxsa kitab reklamı?
Əsas informasiya mənbəyi olan telekanallar öz mənafelərinə görə verilişlər hazırlayırlar, lakin xalqın maraq və mənafeyi çox arxa plana ötürülür.
Mədəniyyət kanalında hansı mədəniyyət haqda verilişlər hazırlanır???
 Təklif edərdim ki, Azərbaycan Milli Teleradio şirkətinin adı dəyişdirilib, "Bakı qeyri-milli teleradio şirkəti" adlandırılsın. Buna səbəb isə iki amildir.
Əvvəla, telekanalların millilikdən çox uzaq olması, milli-mənəvi dəyərlər haqqında verilişlərin sıfıra bərabər olması, sonra isə telekanalların əyalət və bölgələr haqqında verilişlər yayımlamaması bunu deməyə əsas verir. Əyalət haqda bir sıra verilişlər hazırlanır ki, onlar da reklam xarakteri daşıyır. Ümumiyyətlə, götürdükdə telekanalları izləyərkən Azərbaycanın yalnız Bakı şəhərindən ibarət olduğu nəzərə çarpır.
Digər məsələ, ictimaiyyətə şou-biznes və bayağı verilişlərin yayımlanması ilə yanaşı, kriminal hadisələrin şişirdilərək əsəbgətirici və müəyyən qədər psixoloji problemləri olan insanlara "cinayət yollarının öyrədilməsi" rolu oynayan xəbərlər və verilişlər yayımlanmasıdır.
Belə xəbərlərin yayılması yolverilməzdir. Hansısa firmanın məhsullarını reklam etmək üçün bu xəbər başlıqlarından istifadə edib, insanları gərginlikdə saxlamaq, adət halını almışdır.
İşi-peşəsi reklam pozuntusu ilə bağlı xəbərdarlıq etmək olan MTRŞ, nəyə görə telekanallarda həkimlərin müxtəlif firma dərmanlarını reklam etməsinə etiraz bildirmir?
İş o yerə çatıb ki, həkimlərin "firma dərmanlarının satış menecerləri" kimi fəaliyyət göstərməsi efirlərə də yol açıb, efir məkanları da onlara reklam agentliklərini qurmaqda yardımçı olurlar.
Əgər telekanallara nəzarət edən bu qurum öz səlahiyyətlərinin məhdud olduğunu bəhanə edib kənara çəkilərək təkcə "izləməyə bir veriliş tapmırıq"  deməklə kifayətlənirsə, maraqlıdır, bu qurum niyə lazımdır? Niyə bu şura ləğv olunmur?

birlik.az

Комментариев нет:

Отправить комментарий