04.12.2015

NARDARAN HADİSƏSİ – BALANSLAŞDIRILMIŞ SİYASƏTİ DAVAM ETDİRMƏYƏ BİR CƏHD

Məlum Nardaran hadisəsinə obyektiv təhlil

Azərbaycan Respublikası uzun illərdir Heydər Əliyevin başlatdığı balanslaşdırılmış siyasi kurs əsasında idarə olunur. “Balanslaşdırılmış siyasət” dedikdə şərqlə qərb, daha çox Rusiya ilə Amerika arasında aparılan siyasi mübadilələr nəzərdə tutulur. “Siyasət” dedikdə nəzərdə tutulan budur ki, əgər yerli hökümət Rusiyaya yaxınlaşmaq istədikdə Amerika tərəfi qəzəblənirsə, onlara daha çox imtiyaz vermək və ya Rusiya çox narahat olursa, ölkənin geosiyasi, iqtisadi imkanlarından istifadədə ona daha çox güzəştə getmək lazımdır.
Dünyada baş verən son proseslər sanki balanslaşdırılmış siyasətin təbii ömrünün sona çatdığını və Azərbaycan Respublikasının artıq seçim aparmalı olduğunu göstərir. Rusiya, yoxsa Amerika? Qərbə, yoxsa Şərqə daha çox üstünlük vermək? Bu isə təbii ki, dövlət üçün çox ciddi problemlər yaradır. Azərbaycan tam olaraq Rusiyaya sığınarsa Qərbin, əksinə Qərbə yaxınlaşarsa geniş mənada Rusiyanın qəzəbinə tuş gələcək və ciddi problemlərlə üzləşəcək. Son hadisələrdən sonra hər iki tərəf Azərbaycanın konkret mövqe sərgiləməsini tələb edir. Balanslaşdırılmış siyasətin davamı olaraq ölkə prezidenti hər iki tərəfə fürsət və zaman lazım olduğunu deyir, yaxud yaxınlaşma üçün ciddi səbəblərin əldə olunmasını istəyir.
Məlum Qazaxıstan görüşündən sonra İlham Əliyev və Vladimir Putin arasında baş tutan xüsusi görüşdən sonra bir çox məqamlar üzə çıxdı. Bu görüşdə bir daha Rusiya prezidenti Azərbaycan prezidentindən qeyd etdiyimiz mövqeyi ortaya qoymağı sərt şəkildə istəmiş, bu tələb əvvəlki görüşlərdə səslənmişdir. Yenə də İlham Əliyev zamana, yaxud əsaslı səbəbə ehtiyaclı olduğunu rusiyalı həmkarının diqqətinə çatdırmışdı.
Görüşdə Rusiya prezidenti Putin İlham Əliyevə məxfi məlumatlar toplanmış qovluq təqdim etmiş və ciddi məsələləri onun nəzərinə çatdırmışdı. Bu qovluqda göstərilir ki, Azərbaycan Respublikasını uzun müddətdir İsrail idarə edir və onların idarəçilik mərkəzi bizim dövlətin təhlükəsizlik strukturu olan Milli Təhlükəsizlik Nazirliyində yerləşir. Məlum olub ki, nazir başda olmaqla bütün qurum bilərəkdən və ya bilməyərəkdən İsrail tərəfindən idarə olunur. Daha dəqiq desək, respublikanın çox mühüm idarəetmə orqanları onların nəzarətindədir. Amma mərkəz Təhlükəsizlik Nazirliyinin nəzdindədir. Qeyd etmək lazımdır ki, bu məsələ prezident üçün yeni məsələ deyildi. Eldar Mahmudov iş başına gətiriləndə həmin günlərdə İsrail tərəfindən gələn nümayəndələrlə görüş keçirilmiş, ölkə başçısı Azərbaycanın mühüm strateji zonada yerləşdiyini, İran kimi güclü düşmənlə qonşu olduğunu yeni nazirin diqqətinə çatdırmışdı. Həmçinin bildirmişdi ki, İran tərəfinin Azərbaycanda ciddi maraqları var və İran təhlükəsindən qorunmaq üçün İsrailin 30 illik təcrübəsinə, imkanlarına, texniki bazalarına ehtiyaclıyıq. Nazirin nəzərinə çatdırılmışdı ki, israillilər Azərbaycanda Təhlükəsizlik Nazirliyində bizimlə yanaşı işləyəcək və bizi İran təhlükəsindən qoruyacaq. Bu təqdimat daha da genişlənib müəyyən olunmuş həddi aşmış və nəticədə MTN İsrailin idarə etdiyi bir orqana çevrilmişdi.
Prezidenti narahat edən, daha doğrusu xəyanət hesab edilən bir sıra məqamlar var. O cümlədən özünün və ailəsinin şəxsi həyatı izlənmiş, onların bütün rəsmi və qeyri-rəsmi görüşləri, danışıqları, biznes rabitələri, hətta şəxsi həyatı lentə alınmış, hər gün gördükləri işlərin dosyesi toplanaraq İsrailə təqdim edilmişdir. Bundan əlavə məlum olur ki, Qafqazda İsrail və Ərəbistanın yaratdığı vəhhabi koordinasiya mərkəzi bizim nazirliyin nəzdində yerləşir. Çeçenistanda, Dağıstanda, Gürcüstanda gedən bütün proseslərin beyin mərkəzi, maliyyə təchizat özəyi və koordinasiya mərkəzləri Azərbaycandadır. Bu vaxta qədər yüzlərlə, bəlkə minlərlə saxta pasportlar Rusiya və digər ölkələrin vətəndaşlarına verilmiş və onların İraqa, Suriyaya ötürülməsində Azərbaycandan tranzit ölkə kimi istifadə edilmişdir. Bundan əlavə, ölkə daxilində gizli hərbi birləşmənin yaradılmasında Təhlükəsizlik Nazirliyinin imkanlarından istifadə edilmişdir. Əlbəttə, Azərbaycanın iqtisadi çarxını dayandırmaq, ölkəni iqtisadi cəhətdən həmişə ehtiyclı vəziyyətə gətirmək, digər ölkələrin mallarının satış bazarına çevirmək üçün bilərəkdən iqtisadiyyata ağır zərbələrin vurulması, iş adamlarının incidilməsi, məqsədyönlü şəkildə işlərin dayandırılması və sair hallar misal göstərilə bilər. Bütün bunlar prezidentə açıqlanmışdır.
Mətbuatdan da aydın olduğu kimi prezident Qazaxıstandan qayıtdıqdan sonra istirahət günü olmasına baxmayaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi və naziri təcili işdən çıxardı. Demək olar ki, hal-hazırda Milli Təhlükəsizlik Nazirliyi öz funksiyasını həyata keçirmir və hətta dövlət çevrilişinə məruz qalmış bir ölkə kimi sözü gedən nazirlik yenidən formalaşdırılır.
İsrailin sabiq xarici işlər naziri, “İsrail bizim ev” partiyasının lideri Aviqdor Libermanın ölkəmizə məlum səfəri də məhz prezidenti nəzərdə tutduğu tədbirlərdən daşındırmaq məqsədi daşıyırdı. Məlum görüşün nəticələri hələ dəqiq məlum deyil. Ölkə prezidentinin hələ nə dərəcədə onların qəzəbinə, təhdidinə cavab verməsi və bu işi nə qədər davam etdirə bilməsi ayrı bəhsin mövzusudur. Məlum olan budur ki, ölkə prezidenti İsrailin hədələrindən ciddi narahatlıq hissi keçirir, ölkədə ciddi böhranların yaranacağına ehtimal verir və problemin haradan başlayacağını dəqiq müəyyən edə bilmir. Ölkə demək olar ki, fövqəladə vəziyyətdə idarə edilir. Burada qeyd etdiyimiz gizli struktur yenə öz fəaliyyətinə başlayır və ölkə prezidentinə dırnaqarası mühüm məsləhətlər verilir.
Əgər Rusiya dövlətinin sifarişi olaraq ölkənin Milli Təhlükəsizlik Nazirliyi dağıdılıb və İsrailin buradakı casus şəbəkəsinə güclü zərbə vurulubsa, bunun qarşısında onlara da bir pay vermək lazımdır. Yəni Qərbin, Amerikanın, İsralin qəzəbini soyudacaq bəzi işləri görmək lazımdır. Məlumdur ki, burada konkret təkliflər verilir və İsraili, Qərbi nisbətən sakitləşdirəcək bəzi tədbirlərin görülməsi təklifi irəli sürülür. Bu məsələlərlə yaxından maraqlanan hər bir şəxs gözəl bilir ki, İsrailin ölkəmizdə görəcəyi işlər sırasında İrana zərbə vurmaq, cənub qonşumuzun mənafelərini sarsıtmaq kimi mühüm məsələlər var. Elə görüntü yaradılmalıdır ki, sanki ölkədə İrana qarşı ciddi tədbirlər həyata keçirilir. İranın mənafeyinə zərbə vurulur, daha doğrusu Azərbaycanda İran əleyhinə müharibə aparılır. Bu məqamda belə bir sualla qarşılaşırıq: Belə bir tədbir Azərbaycanın hansı bölgəsində daha effektiv olar və diqqəti daha çox cəlb edər? Təbii ki, İranın daha çox nüfuzu olan bölgəsi seçiləcək. Kimdən soruşsanız, Nardaran qəsəbəsini göstərəcək. Deməli, Nardaranda hadisə törətmək lazımdır. Bu hadisəni geniş şəkildə bütün dünya ictimaiyyətinə göstərmək və bildirmək lazımdır ki, biz İran-Rusiya ittifaqının nüfuz dairəsindəyik, hətta İrana müharibə elan eləmişik. Beləliklə də, İranın bütün mənafelərinə zərbə vururuq və ciddi tədbirlər həyata keçiririk. Nardaranın özünə gəldikdə mövcud zaman və şəraitdə bu məntəqədə ciddi bir problem yoxdur. Məsələn, hökumətə qarşı çıxan qüvvələr yoxdur, hər kəs öz həyatını yaşayır və dövlətin siyasətinə qarşı çıxan hər hansı bir təşkilat, ya fərd nəzərə çarpmır. Demək, hansısa ciddi bir adamı Nardaranla əlaqələndirmək, orada məskunlaşdırmaq və hadisə törətmək zərurəti meydana çıxır. Məsələn, dövlətin ciddi probleminə çevrilən Tale Bağırov iki dəfə həbs olunub, hər dəfə həbsdən çıxdıqdan sonra daha sərt və aktiv şəkildə yenidən fəaliyyətə başlayıb, hökuməti qıcıqlandıracaq hərəkətlər, sərt çıxışlarla yadda qalıb. O, həmçinin, hökumətin dinə qarşı olan siyasətini sərt şəkildə tənqid edir, siyasi proseslərdə müxalifət cəbhəsinə yaxınlığı ilə tanınır. Bu qəbildən başqa məsələləri də qeyd etmək olar. Hökumətin onsuz da Tale Bağırovla bağlı gec-tez həll etmək istədiyi bir problem var. Tale Bağırov və onun yaratdığı təşkilat tamamilə təsirsizləşdirilməlidir. Necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq. Həm Tale Bağırov problemini həll etmək, həm də Nardaranda hadisə törətmək. Şübhə yoxdur ki, kimlərsə Tale Bağırovun çevrəsinə nüfuz etdi, dövlət tərəfindən ona gizli mesajlar ötürdü. “Sizi həbs etmək istəyirlər”, “şəhərdə qalacağınız təqdirdə sizə qarşı təxribatlar törədə bilərlər”, “ya ölkədən çıxıb getməlisiniz, ya da özünüz üçün daha əmniyyətli, təhlükəsiz bir yer seçməlisiniz” kimi təlqinlər edildi. Təbii ki, Hacını ətrafında olan insanların arasında nardaranlılar da var idi. İlk baxışdan adama elə gəlir ki, orada yerləşmək daha etibarlıdır və hökumət ən azından indiki şəraitdə Nardaranda problem yarada bilməz. Heç şübhəsiz, Hacı Talenin Nardarana getməsi, Nardaranda öz dostları ilə birgə qalması dövlətin öz siyasəti idi və məqsədyönlü şəkildə həyata keçirildi. Nəticədə özü də hiss etmədən Tale Bağırovu Nardarana yönəltdilər. Bununla da məlum hadisənin müqəddiməsi hazırlandı. (Bu barədə geniş danışmaq istəmirik!)
Mətbuatda, qeyd olunur ki, hökumət Hacı Tale Bağırovu həbs etmək üçün çağırış vərəqəsi göndərməmiş, heç bir sivil üsuldan həmçinin, ağsaqqalların, yaxın adamlarının, qohumlarının, din adamlarının vasitəçiliyindən istifadə etməmişdir. Hətta polis qüvvələri kəndə girəndə adi qaydada girməmiş, oranı mühasirəyə almamış, qarşı tərəfi təslim olmağa dəvət etməmiş və s. bu kimi üsullardan istifadə etməmişdir. Şübhəsiz ki, çox qanlı bir hadisə törədərək Hacı Tale həbs olunmalı və bununla da yaratmaq istədikləri görüntünün elementləri ardıcıl sıralanmalı idi. Burada polis işçilərinin ölümü də nəzərdə tutulmuşdu. Bütün incəliyinə qədər bu hadisə əvvəlcədən planlaşdırılmışdı.
Bir məqam diqqətdən yayınmır: Çox zaman dünyada cinayət hadisələri baş verir. Hətta bəzən quldur dəstəsi banka hücum edib insanları girov götürür və soyğunçuluq əməliyyatı həyata keçirir. Hadisə yerinə gələn polis işçiləri və dövlət məmurları ilk olaraq insanlara elan verir, yaxud cinayətkarlarla müzakirəyə başlayırlar. Amma Nardaran hadisələrində hətta cinayətkar, oğru, qan tökən vəhşi insanlara göstərilən münasibət inanclı insanlara göstərilmədi. Halbuki bu insanlar din-iman əhlidir, ağsaqqal eşidən, böyüyə, kiçiyə hörmət edəndirlər. Cinayətkar dəstə hadisə törədərkən hökümət qüvvələri ilk növbədə onlarla danışığa gedir və qan axıdılmasın deyə bütün tədbirlərdən istifadə edir. Bəzən güzəştə də gedirlər. İnsanların hadisə yerindən sağ-salamat çıxması üçün, hər cür şərait yaradırlar, hətta bəzən hellikopter gətirilir, maşınlar verilir ki, onlar hadisə yerindən uzaqlaşa bilsinlər. Nəticədə qan tökülməsin, itki olmasın. Hökümət ağır cinayət törədənlərlə rəftarı belə, inanc əhli olan bu insanlara qıymadı. Əməliyyat keçirirmiş kimi atəş açaraq hərəkət edilmişdir. İndiyə qədər əməliyyatın görüntüsünü belə ictimaiyyətə təqdim etməmişdir. Halbuki təbii olaraq çox mühüm hadisə baş verdikdə bu hadisə lentə çəkilib ictimaiyyətə təqdim edilir. Bütün bunlar olmamış və üstəlik hadisəyə şahid olan məntəqə sakinləri baş verənlərə lentə almaq istədikdə əllərində olan vasitələri onlardan almışlar.
Xülasə, yerli hökümət Rusiyanın sifarişi ilə ölkədə İsrailin uzun illərdir ki, qurub yaratdığı casusluq, yaxud Azərbaycan üçün idarəetmə şəbəkəsini dağıtmaqla Qərbi, Amerikanı, İsraili qəzəbləndiribsə, bunun kənarında sanki İrana hücum edib, ona bağlı insanlara atəş açaraq qanını töküb, din xadimlərini həbs edib, onlara qarşı geniş repressiyalara başlamaqla bir növ yaraladığı tərəfin yarasına məlhəm qoyur və bununla da öz balanslaşdırılmış siyasətini davam etdirir. Bir növ özünün İran-Rusiya ittifaqına qoşulma ittihamını bu tərzdə rədd edərək qarşı tərəfə bildirir ki, belə olsaydı biz heç vaxt İranın mənafeyinə zidd olan addım atmazdıq.
Amma bir nöqtəni qeyd etmək lazımdır ki, hökümətə bu tövsiyəni edən İsrail tərəfindən prezidentin ətrafında yerləşdirilmiş müşavirlər ilk növbədə İran-Azərbaycan münasibətlərinə ağır zərbə vurmaq, eyni zamanda son zamanlar ifşa olunmuş böyük vəhhabi-sələfi mərkəzinə fürsət vermək marağı güdür. Artıq onların mərkəzləri və onları idarə edən insanlar tanınıb. Hökümətin onlarla məşğul olmasına maneəçilik törədirlər. Bir növ onlara fürsət yaradırlar ki, hökümət üçün çox ciddi problem yaradaraq, diqqəti ayrı yerə yönəltsinlər. Onlar bu günə qədər görülən işləri qorumaq üçün lazımi yerdəyişmələri etməyi bacarmalıdırlar. Ölkədən qaçmaq istəyəndə qaça bilməli, ölkənin maliyyə mərkəzləri öz imkanlarını dəyişməlidir. Bu günə qədər vəhhabilərə məxsus torpaq sahələri, ticarət mərkəzləri, bankda olan pullar, avadanlıqlar, silah-sursat, sənədlər və gördükləri işlərlə bağlı sənədlərin saxlanıldığı arxivlərin hər birinin yeri dəyişdirilməlidir. O təşkilat onlara bu fürsəti yaradıb. Zahirdə güya prezidentə İsrail üçün görüntü hazırlanıb, əslində isə vəhhabilər üçün əlverişli fürsət yaradıblar ki, bu fürsətdən istifadə edib daha az zərbə almaq üçün əlverişli şərait yaransın. Təəssüflər olsun ki, ölkə başçısı səhv addım ataraq öz vətəndaşlarını, hətta öz polislərini qurban verməklə qeyd etdiyimiz məkrli siyasətin həyata keçməsinə razılıq verir. Görünür mühüm bir hadisə baş verməsə və ya ayrı bir fövqəladə vəziyyət meydana gəlməsə bu siyasət genişlənəcək və tutulanların sayı çoxalacaq. Nəticədə sözü gedən görüntünü təkmilləşdirmək üçün daha çox hadisələr meydana gələcək.

T.İ.

Комментариев нет:

Отправить комментарий