02.12.2015

Kreditlərinizi ödəməyin – Hüquqşünas məsləhəti

Söhbət vaxtı keçmiş kreditlərdən gedir

Banklarımızın məşhur fırıldaqlarından biri də gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulmasıdır.
Məsələn, vətəndaşın banka 5000 manat əsas borcu qalıb. Ayda 250 manat ödəməlidir: 200 manat əsas məbləğ, 50 manat da faiz. Vətəndaş 3 aydır ki, borcunu ödəyə bilmir. Yəni 750 manatı gecikdirir. Həmin borcun 600 manatı əsas borc, 150 manatı isə faiz borcudur. Kredit müqaviləsində yazılıb ki, hər gecikdirilən günə görə bank 1% cərimə tutacaq. Yəni bank ona artıq 450 manat cərimə hesablayıb.
Vətəndaş qohum-tanışından 750 manat borc götürür və banka ödəyir. Düşünür ki, ödədi. Lakin bank həmin məbləğin 450 manatını cərimə kimi tutur. Qalan 300 manatın 150 manatını faiz borcu kimi tutur. Yalnız 150 manatı əsas borcun ödənilməsi kimi qeyd edir. Nəticədə vətəndaşın əsas borcu 4850 manat olur. Bankın ödəniş qrafikinə görə isə 4400 manat olmalı idi. Buna görə də bank 450 manatı (cərimə kimi tutduğu məbləği!) gecikmə kimi nəzərə alır və həmin məbləğə yenə də cərimə hesablamağa başlayır.
Əlbəttə, bu gedişlə vətəndaş ömrünün axırına kimi banka borclu qalacaq! Lakin bunu bilmir! Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir də. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə bir təhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Onda başa düşür ki, borcun tam və ya xeyli hissəsinin ödənildiyini zənn edir, bank isə ona: “Nə danışırsan, sənin bizə hələ filan qədər borcun qalıb?!” deyir.
Nə etməli? Əvvəla, onu deyim ki, kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki ona faiz hesablanır. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!
Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin! İndiyədək etdiyiniz ödənişləri ilkin ödəniş qrafiki ilə tutaşdırın! Sizi əmin edirəm ki, əksəriyyətiniz ciddi fərqlər tapacaqsız. Özünüzü aldatmağa qoymayın!
Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin! Qoy bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Əvvəla, ona görə ki, məhkəmədə bankın yol verdiyi qanun pozuntularını mübahisə edə bilərsiz. Məsələn, faizlərin qanuna zidd olaraq ildə bir dəfə deyil, ayda bir dəfər tutulmasını, ödənişlərinizdən ilk növbədə cərimənin tutulmasını və s. Digər tərəfdən isə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alın: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək. Düzdür, ödənişlərinizdən ilk növbədə dəbbə pulunun tutulmasının qanunsuz olduğunu yenə də sübut edə bilərsiz, amma hər halda bu, daha çox səy və vaxt tələb edir.
Onu da nəzərə alın ki, banklar indi problemli kreditlərin içində batır. Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər. Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq. Buna görə də haqqınızı tələb edin! Cərimələri silməyincə, sizdən onları tutmadıqlarına əmin olmayınca, kreditləri ödəməyin! İrəli!
P.S. Onu da deyim ki, əslində gecikdirilmiş məbləğdən ilk növəbdə faizlərin, sonra isə əsas borcun tutulması da düzgün deyil. Qabaqcıl dünya təcrübəsinə də ziddir. Əvvəllər bizim Mülki Məcəllə də bunu qadağan edirdi. Belə ki, Mülki Məcəllənin 440.4-cü maddəsində deyilir: “Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir”. Yəni əvvəlcə əsas borc, sonra faizlər ödənilir. Lakin təəssüf ki, Konstitusiya Məhkəməsi 27 dekabr 2002-ci il tarixli Qərarı ilə bu maddəni qüvvədən salıb. Acınacaqlı hal odur ki, həmin Qərarın əsaslandırma hissəsində yalnız müddəadakı birinci növbədə məhkəmə xərclərinin tutulmasının Konstitusiyaya zidd olduğu vurğulanır və bu düzgündür. Lakin hansısa anlaşılmazlıq (yəqin ki, diqqətsizlik və texniki səhv!) nəticəsində müddəanın məhz həmin hissəsi deyil, maddə tamamilə qüvvədən düşmüş hesab edilib. Nəticədə banklar bundan yararlanaraq Mülki Məcəllənin 432.4-cü maddəsinə (“Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.”) əsaslanaraq faiz borcunu əsas borcdan əvvəl tutur.
Bununla belə, ümid edirəm ki, yaxınlarda bu ədalətsizlik də aradan qaldırılacaq. Belə ki, alman professoru Krebslə mənim birgə hazırladığımız Mülki Məcəllənin 37-ci fəslinin (“Borc”) yeni layihəsində bu məsələ qabaqcıl dünya təcrübəsinə uyğun tənzimlənib. Hazırda həmin layihə hökumətin baxışındadır. Ümid edirəm ki, bu qanun layihəsi tezliklə qəbul ediləcək. Yaxınlarda layihə haqda ətraflı məlumat verərəm.

Hüquqşünas Ekram Babayev              elchi.az

Комментариев нет:

Отправить комментарий