07.12.2015

Yeddi tərkibli nəsihətlər

Peyğəmbərdən (s) nəql olunan hədislər

◘Əbuzərə nəsihətində buyurur: “Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa da haqqı de, qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə, Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma, “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.

◘Həzrət Əliyə (ə) nəsihətlərində buyurur: “Ey Əli! Yeddi xüsusiyyət var ki, hər kəsdə olsa imanını kamil etmişdir və behiştin qapıları onun üzünə açıqdır; fərəhlə dəstəmaz almaq, gözəl namaz qılmaq, malın zəkatını vermək, qəzəbi boğmaq, dilini saxlamaq, günahdan istiğfar etmək və Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı xeyirxah olmaq.”

◘Elə bir mö`min yoxdur ki, ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin; bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər, Allahın rəhmətinə yaxınlaşar, bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar, ölümün çətinlikləri onun üçün asanlaşar, Qiyamət gününün aclığından və susuzluğundan amanda olar, Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər və Cəhənnəmin atəşindən amanda qalar.

◘Mən yeddi nəfərə lə`nət etmişəm, Allah da onlara lə`nət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lə`nət etmişlər. Onlar bunlardır: Allahın kitabına bir şey artıran kəslər, qəza-qədəri təkzib edənlər, mənim sünnə və dinimə müxalif olanlar, əhli-beytimə (ə) qarşı düşmən münasibətdə olanlar, Alalhın dostlarını zəlil, düşmənlərini isə əziz etmək məqsədi ilə hakimiyyəti zorla ələ alanlar, camaatın ümumi malını öz çənginə keçirən qəddar hakim və bir də Allahın halallarını haram, haramlarını isə halal bilənlər.

◘Bir gün bir neçə yəhudi alimi Peyğəmbər (s) ilə mübahisəyə gəlirlər. Söhbət əsnasında Həzrətdən (s) soruşurlar: Allahın yalnız sənə verdiyi yeddi xüsusiyyət hansılardır? Həzrət (s) buyurdu: 
1. Həmd surəsi. 
2. Azan. 
3. Məsciddə cəm olma və Cümə günü. 
4. Meyit namazı. 
5.Üç namazı ucadan qılmaq. 
6.  Xəstə və səfərdə olan zaman ibadətlərin güzəşti. 
7. Ümmətimdən böyük günahlara mürtəkib olanlar üçün şəfaət.
Dedilər: Düz dedin.

◘Allah bir qövmə qarşı qəzəblənib əzab göndərsə, onların malları baha, ömürləri qısa, ticarətləri xeyirsiz, meyvələri dadsız olar; məskunlaşdıqları yerə yağış yağmaz, gölləri quruyar və şər insanlar onlara hakim kəsilər.

◘Mənimlə və mənim əhli-beytimlə dostluq dəhşətli qorxuya səbəb olan yeddi yerdə dada çatar; ölüm vaxtı qəbirdə, (Qiyamət günü) qəbirdən qalxan zaman, əməl dəftərləri paylananda, haqq-hesab çəkiləndə, əməllər ölçüləndə və sirat körpüsündən keçən zaman.

◘Həzrət Əliyə (ə) buyurub: Mən peyğəmbər olduğuma görə səndən üstünəm. Çünki, məndən sonra peyğəmbər yoxdur. Sən də yeddi xüsusiyyətə görə başqalarından üstünsən və bu xüsusiyyətlərə görə Qüreyşdə bir nəfər də sənə qarşı çıxa bilməz. Həmin xüsusiyyətlər bunlardır: 
1. Hamıdan birinci iman gətirmisən. 
2. Əhd-peymanda hamıdan vəfalısan. 
3. Allaha aid olan işlərdə hamıdan möhkəmsən. 
4. Bölüşdürmə zamanı hamıdan ədalətlisən. 
5. Rəiyyət arasında ən çox dada yetişənən. 
6. Qəzavət zamanı hamıdan daha müdriksən. 
7. Allah yanında hamıdan daha əzizsən.

◘Cəbrail mənə nazil oldu və dedi: “Allah sənə salam göndərib buyurur. Mənimlə sənin ümmətin arasında yeddi qərar var:
1. Əgər mənə itaət etsələr, müqəssir də  olsalar itaətlərini qəbul edərəm. Çünki, Mən Kərim olan Allaha məxsus olanı yerinə yetirərəm, bəndə isə zəif olan bəşərə layiq olan bir iş yerinə yetirər.
2. Tövbə etsələr və bir daha günaha geri dönməsələr, onları anadan olduqları gündəki kimi pak-pakizə dünyadan apararam.
3. Onların yeddi bədən üzvlərindən olan dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvünün altısı günahkar, biri isə günahsız olsa, həmin bir üzvə görə o birilərinin də günahından keçərəm.
4. Bir kəs günah etsə və bilsə ki, Allah bağışlayandır, onun günahlarından keçərəm.
5. Onları müxtəlif xəstəliklərə düçar etməklə günahlarını yuyub apararam.
6. Hər qış və yayda onlara soyuq və istilik göndərməklə onları Qiyamətin isti-soyuğundan qoruyaram.
7. Onlar üçün fəzilətlə dolu olan aylar və günlər müəyyən edərəm ki, həmin vaxtlarda ibadətlərinin savabını qat-qat artırım, günahlarını bağışlayım və Öz rəhmətimlə onları behiştə daxil edim.
İkinci fəsil
Peyğəmbərdən (s) nəql olunan əhli-sünnə hədisləri
◘Allah yolunda öldürülənlərdən başqa yeddi qrup insan da şəhid hesab olunur; ürək xəstəliyinə tutulan,  yanmış, uçqun və dağıntı altında qalmış, suda batmış, plevrit (ağ ciyər qabığının iltihabı) xəstəliyindən ölən, vəba xəstəliyindən ölən və doğuş zamanı ölən qadın. (Yə`ni, Allah bu kəslərə şəhid olanların savabını əta edər.)

◘Yeddi evə rəhmət nazil olmaz; talaq verilmiş qadın olan evə, sözə baxmayan qadın olan evə, camaatın əmanətinə xəyanət olunan evə, zəkatı verilməyən mallar olan evə, vəsiyyətinə əməl olunmayan şəxsin vərəsələrinin evinə, şərab olan evə, ərinin malından oğurlayan qadının yaşadığı evə.

◘Qiyamət günü Allah-təala yeddi dəstə insana nəzər salmaz və əmr verər ki, onları atəşə salsınlar; ləvat verən, əli ilə istimna edən, heyvanla yaxınlıq edən, ləvat edən, öz arvadının qızı ilə zina edən, qonşunun arvadı ilə zina edən və qonşusunu incidib ona əziyyət verən.

◘Allah-təala yeddi tayfaya üç dəfə lə`nət edib; ləvatla məşğul olana, heyvanla yaxınlıq edənə, ata-anasını söyənə, torpaq oğrusuna, qaynanası ilə zina edənə, özünü atasına deyil, başqa kişiyə nisbət verənə və heyvanın başını kəsərkən Allahdan başqasının adını çəkənə.

◘Yeddi əməlin savabı öləndən sonra da davamlı olaraq yazılar; ağac əkmək, quyu qazmaq, axar suyun özülünü qoymaq, məscid tikdirmək, Qur`an yazmaq, elm yadigar qoymaq, özündən sonra ata-anasından ötrü istiğfar edən saleh övlad qoyub getmək.

◘Yeddi yerdə danışmaq məkruhdur; dəfn mərasimində (cənazəni müşayiət edərkən), qəbristanlıqda, xəstənin başı üstündə, elm məclisində, məsciddə, cinsi yaxınlıq edən zaman, bəla və müsibət üz verən zaman (çünki, bəla və müsibətin müddəti gərək ibrət almağa sərf olunsun)

◘Ey Əli! Yeddi əmələ görə Cəbrail bəni-adəmdən olmaq arzusu edir; camaat namazı, alimlərlə oturub-durmaq, camaatın ixtilaflarını həll etmək, yetimə nəvaziş göstərmək, xəstəni yoluxmaq, cənazəni müşayiət etmək və hacılara su vermək. Elə isə, sən də ey Əli, bu işlərə xüsusi diqqət yetir.

◘Ey Əli! Allah sənin şiələrinə yeddi məziyyət əta edib; ölüm zamanı rahatlıq, vəhşət zamanı aramlıq, qaranlıqlarda aydınlıq, iztirab zamanı əmniyyət, əməllərin hesabı zamanı ədalət (ola bilsin, bunda məqsəd fəzl və ehsandır), sirat körpüsündən keçid və başqalarından qırx il əvvəl behiştə daxil olmaq.

◘Allah-təala bizə yeddi xislət əta edib ki, bizdən sonra heç kəsdə olmayacaq; camal, fəsahət, kərəm, şücaət, elm, səbr və  qadınlara qarşı məhəbbət.

◘Yeddi iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə Allah-təala onu peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərlə məhşur edər: Bir adamı həccə göndərmək, kömək istəyənin harayına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, acı doyurmaq, susuzu sirab etmək və isti gündə oruc tutmaq.

◘Allah tərəfindən belə vəhy gəldi: «Ey Əhməd! Bilirsənmi ki, bəndə nə vaxt abid olur?» Ərz etdi: «Xeyr, Pərvərdigara!» Buyurdu: «Yeddi xislət bir bəndədə cəm olsa, həmin vaxt o, abid hesab olunar. Həmin yeddi xüsusiyyət bunlardır: 
1. Onu günahdan çəkindirən təqva. 
2. Faydasız sözlər danışmaqdan çəkinmək. 
3. Onu ağlamağa vadar edən Allah qorxusu. 
4. Təklikdə onu Allahdan utanmağa vadar edən həya. 
5. Zəruri miqdarda olan yeməyə qane olmaq. 
6. Dünya ilə düşmənçilik, çünki Mən də onu (dünyanı) düşmən tuturam. 
7. Yaxşı insanlarla dostluq.»

◘Hər kəs öz meyl və rəğbəti ilə zəkat versə və zəkat verməkdə Allahın razılığından başqa bir məqsədi olmasa onu, göyün birinci qatında səxavətli, ikinci qatında bağışlayan, üçüncü qatında itaətcil, dördüncü qatında xoşrəftar, beşinci qatında əta edən, altıncı qatında mübarək və zəmanət verilmiş, yeddinci qatında isə bağışlanılmış deyə çağırarlar.
Zəkat verməyən kəsi isə, göyün birinci qatında simic, ikinci qatında acgöz və tamahkar, üçüncü qatında qəzəbə düçar olmuş, beşinci qatında üz-gözünü turşutmuş, altıncı qatında xeyir-bərəkətsiz, yeddinci qatında isə namazdan üz döndərmiş adlandırarlar.

◘Cəbrail mənə qadınlar barədə o qədər tapşırdı ki, onlara talaq verməyin haram olmasını zənn etdim, qullar barədə o qədər tapşırdı ki, müəyyən vaxtdan sonra onların öz-özlərinə azad olacağını düşündüm, qonşu barədə o qədər tapşırdı ki, onların da vərəs olduğunu güman etdim, misvak barədə o qədər tapşırdı ki, onun vacib olmasını fikirləşdim, camaat namazı barədə o qədər tapşırdı ki, ondan başqa bir namazın Allah dərgahında qəbul olmadığını düşündüm, zikr barədə o qədər tapşırdı ki, zikrdən başqa heç bir danışığın faydalı olmadığını zənn etdim və nəhayət, gecə namazı barədə o qədər tapşırdı ki, gecə yatmağın qadağan olmasını güman etdim.

***
Həzrət Əmirəl-mö`minindən (ə) olan hədislər

◘Mö`min o kəsdir ki, qazancı halal, xasiyyəti gözəl, qəlbi sağlam olsun, malının artığını bağışlasın, artıq sözü saxlasın, camaat onun şərindən amanda olsun və özü də başqaları barədə insaflı davransın.

◘Yoldaş istəyirsənsə Allah, dünya istəyirsənsə ibrət dərsi, dost istəyirsənsə əməli yazan mələklər, qazanc istəyirsənsə ibadət, həmdəm istəyirsənsə Qur`an, moizə istəyirsənsə ölüm. Əgər, ölüm bəs deyilsə, atəş bəs edər.

◘Həzrət Əlidən (ə) soruşdular: Asimandan ağır, yerdən geniş, dəryalar qədər ehtiyacsız, daşdan da möhkəm, atəşdən də qaynar, şiddətli şaxtadan da soyuq və zəhərdən də acı olan nədir? Buyurdu: Asimandan da ağır günahsıza vurulan töhmətdir, yerdən də geniş haqqın ətəyi, dəryalar qədər ehtiyacsız qane olan kişinin qəlbi, daşdan da möhkəm münafiqin qəlbi, oddan da isti zülümkar padşah, sərt şaxtadan da soyuq simicə ağız açmaq, zəhərdən də acı səbrdir.

◘Elmin (dini elm və maarifin) var-dövlətdən yeddi üstün cəhəti var; elm peyğəmbərlərin mirasıdır, var-dövlətsə fir`onların, elmi bağışlayıb əta etdikcə artır, var-dövlət isə azalır, elm alimin qoruyucusudur, var-dövlətsə özü qorunmağa möhtacdır, elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox, var-dövlət kafirə də məxsus ola bilər, mö`minə də, lakin, elm yalnız mö`minlərə məxsusdur, alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil, elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar.

***
İmam Sadiqdən (ə) hədislər

◘Müəlla ibn Xənis deyir ki, bir gün Həzrət Sadiqdən (ə) soruşdum:  Mö`minin mö`min boynunda nə haqqı var? Buyurdu: Mö`minin mö`min boynunda yeddi vacib haqqı var ki, əgər o bunlardan birini yerinə yetirməsə, Allahın vilayətindən xaric olmuş və Allaha itaətdən boyun qaçırmış hesab edilir. Dedim: Bu haqlar hansılardır? Buyurdu: Mənim səndən xoşum gəlir, qorxuram bunlara əməl etməyəsən. Dedim: La hövlə və la quvvətə illa billahil-əliyyil-əzim (yə`ni, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Red.) Buyurdu: Mö`minin Mö`min boynunda olan ən kiçik haqqı budur ki, özü üçün hər nə istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun üçün də bəyənməsin. İkincisi budur ki, onun ehtiyaclarını ödəməkdən ötrü sə`y göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. Üçüncüsü odur ki, canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. Dördüncüsü odur ki, onun görən gözü, yolgöstərəni, aynası və eyiblərinin örtüyü olsun. Beşincisi odur ki, sən tox olmayasan, o isə ac, sən geyimli olmayasan, o isə çılpaq, sən sirab olmayasan, o isə susuz. Altıncısı odur ki, sənin qulluqçun varsa, onun yoxdursa, qulluqçunu göndər onun paltarını yusun, yeməyini bişirsin və yatağını düzəltsin. Yeddinci odur ki, ona and versə, gərək xahişini yerinə yetirsin, də`vətini qəbul etsin, xəstə olanda ona baş çəkməyə getsin, öldükdən sonra cənazəsini müşayiət etsin və dəfn mərasimində iştirak etsin, ehtiyacını həyata keçirməkdən ötrü özünü əziyyətə salsın, onun istəyini ağız açmamışdan yerinə yetirsin. (Bunlar yalnız o haldadır ki, o eynilə mö`min qardaşı kimi həqiqi mö`min olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.)

◘Əmmar ibn Əbil-Əhvəs deyir ki, bir gün İmam Sadiqə (ə) ərz etdim: Bizim aramızda elələri var ki, Əlini (ə) başqalarından üstün tutaraq onu Əmirəl-mö`minin deyə çağırırlar, lakin, onlar bizim siz barədə malik olduğumuz əqidədə deyillər. Biz bunlarla dost münasibətdə ola bilərikmi? Həzrət (ə) buyurdu: Bəli, Allah İslamı yeddi hissəyə bölüb: səbr, doğruçulluq, yəqin, ümid, vəfa, elm və helm. Bu yeddi hissəni camaat arasında bölüb. Ən kamil iman bu yeddi hissənin hamısına sahib olanlardadır. Bu kəslərdən başqaları isə ya bir, ya iki, ya üç, ya dörd, ya beş, yaxud da altı paya sahibdirlər. Bir payı  olanlara iki pay yükləməyin və eyni zamanda iki paya sahib olmayanlara üç pay yükləməyin və s. çünki, bu yükləmələr ağırlıq və nifrətə səbəb olar. Camaatla dostcasına və mehribanlıqla rəftar edin. Yolu onlara asan göstərin. Bundan ötrü bir məsəl çəkim ki, qoy güc və taqətdən artıq yüklənmənin axırının nə olduğu sənin üçün aydın olsun. Bir müsəlmanın mülayim və yumşaq təbiətli bir qonşusu var idi. Müsəlman həmin kafir qonşusuna İslamı təbliğ etdi. Nəticədə həmin şəxs müsəlman oldu və öz keçmiş əqidəsindən üz döndərdi. Sübh çağı müsəlman həmin qonşusunu özü ilə birlikdə məscidə aparmaqdan ötrü onun qapısına gəldi. Camaat namazı qurtardı, müsəlman üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, gün çıxanadək elə buradaca zikrlə məşğul olaq. Elə ki, gün çıxdı yenə üzünü qonşusuna tutub dedi: Çox yaxşı olar ki, bu günü oruc tutub, günorta azanına qədər oturub Qur`an əzbərləyəsən. Beləliklə, onlar günorta azanına qədər məsciddə orurdular. Zöhr və əsr namazlarını qıldıqdan sonra, yenə üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, elə birdəfəlik məğrib azanına qədər də oturub gözləyək, sonra gedək. Yenicə müsəlman olmuş zavallı kişi oturub gözlədi, məğrib və işa namazlarını da qıldı. Lakin artıq taqəti kəsilmişdi və bütün bunlar onun qüdrətindən artıq idi. Sabahısı gün həmin mö`min yenidən onu özü ilə birlikdə məscidə aparmağa gəldiyi zaman qonşusu üzünü ona tutub dedi: Get. Mən sənin dininə tab gətirə bilmərəm.
Camaatı azdırmayın. Bizim imamətimiz dostluq, mehribanlıq, vüqar, təqiyyə, xoş rəftar, təqva və çalışqanlıq kimi əsasların üzərində durur. Camaatı öz din və əqidənizə qarşı meyilləndirin.

◘Həzrət Riza (ə) buyurur: “Yeddi nəfər özünü məsxərəyə qoyub: Dildə istiğfar edib qəlbində peşman olmayan, Allahdan tövfiq istəyib özü isə çalışmayan, behişt arzusunda olub çətinliklərə səbr etməyən, cəhənnəm odundan Allaha pənah aparıb dünya ləzzətlərindən əl çəkməyən, ölümü xatırlayıb özünü ona hazırlaşdırmayan, Allahı yad edib Onunla görüşməyə müştaq olmayan və günahda davamlı olaraq tövbə etmədən Allahdan onu əvf edib bağışlamasını diləyən kəs.”

◘Salman Farsi deyir: “Simic yeddi bədbəxtlikdən birinə düçar olar: Ya ölər var-dövlətini isə vərəsələrindən ötrü qoyar və o da Allahdan başqasından ötrü xərcləyər, ya hər hansı bir zalım zorla və biabırçılıqla ondan alar, ya başına düşər və bütün varını daha artıq qazancdan ötrü əlindən çıxarar, ya da evini yenidən tə`mir etmək fikrinə düşüb əlində olanı da bada verər, ya hər hansı bir bədbəxt hadisə nəticəsində əlindən verər, ya yanğın vasitəsilə əlindən çıxar, ya oğruya nəsib olar, ya müalicəsiz bir xəstəliyə mübtəla olub bu yolda sərf etməklə əlindən verər, yaxud da bir yerdə torpağa basdırar və sonradan isə yadından çıxar.”

◘Bir hikmət sahibi deyib: “Təəccüb edirəm o kəslərə ki, Allahı tanıyır, lakin, itaət etmir, savaba ümidi var, lakin iş görmür, Allahın əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin, cahilliklə razılaşır, dünyaya bel bağlamamalı olduğunu bilir, lakin bütün sə`y və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin ondan qəflət edərək onu bərbad edir, ölüm ona doğru gəlməkdədir, o isə uzun-uzadı arzulardadır.”

◘Başqa birisi deyib: “Yeddi şey sədəqəni zinətləndirir və onu yuxarı aparır: 
1. Halaldan olsun. 
2. Kasıbçılıq zamanı olsun.
3. Ölüm gəlməmişdən qabaq olsun. 
4. Gizlin olsun. 
5. Yaxşı maldan olsun. 
6. Minnətsiz olsun. 
7. Həddi-hüdudu aşmasın.”

◘Həzrət Sadiqdən (ə) aşağıdakı məzmunda bir şe`r rəvayət olunub: “Qəməri aylarının yeddi günü nəhsdir: üçüncü, beşinci, on üçüncü, on altıncı, iyirmi birinci, iyirmi dördüncü, iyirmi beşinci günləri. (Bu günlərin nəhsliyi sədəqə verməklə aradan qalxır.)

◘Bir hikmət sahibi deyib: “Özünü batil şeylərdən qorumaq oruc, haqqı ödəmək namaz, başqalarına fayda vermək zəkat, haqq əhlinin arxasınca düşmək həcc, camaata əziyyət verməkdən çəkinmək sədəqə, bədən üzvlərini nalayiq işlərdən qorumaq ibadət, nəfsani istəkləri tərk etmək isə cihaddır.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий