02.12.2015

Bakıda quldur banklar

Bir dəstə möhtəkir yaşlı qadının küçənin ortasında qoydu

İki-üç ilin söhbətidir, 67 yaşlı bakılı qadın oğlunun yaramazlığı üzündən mənzilini itirdi və bu işdə yerli bankların birinin də böyük “zəhməti” oldu. Kirayə pulunu çıxarmaq üçün yeməkxanlarda süpürgəçi işləməyə məcbur olan qadın deyir ki, oğlu bankdan 10 min manat borc götürübmüş.
“Kredit götürmək üçün mənzilimizi girov qoymuşdu. O vaxt evlər ucuz idi, mənzilimiz 25 min manata gedərdi, amma bankın gətirdiyi qiymətləndirici evə 20 min manat qiymət kəsdi. Bank da girovun yalnız yarısı müqabilində kredit verə biləcəyini dedi”, – deyə yaşlı qadın ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı bildirib.
Oğlu krediti müalicəsi üçün götürdüyünü deyirmiş. “Üç illik kreditin ödəmək elə də çətin deyildi, aylıq ödəniş 400 manatdan az idi. Oğlum elə də pis qazanmırdı və bir müddət də krediti ödədi. Özünə xarici pasport düzəltdi, mənə demişdi ki, bir həftəliyə Tehrana gedib qayıdıcaq. Amma aylarla yoxa çıxdı, öyrəndim ki, Skandinaviya ölkələrinin birinə gedib. Bank da məcbur oldu, məhkəməyə verdi. Ev 18 minə satıldı, bank öz pulunu götürdü mənə qalan 7-8 min manatla da ev almaq mümkün olmadı”, – deyə yaşlı qadın vurğulayır.
ANS PRESS-in araşdırmasına görə, yaşlı bakılı qadının başına gələnlər Azərbaycanda tez-tez rast gəlinən iqtisadi münaqişələrdən biridir. Bəzən müştəri bu çəkişmələrdən tam müflis vəziyyətdə çıxır və aylarla kredit üçün ödədiyi vəsaitlər də heçə gedir. Adətən, belə hallarda bankların bəzi dələduz işçilərinin də rolu çox olur. Müştəri ilk başdan zəif həlqəyə çevrilir. Banka daima “xidmət edən” qiymətləndirici girovu 20-30 faiz ucuz qiymətləndirir, bank isə həmin məbləğin yalnız 40 faizi müqabilində kredit verir. Ən böyük möhtəkirlik isə girovun hərracda satışı zamanı baş verir. Bank işçilərinin əlbir olduğu şəbəkə girovu 30-40 faiz ucuz qiymətə müştərinin əlindən çıxarır.
İqtisadçı ekspert Samir Əliyev bu kimi problemlərin Azərbaycanda bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı ciddi qanunvericilik sənədlərinin olmaması ilə izah edir. “Bizdə nə istehlak kreditləri barədə qanun, nə də müştəri lərin hüquqlarını qoruyan qanun var”, – deyən ekspertin fikrincə, bank işçiləri bəzən mövcud qanunvericiliyin verdiyi hüquqları da müştəridən gizlədirlər. “Qanunla müştəriyə ödəniş dayandıqdan sonra yalnız 90 gün müddətində faiz hesablana bilər. Amma bəzi banklar və ya bank olmayan kredit təşkiltları müştərini qorxudurlar və faizin üzərin faiz gəldiyini iddia edirlər, psixoloji təsir mexanizmi ilə ondan daha çox pul qoparmağa çalışırlar”, – deyə Samir Əliyev vurğulayır.
Yəni müştərilərin məlumatsızlığı üzündən onların hüquqları pozulur və iqtisadçı ekspert dünyanın hər yerində olduğu kimi Azərbaycanda da “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun qəbul edilməsini vacib sayır. Belə qanun borcu müəyyən həddə çatan insanların özünü avtomatik müflis elan etməsinə imkan yaradır. Bu zaman onun borcunun üzərinə heç bir faiz gəlmir və ona 1 ildən 3 ilə qədər möhlət hüququ verilir.
Qanunda nəzərdə tutulan borc limiti müxtəlif ölkələr üçün müxtəlif səviyyədə nəzərdə tutulur. Rusiyada iyul ayında qüvvəyə minəcək “Fiziki şəxslərin müflisləşməsi haqqında» qanuna görə, 500 min rubl (7,5 min dollar) borcu olanların müflisləşməsini elan etməyə haqqı var. “ABŞ, Kanada və Avropa ölkələrində də qəbul edilmiş bu qanunun mahiyyəti kredit bataqlığına düşmüş insanlara ikinci bir şans verməkdir. Əks halda, insanlar bir borcunu ödəmək üçün başqa banka müraciət edirlər və s. Bu, zəncirvari şəkildə davam edir, axırda vətəndaş ya özünü öldürür, ya da başqa cinayətə əl atır. Düşünürəm, Azərbaycanda borcu 5 min manata çatan adamlar üçün belə bir imkanın yaradılması vacibdir”,- deyə Samir Əliyev vurğulayır.
Onun sözlərinə görə, bu qanun heç də borcun batırılması demək deyil: “Onun hissə-hissə ödənilməsinə imkan yaranır. Müştəri özünü müflis elan edəndə onun əmlakı satışa çıxarılır, amma burada istisnalar var. Məsələn, müştərinin bir evi varsa, onu satışa çıxarmağa icazə yoxdur. Əgər onun ikinci bir evi varsa, onu satışa çıxarmaq mümkündür. Yəni yetirəncə humanist yanaşmadır”.
Samir Əliyevin fikrincə, qanunun qəbul edilməsi bankların da işinə yarayar: “Bank məhkəmə qərarı olmadan əmlakı satışa çıxara bilmir. O məhkəməyə müraciət edir, vətəndaş isə əks proses başalayır. Bu proses 6 aydan 3 ilə qədər davam edir. Yəni bankın verdiyi məbləğ 3 ilə qədər bir müddət ərzində dövriyyədən kənarda qalır. Bank bu zaman rəsmi və qeyri-rəsmi ödənişlər edir, məhkəmələrdə iştirak üçün xüsusi işçi ayırır və s.”
İqtisadçı ekspertin fikrincə, “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun qəbul edilməsi ilə yanaşı Azərbaycanda girov mexanizminin sadələşdirilməsinə ehtiyac var. Həmçinin məsələnin məhkəməyə qədər həll edilməsini mexanizmini qurmağa imkan yaradılmalıdır. “Bizdə maliyyə ombudsmanına ehğtiyac var. Maliyyə ombudsmanının işi məhkəməyə qədər dövrdə bu problemi həll etməkdir və bu funksiyası əksər banklar tərəfindən onun dəstəklənməsinə imkan yaradır”,- deyə Samir Əliyev vurğulayır.

anspress.com

Комментариев нет:

Отправить комментарий