18.02.2014

Təndir çörəyi kimi isti qəzet

Kənan Hacı

Məxsusi olaraq “Millətim” qəzetinin yubiley sayı üçün

Qəzetçiliyin aqoniya dövrünü yaşadığı indiki zamanda qəzet nəşr etmək sözün əsl mənasında fədakarlıqdı. Həyatını qəzetçiliyə vermiş bir şəxs olaraq internetin qəzeti üstələməsini bir az ağrıyla, bir az kədərlə izləyirəm. Amma bu labüd proseslə barışmaqdan özgə əlacımız yoxdu. Qəzet növbəçiliyinə qalanda bəzən olurdu ki, mətbəədə qəzet bağlamalarının üstündə yatmalı olurdum, mətbəənin iyi, qoxusu üst-başıma hopurdu. Çap maşınının ağzından yenicə çıxmış qəzeti əlimə alanda xoşbəxt olurdum. Təndirdən çıxmış çörək kimi adama ləzzət verirdi.

Sözü çox uzaqdan gətirdim. Nostalji hisslər məqsədimi qabaqladı. Həyatım boyunca çalışdığım qəzetlərin hər birini xoş xatirələrlə xatırlayıram. Həmin qəzetlər içərisində bağlananı da, bu gün nəşrini davam etdirəni də var. Onların hər biri eyni dərəcədə mənə əzizdi. Çalışdığım qəzetlər sırasında “Millətim” qəzeti də olub və nə xoş ki, bütün çətinliklərə baxmayaraq qəzet bu gün də nəşrini davam etdirir. Qəzeti ayaqda saxlayan insanlar oldu və bu insanlara mənim sayğım sonsuzdu.
Eşidəndə ki, qəzetin 200-cü sayı nəşr olunur, fürsəti fövtə verməyib bir-iki kəlmə yazmağı özümə borc bildim.
Pafoslu sözlərin sosial şəbəkə biznesində beş qəpiyə düşdüyü vaxtda “millətim” ifadəsi çoxları üçün bitmiş substansiya xarakteri daşıyır. Kosmopolit düşüncəni yansıyanlar bütün günahları millətin üzərinə yıxırlar. Yazıq millət! Nə qədər dünya insanı olsaq da biz konkret olaraq bir millətin övladlarıyıq və genetik kodlarla hansısa coğrafi məkana bağlıyıq. Bunun başqa versiyası yoxdu. Bütün naqisliklərin baiskarı millət deyil, milləti sevə bilməyən insanlardı. Bu, kifayət qədər geniş söhbətin konusudu. Mahatma Qandi də millətini sevirdi, Mustafa Kamal Paşa da, Elçibəy də... Onlar öz millətlərini sevməklə həm də dünyanı bəşəri fəlakətlərdən xilas etmək istəyirdilər. Və hər biri zamanında az iş görmədi. İndiki zamanda sanki hamı “enerji qənaəti” prinsipi ilə yaşayır, sanki beyinlərindən duyğusuz pərdələr asılıb, milli hissləri korşalıb. Millət biganəlik sindromu ilə üz-üzə qalıb. Amma hamı milləti qınaq obyektinə çevirib.
“Millətim” qəzetinin naşiri Ramiz Tağıyev millətini sevən insandır, sözün əsl mənasında ziyalıdır. Əslində bu sözləri yazmağa hacət yoxdu. Görünən dağa nə bələdçi? Bu qəzetin 200-cü sayı çıxırsa, bu, artıq onun davamlı, ardıcıl fəaliyyətinin nəticəsidir. Özü məhbəsdə olanda da qəzet nəşrini davam etdirdi. Bu əzmkarlığı dəyərləndirənlər də oldu, görməzdən gələnlər də. Amma qəzet sakitcə öz işini gördü.
Sözün kəsəsi, bu əlamətdar gündə Ramiz Tağıyev başda olmaqla bütün yaradıcı kollektivi təbrik edirəm! Bu xoş hadisə mənim yenidən “Millətim”ə yazmağıma bir vəsilə oldu. Bu mənada özümü də təbrik edirəm!

Комментариев нет:

Отправить комментарий