13.12.2015

Ümid etmə və qorxma

Mətləb Ağa

“Heç bir şeyə ümid etmirəm, heç bir şeydən qorxmuram.  Azadam.”
Şərq Ortodoks kilsəsinin cənazəsinin qəbristanlıqda basdırılmasına icazə vermədiyi və bu səbəbdən də doğma Yunanıstanın  Krit adasındakı Venesiya istehkamlarının qala bürclərinin birinin altında dəfn edilən Nikos Kazancikisin başdaşına elə belə də yazılıb. 
Qəbrinə yaxın bir yerdə yerləşən kilsənin üzərində isə, Kazancakisin başdaşında həkk olunmuş bu sözlərə kinayə edircəsinə, “inanc, sevgi və umid” kəlmələri sıralanıb.
Amma, yəqin ki, indi  artıq  kimin kimə- kilsənin Kazancakisə, ya da Kazancakisin arasının heç də yaxşı olmadığı bu xristian təsisatına  ironiya etməsinin elə bir əhəmiyyəti də yoxdur. 
1957-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını bir səslə fransız yazıçısı və filosofu Albert Kamyuya  uduzan və həmin il də Almaniyada ölən Kazancakis barədə  Kamyu:- “O, bu mükafata  məndən yüz dəfə daha çox layiq idi” demişdi. 
 Nikos Kazancakis 1883-cü ildə o dövrdə hələ Osmanlı idarəçiliyində olan Kritdə, Yunanıstanın bu ən böyük adasının və 13-cü vilayətinin paytaxtı İraklionda  doğulub. 1906-cı ildə  Afina Universitetinin hüquq fakültəsini bitirib Parisə gedib  və orada fəlsəfə öyrənməyə  başlayıb. Sonralar öz həyat fəlsəfəsinə çevirdiyi “ümid etməyən və qorxmayan” insan anlayışının  kökündə  də ilk dəfə Parisdə tanış olduğu Nitsşe fəlsəfəsinin prinsipləri dayanırdı.
Buddaya və Vladimir Leninin inqilabçı şəxsiyyətinə heyranlığını heç vaxt gizlətməyən Kazancakis 1920-ci illərin əvvələrində Rusiyada olanda despot Stalinin hakimiyyət olimpinə irəliləmə üsullarını  öz gözlərilə müşahidə edib birdəfəlik kommunizm ideallarından uzaqlaşır.
Yazıçı 1945-ci ildə sol istiqamətli kiçik bir siyasi partiyanın sədri kimi Yunan hökumətində hətta nazir də olmuş, 1 il sonrasa vəzifəsindən istefa vermişdi. 
Kazancakisin  ilk romanı və “magnum opus”u (latınca- “böyük iş”) 1946-cı ildə nəşr edilmiş “Aleks Zorba”dır. (Bu roman əsasında yunan rejissoru Mihalis Kakoyannisin 1964-cü ildə səhnələşdirdiyi, ortaq ABŞ, İngiltərə və Yunanıstan istehsalı üç Oskarlı eyni adlı Hollivud filminin də kitab qədər məşhur olması inkaredilməzdir.)
İnsan sevgisiylə dolu olan romanda Kazancakis Zorbanın diliylə yazır: - “Qonşumuz yaşlı bir türk olan Hüseyn Ağa çox yoxsuldu, arvadı, uşaqları da yoxdu... Bir gün məni dizlərinə aldı;  əlini başıma qoydu; Aleks dedi, “Bax, sənə bir şey söyləyəcəyəm, kiçik olduğun üçün indi anlamayacaqsan, böyüyəndə isə anlarsan. Dinlə oğlum, Tanrı yeddi qat  göylərə və yeddi qat yerlərə yerləşməz, amma insanın qəlbinə yerləşər,  buna görə də, ağlını başına topla Aleks, heç bir zaman insan ürəyini yaralama.” 
Kazancakisin  yaradıcılığında xristianlıq, marksizm və buddizm fəlsəfələrinin  təsiri və bu üç ideologiyanın sintezi ön plandadır.
Başdaşında yazılan sözlər Kazancakisin həmişə inandığı və oxucularını da inandırmaq istədiyi həyat fəlsəfəsidir. Kazancakis insanları ümid və qorxudan azad olmağa çağırır:- “Ümid etməkdən və qorxudan uzaqlaşsaq, ruhumuzu da xilas etmiş olarıq.”
İkinci arvadı və ölənə qədər ayrılmadığı Eleni Samiouya ünvanladığı bir məktubda yazırdı: “Yer üzündə hər şey çox gözəldir... Ümid və qorxudan uzaq, bütün ehtiraslardan təmizlənmiş, səssiz və dərindən, özümü bu dünyanın ixtiyarına verirəm.”
Dərc olunan kimi dərhal Roma Katolik kilsəsi tərəfindən lənətli kitablar siyahısına əlavə edilmiş “Günaha  son çağırış” (The Last Temptation of Christ, hərfi tərcüməsi “İsanın son nəfsi”) ”Qorxmamaq və ümid etməmək” adlı həyat fəlsəfəsini büsbütün açmaq üçün kifayətdir. Kazancakis birinci dəfə bu romanı 1953-cü ildə çap etdirib.
Yazıçı özü “Günaha son çağırış” barədə deyirdi: “Bu bir xəyali hekayə deyildir; mübarizə aparan hər bir kəsin etirafıdır.”
Mənim bu qeydlərim də elə “Günaha son çağırış” haqqındadır.
Daha doğrusu, rejissor Martin Skorsezenin 1988-ci ildə ABŞ-da dram janrında çəkdiyi eyni adlı film haq-qında. (Söz gəlişi, “İsanın son nəfsi”ni ekranlaşdıran Skorseze nədənsə həyatda öz nəfsinə sahib çıxa bilməyib- bu il 73 yaşı olacaq məşhur rejissor artıq beşinci evliliyini yaşayır.)
Filmin ssenari müəllifi  Paul Şreyderdir. Radikal xristianlar ekran variantını da roman kimi  bütün dünyada şiddətli etirazlarla qarşılamışdılar.
İsanı müqəddəs, qeyri-adi bir varlıq kimi təqdim edən İncildən fərqli olaraq film onun adi bir insan kimi zəif cəhətlərini, qorxularını, ümidlərini və tərəddüdlərini göstərir. 
Kadrlar kitabdan götürülmüş iqtibasla başlayır: “Bütün sevinc və dərdlərimin mənbəyi ürəyimlə bə-dənim arasındakı sonu gəlməyən o amansız mübarizə  ol¬muşdur və ruhum da bu iki ordunun qarşılaşıb döyüşdüyü bir meydandır.” 
Filmi daha yaxşı anlamaq üçün  bu sözləri yadı-mızda möhkəm saxlayaq.
Başlanğıcda İsa yuxudan ağrı-acıyla oyanır:-”Tanrının məni sevdiyini bilirəm. Ancaq Onun mənə nifrət etməsini istəyirəm. Bu acıya dayana bilməyəcəyəm. Başqa birini seçməsini istəyirəm.”  Oyanır və yola düşməzdən  qabaq anası Məryəm İsaya ”Şeytandan qurtulmağın çarəsi var” dediyində İsa anasını:-  “Tanrıdan qurtarmaqsa mümkün deyil”deyə cavablandırır.
Növbəti səhnələrdə İsa fahişəxanaya gedir, sevdiyi Məryəm Maqdalinanın yataqda bir çox başqaları ilə münasibətlərini öz gözləri ilə görür. Hamıdan sonra Məryəmin yanına gəlir, ondan bağışlanmasını istəyir, qadının yaxınlıq təklifinə “yox” cavabını verir və Məryən onu “Sən də başqaları kimisən. Sən bir zavallısan, ancaq bunu etiraf etməyə gücün çatmır. Sənə nifrət edirəm. Anana sığına bilməyəndə gəlib mənə sığınırdın, indi isə Tanrıya sığınırsan. İndi də çölə ona görə gedirsən ki, qorxursan, gizlənmək istəyirsən” sözləriylə acılayır.
Ordan çıxıb monastra gəlir. İsanı qapıda qoca bir rahib qarşılayır və onu tanıdığını, içəri otaqda ölülərinin olmasını bildirir. İsa səhər ortada uzadılmış meyiti görüb “bu qoca gecə məni qarşılamışdı” söylədiyində gənc rahib “o, səni qarşılaya bilməzdi, çünki o, həmin vaxt ölü idi, səni onun ruhu qarşılayıb” deyir. Gənc rahib İsaya -“ruhun sənə görünməsi Tanrının səni seçdiyinə işarədir” dedikdə, İsa hər şeyi “Mən Tanrının nə istədiyini bilirəm, o, məni uçurumdan aşağı atmaq istəyir. Mən yalançıyam, qorxağam, bir qadın gördüyümdə onu arzulayıram, ancaq ona əlimi toxundura  bilmirəm.Mənim Tanrım qorxudur.Ürəyimə baxsan, sadəcə qorxu görərsan” deyib inkar edir. Gənc rahib İsadan ayrılanda “İnsanları sevirsənmi?”- soruşur və “Onlara baxıram və üzülürəm” cavabını eşidəndə İsaya son sözü -“Bu, bəs edər” olur.
İsa tərəddüdlərlə geri dönüb insanlara sevgidən, ədalətdən, bir-birlərini sevmələrinin vacibliyindən  danışır. Lakin tezliklə yenə də qorxuları və ümidləri onu haqlayır. Sonra İsa çölə gedir və orada torpağa bir dairə çəkib Tanrıya müraciət edir: -“Mənimlə danışana qədər burda qalacağam, hansı yolu göstərsən onunla da gedəcəyəm. Sevgi, ya da balta”. 
Birinci ilan görünür və İsaya “Mən sənin ruhunam.Sən dünyanı qurtarmağa çalışırsan. Dün¬yanın qurtarılmağa ehtiyacı yoxdur. Sevgini axtar və tap”- deyir. Sonra Şir peyda olur və - “Mən sənin ürəyinəm. Sən Tanrı deyirdin, ancaq əslində hakimiyyət istəyirdin” dediyində İsa yəqin ki, həqiqəti eşitdiyindən qeyzlənir.Növbəti dəfə İblis ortaya çıxır və təhrikedici sözlərlə İsanı Tanrının tək oğlu adlandırır. Şeytan qeyb olur və İsanın dairəsinin lap yanında alma ağacı bitir, İsa tamahını saxlamır  və bir alma dərib yeyir, ağzı qanla dolur. Dişlədiyi almanı təzədən görünən İblisə atır.Torpaqdan götürdüyü baltayla ağacı baltalayır. 
Və o gündən hər şey dəyişir. Əvvəllər insanlara sevgidən danışan İsa indi möcüzələr göstərib onları inandırmağa çalışır. Başqa heç nə.Yalandan uydurur ki, Tanrı çöldə onunla söhbət edib. Əslində isə o, çöldə ancaq İblislə görüşmüşdü.
Getdiyi məbəddə  nifrətlə dolu çıxış edir :-“Üç gün ərzində buranı uçurmağa qayıdacağam, mən sülh üçün yox, qılıncla gəldim”.
Tərəfdarlarını məbədi dağıtmaq üçün qızışdırır, özünü Tanrı adlandırır, Roma əsgərlərini görəndəsə qorxub qaçır. İudanı özünü  satmaq üçün göndərir :-“ Mən öləcəyəm və üç gün sonra zəfərlə geri dönəcəyəm.” İuda onu satmalı olduğunu  bilib ağlayır və gedir, İsa isə təkliyə çəkilib Tanrıya “ölmək istəmirəm, başqa bir yol yoxdurmu?” deyə yalvarıb qorxudan göz yaşı tökür.
 İuda İsayla söhbətində peyğəmbəri qınayır: “-Hər gün bir qərar dəyişdirirsən, əvvəl sevgi deyirdin, sonra döyüş, indi də ölümdən danışırsan.” 
İudanın bələdçiliyilə gələn Roma əsgərləri İsanı tutub aparır, Ponti Pilatla söhbətindən sonra çarmıxa çəkirlər.Bu anlarda maraqlı bir səhnəyə baxırıq: Anası Mər¬yəm ağlayır, Məryəm Maqdalina susur və qəmgindir, digər qadınlarsa İsanın çarmıxa çəkilməsinə sevinir, gülür və onu hədələyirlər. İsa əzablar içində qıvrıldığında çarmıxın dibində özünü onun qoruyucu mələyi adlandıran məsum görünüşlü yeniyetmə bir qız peyda olur, İsaya “Tanrının mərhəmətli olduğunu, onun qanını istəmədiyini, İsanın yoldaşlarının qorxub qaçdığını” bildirib İsanı çarmıxdan endirir.
 İsa yenidən həyata dönür, Maqdalinayla evlənir, lakin az keçmir ki,  Məryəm ölür. özünü İsanın qoruyucu mələyi adlandıran yeniyetmə qız İsaya məsləhət verir: -“Dünyada sadəcə bir qadın vardır, bir sürü üzü olan tək bir qadın. Bir dənəsi gedər, yenisi gələr… sadəcə üzləri fərqlidir. Məryəm öldü, əvəzində başqa Məryəm var -Lazarın bacısı, onunla evlən, qarnında sənin uşağını daşıyır.” İsa yenidən evlənir və bir-neçə uşağı olur. Yeniyetmə qızın təhriki ilə arvadı Məryəmin bacısı ilə də yatır. Bu qədər alçalır. Tanrını həmişə yalnış yerdə axtardığını düşünən İsa adi bir insan ömrü yaşayır, qocalır və bir gün yeniyetmə ona deyir: “-Artıq getməliyik, yaşlanmısan, ikimizin də vəzifəmiz tamamlandı.”
İsa uzanıb ölümünü gözləyir. Bu vaxt İuda gəlir və İsanı qorxaqlıqda təqsirləndirir :- “Səni çarmıxa Tanrı yerləşdirmişdi, dünya  ovcumuzdaydı, sənsə qorxub qaçdın.” İsa  özünü müdafiə edir: “-Tanrı məni qurtarması üçün qoruyucu mələk göndərmişdi.” İuda qapının ağzında dayanmış qıza işarəylə:-“Nə mələk, bir ona bax, o İblisdir. Sən Tanrıya arxa çevirdin, adi bir insan kimi yaşadın, adi bir insan kimi də öl” deyə İsanı lənətləyir.
İsa  görür ki, doğrudan da uzun illər boyu özünü qoruyucu mələk adlandıran və böyründən əl çəkməyən qız çöldəki İblisdir. Başa düşür ki, bu qədər vaxt ərzində ruhu nəfsinin əsiri olub. İblis ona yenə mane olmaq istəsə də, İsa ovuclarından qan axa-axa sürünüb artıq alovlar içində olan Qüdsün göründüyü təpəyə çatır və oradan Tanrıya müraciət edir: “-Tanrı, mənə qulaq as, məni bağışla, məni geri apar, çarmıxa çəkilib yenidən doğulmaq istəyirəm, Sənin üçün yetərincə mübarizə etmədim” deyib Tanrıdan onu çarmıxa çəkildiyi günə qaytarmasını istəyir. 
Tanrı İsanı həmin günə, çarmıxa  qaytarır, İsasa olanları bu dəfə “gərəkən oldu” nidasıyla razılıqla və gülümsəyərək qarşılayır.
Qarşılayır və bizim Nikos Kazancakisin romanından öyrəndiyimiz -“Ümid etməyin və qorxmayın” fəlsəfəsinin gücü ilə yenidən doğulur.

Комментариев нет:

Отправить комментарий